Prezident: "Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir"

Prezident: "Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir"
27 Oktyabr 2020
Mətni dəyiş

"Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq. Ona görə ki, ilk iki atəşkəs məhz Ermənistan tərəfindən pozulub. Humanitar mülahizələrə əsaslanan birinci atəşkəsdən sonra 24 saat ərzində Ermənistan atəşkəsi pozdu. Özü də vəhşicəsinə, gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmaqla. Birinci atəşlər nəticəsində 10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha bir dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qurbanların sayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində deyib.

"İkinci atəşkəsə gəldikdə isə bizdə atəşkəsin Ermənistan tərəfindən pozulmasının xronologiyası var. Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat 08.00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat 10.00-dır. Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz adekvat cavab verməyə məcbur olacağıq", - dövlət başçısı əlavə edib.

Prezident bildirib ki, Ermənistan danışıqlar prosesini hər vasitə ilə pozmaq istəyirdi. Ermənistanın yeni hökuməti dəfələrlə bəyan etmişdi ki, baza prinsipləri ondan ötrü qəbuledilməzdir, o, işğal edilmiş ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmır.

"Bu isə baza prinsiplərinə ziddir. Baş nazir bəyan edirdi ki, Azərbaycan danışıqları Ermənistan ilə deyil, qondarma “Dağlıq Qarabağın” rəhbərləri ilə aparmalıdır. Bu, həm bizim üçün, həm də ATƏT-in Minsk qrupu üçün qəbuledilməz idi. Baş nazir, həmçinin bəyan edirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bununla da o, danışıqlar prosesini tamamilə pozmuş oldu. Son bir ildə praktiki olaraq, danışıqlar aparılmayıb və Ermənistan bunun təqsirini bizim üzərimizə yıxmaq üçün üç dəfə təxribat cəhdi göstərdi - iyul ayında sərhəddə, avqust ayında təxribat qrupu göndərildi və sentyabr ayında bizim dinc şəhərlər atəşə tutuldu. Onlar yəqin düşünürdülər ki, biz bu dəfə də təmkin göstərəcəyik, lakin belə olmadı. Biz onlara elə cavab verdik ki, indi onlar təəssüflənirlər", - deyə ölkə başçısı əlavə edib.

Prezidentin sözlərinə görə, konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur.

“Prinsip etibarilə bu yanaşmalar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır, həmin qətnamələr də praktiki olaraq, bunu tələb edir. Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bizə qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik”, - ölkə başçısı qeyd edib.

O qeyd edib ki, hesab edirəm ki, İtaliya münaqişənin nizamlanması işində çox mühüm rol oynaya bilər. Qeyd etməliyəm ki, Minsk qrupu yaradılan vaxt, çoxdan, təqribən 30 il bundan əvvəl bu Minsk qrupunun rəhbəri məhz İtaliya nümayəndəsi, italiyalı diplomat idi. Bu, həmsədrlər təsisatı yaradılandan əvvəl idi".

"Həmsədrlər təsisatı yaradılandan sonra Minsk qrupu, əslində, ölkələr qrupu kimi heç bir fəaliyyət göstərməyib, çünki həmsədrlər bu fəaliyyəti özlərinin inhisarına götürüblər. Bunun nəyə gətirib çıxardığını görürük. 28 il ərzində heç bir irəliləyiş olmayıb, heç bir nəticə yoxdur, yalnız vədlər, yalnız bürokratik prosedurlar var və bu gün bizə belə gəlir ki, əslində, həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlmişdi. İtaliyada mövcud olan modelə gəldikdə isə biz onu öyrənmişik. Biz Aland adaları modelini, muxtar qurumların digər uğurlu təcrübələrini də öyrənmişik. Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli dövlətdir. Yəqin siz bilirsiniz, Ermənistanda əhalinin 99 faizi ermənilərdir. Buna görə çox müsbət olan bu özünüidarə təcrübəsi bizim halda da tətbiq edilə bilərdi. Yeri gəlmişkən, mənim bildiyimə görə 1990-cı illərin ortalarında bu cür təkliflər olub. Hətta qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, politoloqlardan ibarət qruplar sizin ölkəyə də, haqqında danışdığınız regiona da, Aland adalarına da səfər edirdilər. Lakin Ermənistan bunu həmişə qəti surətdə rədd edirdi. Onlar hesab edirdilər ki, dünyanın aparıcı ölkələrinin hərbi, siyasi, iqtisadi dəstəyinə güvənərək bizim əraziləri əbədi işğal edə biləcəklər, lakin onlar kobud səhv edirdilər. Bu gün biz özümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk və beynəlxalq hüququ bərpa edirik", - dövlət başçısı əlavə edib.

Prezident bildirib ki, əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib.

“Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar”, - ölkə başçısı qeyd edib.

Son olaraq prezident əlavə edib ki, bu bir ay ərzində mən, demək olar ki, hər gün xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə ünsiyyətdə oluram və Azərbaycan xalqına öz müraciətlərimdə bizim mövqeyimizi həmişə dəqiq şərh edirəm".

"Biz Qarabağ regionunun, – təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ Azərbaycanın böyük bir hissəsidir, - gələcəyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimi görürük. Bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, tərəflərin qarşılıqlı xoş məramı olsa buna nail olmaq mümkündür. Ona görə ki, axı, bu gün Bakıda və Azərbaycanın digər şəhərlərində minlərlə erməni yaşayır. Həm Rusiyada, həm də Gürcüstanda azərbaycanlılar və ermənilər biznesə malikdirlər, qarışıq ailələr var. Buna görə də düşünürəm ki, barışıq mümkündür, sadəcə, Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir. Əgər belə olsa biz öz investisiyalarımızla və ölkənin yenidən qurulması üzrə təcrübəmizlə bu regionu dünyanın ən firavan regionlarından birinə çevirə bilərik. Lakin bundan ötrü müharibənin nəticələri aradan qaldırılmalıdır. İşğal aradan qaldırılmalıdır, azərbaycanlılar əsrlərboyu yaşadıqları torpaqlara qayıtmalı və erməni əhali ilə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar. Bu, asan olmayacaq, buna vaxt lazım gələcək. Lakin Avropa ölkələrinin vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə barışdığını bilirik – bugünkü qonşular o vaxt çox insanı qətlə yetiriblər. Lakin bu, daim yaddaşda yer tutmamalı, nifrət doğurmamalıdır. Erməni ideoloqları bu gün bununla məşğuldurlar. Xoş məram göstərilməlidir. Əgər belə olsa, mənim dediyim olacaq. Əgər olmasa, biz hər bir halda bu torpaqları qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır", -deyə Prezident əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun