Politoloqlar Cenevrə görüşünü şərh edir: “Hazırda döyüşlər iki strateji məntəqə uğrunda gedir”

Oktyabrın 29-u ATƏT-in Minks qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə Cenevrədə görüşü baş tutmalı idi, lakin Azərbaycan tərəfi görüşün bir gün sonraya təxirə salınmasını istəyib.

Abzas-a məsələni şərh edən politoloq Elxan Şahinoglu deyir ki, görüş təyin olunduqdan sonra Tərtərin, Bərdənin və ümumilikdə mülki əhalinin atəşə tutulmasından sonra Cenevrə görüşünün heç bir əhəmiyyəti qalmayıb.

Elxan Şahinoğlu

Onun sözlərinə görə Cenevre görüşündən ümumiyyətlə heç bir nəticə gözlənilmir.

“Nə danışacaqlar? Atəşkəs qərarı razılaşdırılıb, ancaq Ermənistan pozub, işğal olunmuş ərazilərimizi tərk etmirlər. Bərdənin vurulmasından sonra isə ümumiyyətlə Cenevrə görüşü doğru deyil. Sırf bu məsələlərə görə hətta görüş baş tutsa belə, hansısa nəticə verəcəyi inandırıcı deyil”, – deyə politoloq Elxan Şahinoglu bildirib.

Politoloq Şahin Cəfərli isə düşünür ki, bu təxirə salınmanın həm siyasi, həm də hərbi səbəbləri ola bilər.

Şahin Cəfərli

Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistanın hansısa güzəştlərə hazır olmadığını düşünüb, belə bir addım ata bilər.

“Azərbaycan prezidenti konkret şərtlər irəli sürüb ki, Ermənistan tərəfi əraziləri boşaltmalıdır və hansı rayonu, məntəqəni nə vaxt boşaldacağı ilə bağlı qrafik təqdim etməlidir. Görünür, Ermənistan bu şərtlərdən boyun qaçırır və Azərbaycan ona görə bu görüşü təxirə salıb”.

Siyasi şərhçi deyir ki, hazırda döyüşlər iki strateji məntəqədə, Xocavənd istiqamətində Qırmızıbazar və Laçın dəhlizi uğrunda gedir.

“Bu məntəqələrdən ikisindən birini və yaxud da ikisini eyni vaxtda Azərbaycan ordusu azad edərsə, bu, nəyinki Azərbaycanın danışıqlarda mövqeyini gücləndirəcək, hətta danışıqlarda şərt diqtə edən tərəfə çevirəcək. Xüsusən, dəhlizi itirdikdən sonra Ermənistanın müqavimət göstərməsi mümkün olmayacaq. Mən demirəm görüş sırf bunun üçün təxirə salınıb, ola bilər texniki məsələlər var. Amma bu da istisna edilmir”, – deyə politoloq Şahin Cəfərli bildirib.