Politoloq: 'Danışıqlar bitib artıq, müharibədə qalib gələn öz iradəsini ifadə edəcək'

Politoloq: 'Danışıqlar bitib artıq, müharibədə qalib gələn öz iradəsini ifadə edəcək'
24 Oktyabr 2020
Mətni dəyiş

“Dağlıq Qarabağda referendum olmayacaq. Biz heç vaxt bununla razılaşmayacağıq. Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Müstəqil bir Ermənistan dövləti var. Qarabağda isə mədəni muxtariyyət ola bilər. Bunu Avropanın inkişaf etmiş ölkələrində, insanların bələdiyyələrində və icmalarında müəyyən hüquqlara sahib olduqlarında görürük. Azərbaycanın hər yerində olduğu kimi, ölkəmizdə yaşayan ermənilər də bu cür təmaslarda ola bilər”.

Bu sözləri prezident İlham Əliyev Yaponiyanın Nikkei qəzetinə verdiyi müsahibədə deyib.

Prezidentin bu açıqlamasını şərh edən politoloq Zərdüşt Əlizadə deyir ki, illər əvvəl Azərbaycan Ermənistana Dağlıq Qarabağın statusu ilə bağlı öz təkliflərini verib. Onun sözlərinə görə, Ermənistan bütün bu təkliflərə arxa çevirib.

"Vaxtilə biz onlara Tatarıstan statusunu və başqa bir neçə nümunəni təklif etmişdik, ancaq onlar bunu istəmədilər. Tam müstəqillik istədilər. Biz isə buna razı olmadıq və beləliklə hər şey müharibəyə gətirib çıxardı. İndi çətin ki onlar hansısa status ala bilsinlər. Söhbət ondan gedir ki, Azərbaycan ordusu tam qələbə çalacaq. Danışıqlar bitib artıq, müharibədə qalib gələn öz iradəsini ifadə edəcək", - deyə politoloq Zərdüşt Əlizadə bildirib.

Politoloq Hikmət Hacızadə isə düşünür ki, prezidentin indi bunu ifadə etməsi çox tezdir. Onun sözlərinə görə, hətta fikir ədalətli olsa belə, onu indi demək bizim düşmənlərimizi daha ciddi vuruşmağa vadar edir.

"Kaş preizdent onu indi demiyəydi, nahaq deyib, zamanı deyil. Ermənistan indi daha ciddi vuruşacaq və beynəlxalq aləmə də bu fikirləri təqdim edəcəklər. Bu o deməkdir ki, biz erməniləri saya almayacağıq. Ümumilikdə isə əlbəttə, hansısa referendum olmamalıdır. Onlara hansısa formada güzəştlər tətbiq etmək olar, amma Azərbaycan qanunları çərçivəsində. Referendum olmamalıdır", - deyə politoloq Hikmət Hacızadə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun