Paşinyanın xahişindən sonra Rusiya XİN Ermənistana yardımın şərtlərini açıqlayıb

Rusiya müttəfiqlik öhdəliklərinə sadiqliyini təsdiqləyir və Ermənistan ərazisində döyüşlərin baş verəcəyi təqdirdə ona lazımi yardım göstərəcək, RF XİN-in məlumatında deyilir.

Bununla Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın müraciətinə reaksiya verib. Belə ki, bu gün Paşinyan yenidən Rusiya prezidenti Vladimir Putindən xahiş edib ki, Moskvanın Yerevana hansı yardımı göstərə biləcəyini müəyyən etmək üçün məsləhətləşmələrə başlanılsın.

Rusiya XİN xatırladıb ki, ölkələr arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə “bir-birinin ərazisində silahlı hücum təhlükəsi və təcavüz aktının olacağı təqdirdə konkret tədbirlər nəzərdə tutur”.

“Əgər hərbi toqquşmalar birbaşa Ermənistan ərazisinə keçirilərsə, Rusiya müqaviləyə uyğun olaraq Yerevana bütün lazımi yardımı göstərəcək”,- XİN-dən bildiriblər.