Pakistan müxalifəti hökümətə qarşı genişmiqyaslı etirazlara başlayıb

Pakistanın müxalifət partiyalarının tərəfdarları 2018-ci ildə ordu tərəfindən saxtalaşdırıldığı deyilən seçkilərdə qalib gələn baş nazir İmran Xanı devirmək məqsədilə kampaniyaya başlamaq üçün cümə günü Qujvanvala şəhərindəki stadionda toplaşıb.

Doqquz böyük müxalifət partiyası keçən ay hökumətə qarşı ümummilli təşviqata başlamaq üçün Pakistan Demokratik Hərəkatı (PDM) adlı ortaq bir platforma qurub.

Korrupsiya əleyhinə bir platformada hakimiyyətə gələn Xan ordunun onu dəstəklədiyini inkar edib və cümə günü deyib ki, o, müxalifətin liderlərinə qarşı korrupsiya ittihamlarının ləğv edilməsi üçün ona qarşı şantaj məqsədi daşıyan kampaniyalardan qorxmur.

Keçmiş baş nazir Nəvaz Şərifin qızı və siyasi varisi Məryəm Nəvaz Lahordan Qujvanvala yola düşərkən avtomobilin üstünə çıxaraq, bunları deyib “Biz bu yola qanunun aliliyi üçün çıxdıq. Mübarizəmiz ədalətsizlik, işsizlik və qiymətlərin artmasına qarşıdır.”

Nəvaz Şərifin Müsəlman Birliyi-Nəvaz (PML-N) Partiyası Pakistanın əsas müxalifət partiyasıdır.

Uzun müddətdir ordunun tənqidçisi olan Nəvaz Şərif 2017-ci ildə Ali Məhkəmə tərəfindən korrupsiya ittihamı ilə vəzifəsindən uzaqlaşdırılıb və keçən noyabr ayında müalicə üçün Londona gedib. O, generallar və hakimləri ona qarşı irəli sürülən saxta ittihamlarda günahlandırır.

Pakistanın güclü ordusu siyasətə qarışdığını dəfələrlə inkar edib.

Etiraz kampaniyası Pakistanın iqtisadi böhran yaşadığı bir vaxta təsadüf edir. Növbəti ümummilli seçkilərin 2023-cü ildə keçirilməsi planlaşdırılır.