Navalnı Kremlin onun Rusiyaya qayıtmasını önləməyə çalışdığını deyir

Navalnı Kremlin onun Rusiyaya qayıtmasını önləməyə çalışdığını deyir
19 Oktyabr 2020
Mətni dəyiş

Navalnı ABŞ-ın CBS televiziyasına oktyabrın 18-də bildirib ki, bir neçə aya geri qayıtmaqda və korrupsiya ilə mübarizəsini qaldığı yerdən davam etdirməkdə qərarlıdır

Rusiya müxalifətçisi Aleksey Navalnı deyir ki, Kreml onun Rusiyaya qayıtmasını önləmək üçün mümkün hər şeyi edir, amma o yenə də qayıtmağı planlaşdırır.

Navalnı ABŞ-ın CBS televiziyasına oktyabrın 18-də bildirib ki, bir neçə aya geri qayıtmaqda və korrupsiya ilə mübarizəsini qaldığı yerdən davam etdirməkdə qərarlıdır.

Müxalifətçi CBS News-un “60 Minutes” proqramına Berlindən danışıb. O, avqustda Noviçok qrupundan zəhərli maddəylə zəhərlənəndən sonra Almaniyada müalicə alır. Navalnı hər gün reabilitasiyaya getdiyini, “bədəni çevikliyini itirdiyindən” özünü “bir az kötük kimi” hiss etdiyini deyib.

Sinir qazı butulkanın üstündə olub

Müxalifətçi onu da deyib ki, butulkaya toxunmaqla zəhərlənməsinə inanır. Onun sözlərinə görə, sinir qazı butılkanın içində deyil, üstündə olub. Navalnının komandası ötən ay bəyan elədi ki, onun Tomskda oteldə qaldığı otaqdan götürülmüş su butulkası Almaniyaya aparılıb və onda sinir qazının izləri tapılıb.

Ötən həftə Avropa Birliyi və Britaniya zəhərlənmə insidenti ilə əlaqədar Rusiyanın altı aparıcı rəsmisi və bir qurumunun aktivlərini dondurub, onlara səyahət qadağası tətbiq edib.

Navalnı etiraf edib ki, Fransa və Almaniya Rusiya rəsmiləri və bir təşkilatına qarşı addım atılmasına rəhbərlik edib. O, Birləşmiş Ştatların oxşar addım atmadığını, amma belə etməli olduğunu söyləyib.

Rusiya Prezidenti Vladimir Putinin qatı tənqidçisi olan Navalnı onun zəhərlənməsi üçün Putinin məsuliyyət daşıdığını bir daha qeyd edib.

“Məncə, Putin kimyəvi silahdan həm məni öldürmək, həm də başqalarını qorxutmaq üçün istifadə edir”, – Navalnı vurğulayıb. Kremlin sözçüsü Dmitri Peskov isə deyir ki, Putinin zəhərlənmə üçün cavabdehlik daşıması iddiaları əsassız və qəbuledilməzdir.

Peskov AB və Britaniyanın sanksiyaları “Rusiyaya qarşı məqsədli ədavətli hərəkət” adlandırıb, Moskva ilə münasibətlərə zərbə vuracağını, qarşılıqlı addımlara səbəb olacağını deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun