Mərmi altında yaşayan Füzuli camaatı: “Hamımız evimizdəyik”

Mərmi altında yaşayan Füzuli camaatı: “Hamımız evimizdəyik”
21 Oktyabr 2020
Mətni dəyiş

"Hamımız evimizdə-eşiyimizdəyik. Müharibənin başladığı ilk gündən kənd camaatı, xüsusilə də kişilər buranı tərk etməyib. Sentyabrın 27-dən döyüşləri izləyirik. Ordumuzla fəxr edirik, inanırıq”, - Füzuli rayonunun Arayatlı kənd sakini belə deyir.

Hər gün cəbhəyanı bölgələrə atıılan mərmilər dağıntılara səbəb olur. Ancaq sakinlər öz yaşadığı yerləri tərk etmirlər. Digər cəbhəyanı rayonların sakinləri kimi Füzuli camaatı da müharibə başlayandan bu günə kimi öz evlərindədir. Arayatlı kənd camaatı deyir ki, onları döyüş bölgəsindəki uğurlar daha da ruhlandırır.

Mərmi düşəndə ətrafdakı evlərə də ziyan vurub.

Yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən üçü rayonun Arayatlı kəndinə düşüb. Kənd sakinlərinin məlumatına görə, mərmilərdən biri fərdi yaşayış evini tamamilə dağıdıb. Mərmi düşən zaman ətrafda yerləşən digər evlərə də ziyan dəyib, qapı və pəncərələr sıradan çıxıb. Digəri otlaq sahəsinə, üçüncü mərmi isə fermaya düşüb. Xoşbəxtlikdən, mülki əhali arasında xəsarət alan olmayıb.

Qədim Qarabağın müqəddəs ziyarətgahı dağılmayıb.

Bir müddət öncə Mədəniyyət Nazirliyi məlumat yaymışdı ki, mərmilərdən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən köhnə qəbiristanlığa düşüb. Nəticədə dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi Şeyx Babı türbəsinin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb. Kənd sakinləri bu xəbərin həqiqəti əks etdirmədiyini bildiriblər. Əlavə ediblər ki, münaqişədən öncə türbədə təmir bərpa işləri məqsədilə qazıntılar aparılıb. Ola bilsin ki, qazıntını görənlər abidənin dağıldığı qənaətinə gəliblər. Yerli əhali arasında Şıxbabı adı ilə də məhşur olan türbə 13-cü əsrdə memar Əli Məcidəddin tərəfindən inşa edilib. Adının Şeyx Babı Yaqub olması vaxtilə bölgənin tanınmış təriqət şeyxlərindən olan Yaqub ibn İsmayılın burada dəfn edilməsi ilə izah edilir. Abidə ətrafında arxeoloji qazıntı və bərpa işləri aparılsa da, hələ də tarixinin dəqiq öyrənilməsi üçün ərazinin tədqiqatına ehtiyac var. Ağ daşlardan hörülən türbə Əcəmi memarlıq məktəbinə aid olub, səkkiz güşədən ibarətdir.

Füzuli şəhərinin işğalı zamanı günbəz hissəsi dağıdılan türbə, 2011-ci ildə bərpa edilib. Həmin zaman abidə kompleksinin yaxınlığında torpaq altında qalan məscid və onun hücrələri aşkarlanıb. Məscidin minarələrindən yalnız biri günümüzə qədər gəlib çatıb. Digəri isə Rusiya-İran müharibələri zamanı dağılıb.

Şeyx Babi türbəsinin yeraltı yollar mifi...

Kənd sakinlərinin dediyinə görə, türbədən qonşuluqda yerləşən Əhmədalılar kəndinə və İrana gizli yol var. Düşmən hücumu zamanı bu yollardan təxliyə məqsədilə istifadə edilirmiş. Bu yolların, həm də azuqələrin və silahların daşınması üçün istifadə edildiyi ehtimal olunur. Türbə ətrafında tədqiqat işləri aparılmazdan əvvəl yerli əhali arasında rəvayət də dolaşıb. Həmin rəvayətə görə, burada mövcud olan tağlı qapılardan keçərək, yeraltı yolla Arazın cənubuna getmək mümkün olub. 2011-ci ildə aparılan restavrasiya zamanı isə həmin qapıların 13-14-cü əsrlərdə inşa edilən sərdabələrə, yəni həmin dövrün nüfuzlu ailələrinin dəfn edildiyi qəbirlərə aid olduğu meydana çıxıb.

Hazırda türbə və onun ətrafında təmir-bərpa işləri müharibə ilə əlaqədar dayandırlıb. Tarixi abidənin yerləşdiyi qədim qəbristanlığa isə heç bir raket mərmisi düşməyib.

Toplum TV

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun