Koronavirus Avropada tüğyan edir

Koronavirus Avropada tüğyan edir
16 Oktyabr 2020
Mətni dəyiş

Fransada bir gün ərzində koronavirus yoluxmalarının böyük sıçrayışla artımı qeydə alınıb.

Oktyabrın 15-də bu ölkədə 30 min 621 yoluxma qeydə alınıb. Bundan bir gün əvvəl yoluxmaların sayı 22 min 591 idi.

Dünya Səhiyyə Təşkilatı (DST) insan həyatının xilası üçün sərt məhdudiyyətlərin “tamamilə zəruri” olduğu barədə xəbərdarlıq edib.

Oktyabrın 17-dən Fransada kommendant saatı elan ediləcək. Londonda və İngiltərənin başqa yerlərində qapalı məkanlarda adamların təmaslarına məhdudiyyət qoyulacaq.

Oktyabrın 15-də Fransa, İtaliya, Almaniya və Polşada ən böyük birgünlük yoluxma qeydə alınıb.

Rusiyada bir gündə koronavirusdan 286 nəfər vəfat edib. Bu da Rusiya üçün “kədərli rekord” rəqəmdir.

Bütünlükdə Avropada son 24 saat ərzində koronavirus ölümlərinin sayı mini keçib.

Avropa üçün proqnoz nikbin deyil

Oktyabrın 17-də Parisdə və onun ətraflarında, habelə Marsel və Lion da daxil 8 şəhərdə saat 21-dən səhər 6:00-dək adamların “zəruri” səbəb olmadan evlərini tərk etməsi qadağan olunacaq.

BBC yazır ki, hazırda Avropada COVID-19-dan ölüm halları mart və aprel aylarında olduğundan azdır.

DST-nin təcili vəziyyətlər üzrə direktoru Hans Kluge deyib ki, Avropada yoluxma hallarının artması son vaxtlar daha çox gənclərin yoluxması ilə bağlıdır.

Onun sözlərinə görə ölüm sayının az olması da elə bununla əlaqədardır. Koronavirus daha çox yaşlılar üçün təhlükəlidir.

Lakin Kluge deyib ki, Avropa üçün proqnoz o qədər də nikbin deyil:

“Əgər Avropa hökumətləri məhdudiyyətləri yumşaltsalar, ölüm halları aprel ayındakından 4-5 dəfə çox olacaq”.

Əgər adamların 95 faizi maska taxsa…

Klugenin sözlərinə adamların 95 faizi maska taxsa və fiziki məsafə qaydasına əməl etsə, onda Avropada fevral ayınadək 281 min ölümün qarşısını almaq mümkün ola bilər.

Yoluxmaların ən böyük artımı Çexiyada qeydə alınıb. Bu ölkədə yoluxmaların sayı oktyabr ayında iki dəfə artaraq 139 min 290-a çatıb.

Polşa oktyabrın 15-dən ölkə boyunca “qırmızı zonalar” müəyyən edib. Oktyabrın 17-dən qırmızı zonalarda məktəblər və idman zalları bağlanacaq.

İtaliyanın cənubundakı Kampaniya regioununda məktəblər iki həftə müddətinə bağlanacaq.

Almaniyada yüksək yoluxma riski olan yerlərdə bar və restoranların erkən bağlanması barədə qərar qəbul edilib.

İtaliya və Almaniyada pandemiya başlanandan bəri ən böyük birgünlük yoluxma baş verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun