Keri Kavano: Tərəfləri danışıqlar masasına qaytarmaq üçün ciddi səylər göstərilir

Keri Kavano: Tərəfləri danışıqlar masasına qaytarmaq üçün ciddi səylər göstərilir
24 Oktyabr 2020
Mətni dəyiş

ABŞ Dövlət katibi Mayk Pompeonun Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri regionda gərginliyin azaldılması istiqamətində inkişafın əldə edilə biləcəyi ilə bağlı ümidlərin artmasına səbəb olub. Müşahidəçilər bunun həm də Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini aktivləşdirməsinə işarə olduğunu bildirir. ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Keri Kavano Amerikanın Səsinə müsahibəsində münaqişənin nizamlanması prosesində atılmalı olan addımlar haqda danışıb.

Amerikanın Səsi: Dünyanın güdrətli ölkələri Dağlıq Qarabağ münaqişəsində eskalasiyaya son qoymağa çalışır. Cümə günü Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ Dövlət katibi Mike Pompeo ilə danışıqlar aparmaq üçün Vaşinqtona səfər edir. Bu, vəziyyətdə irəliləyişə dair ümidlərin artmasına səbəb olub. Sizin gözləntiləriniz nədir?

Keri Kavano: Fikrimcə, bu həftə diplomatik fəaliyyətlərin artdığını müşahidə edirik. Mən bundan çox məmnunam. Dünən də bunu gördük. Fransa prezidenti Makron prezident Putinlə atəşkəs səyləri barədə danışıb. Onların hər ikisi oktyabrın 10-u və oktyabrın 17-i tarixlərində ilk iki atəşkəsə əməl etməkdə təkid edib. Amma təəssüf ki, bunun baş vermədiyini bilirik.

Hesab edirəm ki, dünən onların apardığı müzakirələr, Ermənistan prezidenti Sarkisyanın Avropa İttifaqı və NATO rəsmiləri ilə görüşmək üçün bu gün Brüsselə səfəri və daha sonra Dövlət katibi Pompeo ilə cümə günü planlaşdırılan bu görüşdən atəşkəsin təmin olunmasına nail olmaq, tərəfləri yenidən müzakirə masasına qaytarmaq və dağıntı və insan itkisinin qarşısını almaq üçün açıq şəkildə səylərin göstərildiyini görürük.

Amerikanın Səsi: Səfir Kavano, siz bir zaman Minsk qrupunun həmsədrlərindən biri kimi birbaşa sülh prosesində iştirak etmisiniz. Deyə bilərsinizmi, iki ölkə sülhə nə zaman ən yaxın olub? Çoxları ölkələrin sülhə 2001-ci ildə Key Vestdə ən yaxın olduğunu deyir. O zaman nə baş vermişdi?

Keri Kavano: Fikrimcə, bundan əvvəl də yaxın olublar. Mən də eşitmişəm ki, Ermənistanda və Azərbaycanda 2001-ci ildə mənim o zaman ABŞ-ın Minsk Qrupunun həmsədri olduğum vaxt tərəflərin ən çox yaxınlaşdığına inanırlar. Amma bilirəm ki, bəziləri Kazan da irəliləmək üçün perspektivlərin olduğunu düşünürdü. Bu, bir neçə dəfə baş verib. Fikrimcə, vacib olan budur ki, onlar məsələyə ciddi kompromislərə getmək üçün ciddi müzakirələr aparmağa hazır olaraq yanaşdıqda, onların həll yoluna yaxınlaşa bildiyi də aydın görünür. Və düşünürəm ki, indi hamı buna səy göstərir. Fikrimcə, bu məsələdə Moskva, Paris və Vaşinqtonun həmişə ortaq bir baxışı var. Əgər tərəflər işlək bir həll yolu tapa bilsə, hər kəs buna nail olmaqda onlara kömək etməyə hazır olacaq.

Fikrimcə, bizim hamımız döyüşlərin bunu daha da çətinləşdirdiyini başa düşürük. Ehtiraslar alovlanır. Hərbi əməliyyatlar olduqda bizim bir həll yolu tapmaq üçün `mən nəsə, sən nəsə` kimi necə güzəştə gedə biləcəyimiz barədə danışığa başlamağımızı çətinləşdirir.

Buna görə ilk addım döyüşləri dayandırmaqdır. İkinci addım isə danışıqlar aparmaq üçün ciddi səy göstərməkdir.

Amerikanın Səsi: Sizcə ABŞ danışıqlarda razılığın əldə olunması üçün öz təsir gücündən istifadə edəcəkmi?

Keri Kavano: Düşünürəm ki, bu səy göstərilir. Yəni, Minsk Qrupunun üç həmsədr ölkələrinin döyüşlərə necə son qoymaq üçün koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməyə çalışdığı görürsünüz. Tərəflərdən asılı olan güzəştə getməyə hazırlıqdır. Təxminən beş-altı gün əvvəl Ermənistanın Baş naziri Paşinyanın Ermənistan və Qarabağın Azərbaycanın bunu edəcəyi təqdirdə ciddi güzəştlərlə ciddi danışıqlara hazır olduqları barədə açıqlamalarını gördük. Və iki gün əvvəl Prezident Əliyevin TASS-a verdiyi müsahibədə eyni məqamların çoxunun ifadə edildiyini gördüm. Beləliklə, bəlkə də bəli, onları döyüşləri dayandırmağa və bəli, gələn həftə və ya o biri həftə olmasa da, gələcəkdə həqiqi müzakirələr üçün danışıqlar masasına oturmağa razı salacağımız bir nöqtəyə gəlirik.

Amerikanın Səsi: Sizcə bundan sonra nə ola bilər? Danışıqlar prosesini bərpa etmək üçün hansı addımların atılması lazımdır?

Keri Kavano: Aydındır ki, onlar masada bir-birinin qarşısında oturmazdan əvvəl bir çox qarşılıqlı təsirlərə ehtiyac var. Və biz Xarici işlər naziri Lavrovun Moskvada Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə apardığı danışıqlarda onların bunlara imza atdıqlarını gördük: bəli, humanitar atəşkəs razılığı əldə edə bilərik, döyüş meydanında meyitləri geri qaytara, müharibə əsirlərini dəyişdirə bilərik. Onlar həmçinin Minsk prosesi çərçivəsində danışıqlara sadiq olduqlarını bir daha təsdiqlədilər.

Buna görə hesab edirəm ki, o biri tərəfdən, atəşkəsin təmin edilməsindən sonra biz Minsk qrupunun bu həftə gördüyümüz kimi burada sülh yaradılması üzərində iş aparıldığı kimi daha fəal iştirakını görməliyik. Mən ümid edirəm ki, buna nail olmaq olar.

Əlavə etmək istərdim ki, COVID-19 əlbəttə ki, işləri çətinləşdirir. Bu, həm də hərbi əməliyyatlara görə yerlərdə, xüsusilə də Gəncədən, Stepanakertdən insanlar dağıntılardan qaçdığı üçün mülki əhali üçün vəziyyəti pisləşdirir. Onlar kiçik qruplar halında toplaşır. Onlar pandemiyanın yayılmasının qarşısını almaq üçün tədbir görmür. Və onlar zorakılığın dayandırılması ilə yanaşı, həm də COVID-19-un yayılmasının qarşısını almaq üçün tədbirlərin yenidən görülməsinə ehtiyacın olmasından narahatdırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun