İsrail-Azərbaycan: Qarabağla sınaq

İsrail-Azərbaycan: Qarabağla sınaq
17 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycan-İsrail münasibətləri Qarabağ münaqişəsinin hərbi fazasının son kəskinləşməsi fonunda beynəlxalq müzakirə predmeti olub. Məsələ təkcə Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması əməliyyatında İsrail silahından istifadə etməsi deyil, eyni zamanda İsrailin həm isteblişment, həm də ictimai səviyyədə siyasi dəstəyindədir. Təl-Əvivi Azərbaycanla hərbi əməkdaşlığı dayandırmağa çağıran erməni icmasının İsraildə imzaların toplanmasının iflasa uğraması bunun bariz nümunəsidir.

Bəs Azərbaycanda bu barədə nə düşünürlər? Yəhudilərin Azərbaycanla və ölkənin böyük şiə icması ilə isti münasibətlərinin arxasında nə dayanır? Turan agentliyi cavab üçün publisist və ilahiyyatçı Teymur Atayevə müraciət edib.

- Teymur bəy, bu gün Azərbaycan cəmiyyətində 27 sentyabr 2020-ci il tarixindən bu yana regionda baş verən hadisələrə hansı dövlətlərin və hansı formada reaksiya verdiyi çox fəal şəkildə izlənilir. Bu sırada İsrailə böyük diqqət yetirilir. Bununla əlaqədar sizin fikrinizi eşitmək istərdik: ancaq hərbi əməkdaşlıq sahəsində qarşılıqlı anlaşma dövlətlərimizi bir-birinə yaxın edir?

-Mənim fikrimcə, burada bu aspektə daha geniş nəzər salmaq məqsədəuyğundur. Hər şeydən öncə, unutmaq olmaz ki, Bakı yəhudiləri 1990-cı illərin əvvəllərində Azərbaycan əleyhinə informasiya blokadasının aradan qaldırılması üçün səslərini ucaldanların ilk sıralarında olublar. Məhz bu kateqoriyadan olan şəxslər İsrailə və digər ölkələrə köçərək azərbaycanlı qaçqınların olması və erməni təcavüzü nəticəsində ərazilərin itirilməsilə bağlı real mənzərəni ictimaiyyətin diqqətinə çatdırıblar.

Növbəti mərhələdə isə Azərbaycanla yəhudilər arasında qarşılıqlı münasibətlərin yaxşılaşması ilə bağlı hadisələrin kifayət qədər maraqlı inkişafını müəyyən etmək olar. Və yəhudilər yalnız İsrail demək deyil. Belə ki,1997-ci ildə Heydər əliyev ABŞ Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının təşkil etdiyi qəbulda  qeyd etmişdi ki, “bizim Amerikada lobbimiz yoxdur, ermənilərin çox güclü lobbisi var”. O demişdi ki, “burada Azərbaycan lobbisi olacaq” və “onlar dostlarımız, o cümlədən ABŞ-dakı yəhudi icmaları olacaqlar, onlar sizlər olacaq. Mən buna böyük ümidlər bəsləyirəm”.

1999-cu ildə ABŞ-ın yəhudi təşkilatları nümayəndə heyətinin Heydər Əliyevlə görüşündə o zamankı Amerika Yəhudi Komitəsinin hökumət və beynəlxalq məsələlər üzrə sədr müavini Borri Ceykobs Azərbaycanın mövqeyinin dəstəklənməsi rakursunda “maksimum səy” strukturunun əlavə olunduğunu bəyan etmişdi: “Biz ölkənizin hansı vəziyyətə düşdüyünü yaxşı anlayırıq, bir milyon qaçqının vəziyyətini dərk edirik”.

Yəni, yəhudilərlə azərbaycanlılar arasında qarşılıqlı anlaşma təkcə hansısa qarşılıqlı faydalı siyasi-iqtisadi əlaqələrə əsaslanmayıb. Biz xalqlarımızı yaxınlaşdıran bir sıra başqa xətləri də aydın görə bilərik.

- Bu nüans Azərbaycan qoşunlarının əks-hücum əməliyyatı kontekstində necə əks olunub?

- Azərbaycan tərəfinin Ermənistanın Azərbaycana qarşı təcavüzkar niyyətlərinin növbəti sıçrayışına qarşı cavab aksiyalarının elə ilk günündə Beynəlxalq “İsrail-Azərbaycan” Beynəlxalq  Assosiasiyası (Azİz) bəyanatla çıxış edib. Sənəddə əsasən qeyd edilib ki, Azərbaycan ərazilərinin 20% - ni işğal edən Ermənistan “nəinki işğal edilmiş torpaqları azad etmək niyyətində olmayıb, həm də Azərbaycanla sülh danışıqlarını pozub”. Bununla əlaqədar assosiasiya üzvləri Yerevandan “işğalçılıq siyasətinə son qoymasını, Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanın işğal edilmiş bütün ərazilərini azad etməsini” tələb ediblər.

Oktyabrın 15-də “Azİz” İsrail prezidenti, baş naziri, Knesset sədri və xarici işlər nazirinə, habelə “İsrail-Azərbaycan” parlamentlərarası dostluq qrupunun rəhbərinə müraciət ünvanlayıb. Sənəddə Azərbaycanın münaqişə zonasından uzaqda olan dinc şəhərlərinin atəşə tutulması, dinc əhali arasında qurbanların olması faktlarına səssiz qalma faktının qeyd olunması ilə yanaşı, yəhudi dövlətinin rəhbərliyini Azərbaycan Respublikasının qarşısındakı müqavilə öhdəliklərindən   imtina etməyə və bu ölkəyə silah və hərbi texnika təchizatını dayandırmaqa razı salmaq məqsədilə “Ermənistan Respublikası hakimiyyəti, həmçinin İsraildəki erməni diasporunun görkəmli nümayəndələri tərəfindən İsrailə təzyiqlərin artdığı vurğulanıb.

“İsrailin strateji maraqları” məcrasından irəli gələrək “Azərbaycanla yaxşı münasibətlərin və əməkdaşlığın saxlanması”nı aktuallaşdıran “Azİz” üzvləri hökumət, Knesset və ölkənin ictimai dairələrini “bu təzyiqlərə uymamağa, Azərbaycanın qarşısında götürdüyü öhdəliklərə sadiq qalmağa, həmçinin Ermənistan Respublikası ilə istənilən diplomatik əlaqələri dayandırmağa” çağırıblar.

- Sizin sadaladığınız gətirdiyiniz müraciət və bəyanat ictimai təşkilatlardan səslənib. İsrail rəhbərliyi tərəfindən bu barədə fikirlər olubmu?

Oktyabrın 1-də Ermənistanın İsraildəki səfirini məsləhətləşmək üçün geri çağırması və bunu ölkədən Azərbaycana silah tədarükü ilə əsaslandırması ilə əlaqədar İsrail prezidenti Reuven Rivlin Ermənistan prezidenti Armen Sarkisyanla telefon söhbətində  qeyd edib ki, “İsrail-Azərbaycan münasibətləri üçüncü ölkələrə qarşı yönəlməyib”.

Lakin mən deyərdim ki, bu rakursda ən mühüm və əlamətdar olan Azərbaycan ordusunun əks-hücum əməliyyatının başlanmasından iki gün sonra İsrailin keçmiş XİN rəhbəri və müdafiə naziri, Bizim Evimiz İsrail Partiyasının lideri, Knessetin deputatı Aviqdor Libermanın İsrail KİV-nə söylədikləridir. O bildirib ki, “beynəlxalq hüquq, tarixi faktlar baxımından və bu, xüsusilə İsrail dövlətinin maraqları baxımından vacibdir, həqiqət Azərbaycanın tərəfindədir”.  O, “Dağlıq Qarabağa heç bir aidiyyatı olmayan yeddi rayonun erməni tərəfindən işğal edilməsi haqda” çox zaman səssiz qalındığını qeyd edərək münaqişənin “dondurulmuş vəziyyətdə” saxlanılmasının mümkünsüzlüyünü qeyd edib. Üstəlik, “beynəlxalq hüquq aspektində Dağlıq Qarabağ Azərbaycan ərazisidir”, bunun fonunda “BMT-yə daxil olan heç bir ölkə (Ermənistan özü də daxil olmaqla) Dağlıq Qarabağın suverenliyini tanımır”.

Bununla yanaşı, A.Liberman Azərbaycanı “yəhudilərə münasibətdə ən tolerant ölkələrdən biri”  adlandırıb.  Yüzilliklər ərzində ölkə ərazisində yəhudilərə münasibət dəyişməyib.  Hətta sovet yudofobiyasının qızğın çağında da burada yəhudilərə qarşı nə antisemitizm, nə də qərəzli münasibət hiss olunmayıb”. Azərbaycan müstəqillik əldə etdikdən sonra  İsraillə münasibətlər ən yüksək səviyyədə olub. Azərbaycan özünün ikitərəfli münasibətlər üzrə öhdəliklərini heç zaman pozmayan ciddi, etibarlı tərəfdaş kimi sübut edib, beynəlxalq arenada özünü çox təmkinli aparıb. A.Liberman “Azərbaycanla münasibətlərimizin geniş, dərin, strateji olduğunu, Ermənistanla isə minimum səviyyədə olduğunu” vurğulayaraq  ölkənin “Azərbaycanın ərazi bütövlüyü”nü hərtərəfli dəstəklədiyini bildirib. Bütün nöqteyi-nəzərdən - tarixi, beynəlxalq və milli maraqlar - bu, İsrailin rəsmi mövqeyidir” - o, fikrini yekunlaşdırıb.

Beləliklə, təkrar edirəm ki, gördüyümüz kimi, heç də təkcə müdafiə sahəsi İsrail və Azərbaycan arasında qarşılıqlı anlaşmaya körpü deyil. Bu, İsrailin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının geri qaytarılması ilə bağlı İsrailin Petax-Tikvav şəhər ictimaiyyətinin  dünənki mitinqi ilə təsdiqlənib. Aksiya zamanı təcavüzkar dövlət tərəfindən dinc ölkə sakinlərinə zərbələrin endirilməsi pislənilib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun