İlham Əliyev: 'Qarabağda referendum olmayacaq'

İlham Əliyev: 'Qarabağda referendum olmayacaq'
22 Oktyabr 2020
Mətni dəyiş

Oktyabrın 23-də Azərbaycan və Ermənistan XİN başçılarının görüşü nəticə verərsə, İlham Əliyev Nikol Paşinyanla görüşə hazırdır. Bu nəticə Yerevanın işğal edilmiş əraziləri azad etməyə və Dağlıq Qarabağdan qoşunlarını çıxarmağa hazır olduğunu bəyan etməsindən ibarət olmalıdır.

Bu barədə cümə axşamı Yaponiyanın Nikkey qəzetinə müsahibəsində dövlət başçısı İlham Əliyev bildirib.

Eyni zamanda, o, rəsmi Yerevanın konstruktiv addımlara hazır olması ilə bağlı bədbinliyini ifadə edib.

"Danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri "Qarabağ Ermənistandır" bəyan edəndə danışıqları aparmaq üçün o qədər də imkan qalmır", deyə o qeyd edib.

Atəşkəs rejiminə birtərəfli qaydada riayət etmək mümkün deyil. Ermənilər hər dəfə atəşkəsi pozaraq müharibə zonasından uzaqda dinc əhaliyə atəş açır. İlk atəşkəsdən sonra onlar Gəncə şəhərinə raket atıblar, bu da müharibə cinayətidir.

"Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik. Ona görə Ermənistan hökuməti atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir", - deyə o qeyd edib.

Regiona sülhməramlıların və ya müşahidəçilərin göndərilməsi mümkünlüyü haqqında suala cavabda Əliyev deyib ki, Azərbaycan və Ermənistan bu beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağına razılaşmalıdır. Amma bu məsələyə atəşkəsdən sonra baxılacaq.

"Aydındır ki, biz bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü biz deməliyik", - deyə Əliyev vurğulayıb.

Ölkə başçısı Dağlıq Qarabağda referendum keçirilməsinin mümkünlüyü haqda suala cavabda isə bildirib ki, Dağlıq Qarabağda heç bir referendum olmayacaq.

"Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz", - deyə Əliyev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun