Hərbçilərin video paylaşması niyə təhlükəlidir? - Ekspertlər danışır

Hərbçilərin video paylaşması niyə təhlükəlidir? - Ekspertlər danışır
24 Oktyabr 2020
Mətni dəyiş

Son günlər sosial şəbəkələrdə bəzi hərbçilərin özlərinin çəkib, paylaşdığı videolar yayımlanır.

İnternet Texnologiyaları mütəxəssisi Vahid Qasımov deyir ki, bu olduqca təhlükəli və risklidir. Beləki, xüsusi proqramlarla bu fotoların və videoların çəkildiyi yeri və zamanı müəyyənləşdirmək mümkündür:

“Bura müasir, rəqəmsal fotoaparatlar və mobil telefonlarla çəkilmiş foto, videolar aiddir. Ona görə də video və fotoları paylaşdığımız zaman arzu olunmayan məlumatlar, məsələn, dəqiq koordinatları paylaşmış olarıq. Ona görə də ümumiyyətlə indiki məqamda belə məlumatların paylaşılması düzgün deyil. Özəlliklə də adi istifadəçilərdə bu məlumatları silmək və ya dəyişdirmək imkanı yoxdur”.

Bundan başqa Vahid Qasımov yada salır ki, böyük sosial media şəbəkələri transmilli qurumlardır, orada müxtəlif millətlərdən, eləcə də Ermənistandan olan vətəndaşlar çalışır. Onlar yüklənən bu video və fotolarla sızdırılan məlumatları dərhal qarşı tərəfə də ötürə bilər.

Bəs, Müdaifə Nazirliyi bu riski nəzərə alırmı? Bu cür məlumatların yayılmasının qarşısını necə alır?

Dəfələrlə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu suallara cavab almaq cəhdlərimiz alınmadı.

Amma yerli media Müdafiə Nazirliyinə istinadla yazır ki, nazirlik orduda müasir fərdi telefonların istifadəsini qadağan edib və ondan istifadəyə görə cəzalar nəzərdə tutulur.

Qanunda bu barədə heç nə deyilmir

Hüquqşünas Fuad Ağayev isə bildirir ki, qanunlarda hərbçilərin konkret telefonlardan istifadə edib-etməməsi ilə bağlı bir hal nəzərdə tutulmayıb. Lakin onun sözlərinə görə, konkret bir əmr varsa, bütün hərbi qulluqçular buna əməl etməlidirlər. Onun fikrincə, həmin foto və videoların yayılması birbaşa hərbi sirr hesab oluna bilər:

“Paylaşılan videoazıda Azərbycan ordusunun döyüşçüləri, onların istifadə etdikləri silahlar, texnikalar və onların xüsusiyyətləri görünə bilər. Hansı ərazidə olduqları, döyüş metodları nədir – bu kimi məlumatları da götürmək olar. Ən əsası isə onların olduğu yerlər müəyyənləşdirilə bilər”.

Bu reportajda bizimlə danışan ekspertlər vurğulayırlar ki, Müdafiə Nazirliyi hərbçilər arasında ağıllı telefonların istifadəsinə qadağanı sərtləşdirməlidir.

Sentyabrın 27-dən Qarabağda döyüşlər başlayıb. Həmin vaxtdan bəri rəsmi videolarla yanaşı, müxtəlif hərbçilər də döyüş meydanında foto və videolar yayırlar.

Azadlıq Radiosu

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun