Gəncə işi: 'Qardaşımın meyitinə görə bizdən 500 manat pul istədilər'

Gəncə işi: 'Qardaşımın meyitinə görə bizdən 500 manat pul istədilər'
29 Oktyabr 2020
Mətni dəyiş

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsi ilə bağlı cinayət işində təqsirləndirilən şəxslərdən ikisi saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. İcra başçısına sui-qəsddə ittiham olunan Yunis Səfərov və digərlərinin işi üzrə məhkəmə prosesində bu məsələ də araşdırılır.

Öldürülənlərdən biri – Anar Bağırovun bacısı Aynurə Bağırova onun hüquqi varisi qismində tanınıb. O, qardaşına bəraət verilməsini tələb edir. Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində danışan A.Bağırova bildirib ki, qardaşı günahsızdır, onu qisas məqsədilə öldürüblər: "Gəliblər, evdə olan dostunu bayıra çıxarıblar, Anarı evin içində güllələyiblər. Bu, qisas idi. Elmar Vəliyevin güllələnməsinin qisasını ondan alırdılar. Ona görə də birinci elə başından vurublar. Bununla ürəkləri soyumayıb. Yerdə daha üç güllə vurublar - ürəyinə, ciyərinə, ayağına. Güllələrin vurulma trayektoriyasından bilinir ki, o, yerdə olanda atəş açıblar".

"Gəlib elə orada güllələyiblər"

A.Bağırovanın sözlərinə görə, qardaşı Yunisi çoxdan tanıyırdı. Y.Səfərov icra başçısına qarşı sui-qəsd hadisəsindən əvvəl polisin silahını götürüb qaçdığına görə axtarışda olanda onu tanıyan bir neçə nəfəri, o cümlədən A.Bağırovu da polisə aparıb saxlayıblar: "Anarı, Hamleti və başqalarını tutub saxlamışdılar. Onları o qədər döymüşdülər... Elmar məsələsi olanda Anar anama dedi ki, məni bir də tutub elə işgəncə versələr, dözməyə canım yoxdur. Ona görə çıxıb Bakıya gəldi. Burada fəhləliklə pul qazanırdı. Ona demişdilər ki, Binəqədidə bir ev var, günü iki manata qalmaq olur. Bir nəfərlə birlikdə orada qalırdı. Gəlib elə orada güllələyiblər".

A.Bağırova deyir ki, qardaşı öldürüləndən sonra onlara bu haqda məlumat verilməyib. Dayısı oğlu internetdə məlumatı görüb, onlara xəbər çatdırıb.

A.Bağırova Gəncədə polislərin davranışından da şikayətlənib. O bildirib ki, qardaşının meyitinə görə Kəpəz rayon Polis İdarəsinin rəhbərliyi onlardan 500 manat pul tələb edib: "Vüqar adlı rəis vardı, kinayəli danışırdı. Deyirdi ki, cinayətkarın arxasınca niyə gəlmisiz? Biz əvvəl xəbər bilmək üçün getmişdik, çünki onda öldüyünü bilmirdik. Sonra öldüyünü biləndə bizdən soruşdular ki, harada basdıracaqsız? Dedik ki, atamın yanında. Dedi ki, "yox, olmaz, o, cinayətkardır, bu da ananın cəzası olsun o cür övlad tərbiyə etdiyinə görə...". Bunlar bu qədər qansızlıq elədilər bizə qarşı".

A.Bağırova qardaşının ölümündə əli olanların hamısının cəzalandırılmasını tələb edir. Amma buna ümidi olmadığını da vurğulayır. Onun fikrincə, Azərbaycanda bu işə obyektiv, ədalətli baxacaq hakim yoxdur.

"Evdə qonşu olub"

Bu cinayət işində təqsirləndirilən şəxs qismində tanınan, amma saxlanılarkən öldürülənlərdən biri də Ağa Sərxanidir. Onu öldürən isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İftixar Rüstəmov olub. Bunu adıçəkilən polis əməkdaşı özü də oktyabrın 27-də məhkəmədə təsdiqləyib.

O bildirib ki, iki gün A.Sərxanini izləyiblər. Yerini müəyyənləşdirəndən sonra üç nəfər mülki geyimdə, amma silahla onun qaldığı evə gediblər: "Biz bilirdik ki, evdədir. Bizim gəldiyimizi bilən kimi işığı, televizoru söndürdü. Onu çağırdıq, bizi söyməyə başladı, "yezid", "yezidin balaları" deyirdi. Qapını açıb, bizə tərəf iki dəfə atəş açdı. Mən də ona üç-beş dəfə atəş açdım".

İ.Rüstəmov həmin vaxt evdə başqa heç kimin olmadığını deyir. Amma A.Sərxaninin həyat yoldaşı, onun hüquqi varisi qismində tanınan Sevinc Sərxani bu barədə deyilənlərin yalan olduğunu bildirir.

"Evdə qonşu olub. Ümid edirəm, Allah sizin tezliklə cəzanızı verəcək. Onu öldürmək üçün getmişdiniz. Siz elə məxluqlarsınız ki, insan talelərini məhv eləmək sizin üçün heç nədir. Nə qədər adamın üzünə nahaqdan dayanıb bədbəxt eləmisiniz...", – S.Sərxani məhkəmədə belə deyib.

Məhkəmədə təqsirləndirilən şəxslərdən Cəfər Zalov, Ceyhun Qubadov da dindirilib. Onlar günahsız olduqlarını, işgəncəyə məruz qaldıqlarını bildiriblər.

C.Zalov deyir ki, onu 10 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar. Sonra istintaq təcridxanasına köçürsələr də, yenə bu idarəyə aparıb-gətiriblər. İdarədə döyülməklə, bədəninə cərəyan verilməklə işgəncəyə məruz qaldığını deyən C.Zalov bu üzdən oxumadan ifadələrə imza atdığını söyləyib.

Məhkəmə prosesi oktyabrın 29-da davam edəcək.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin ozamankı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Y.Səfərov isə bu iddianı təkzib edir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun