Gəncə işi: ‘3-yaşlı oğlumun paltar şkafına qumbara qoydular’

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələməkdə suçlanan Yunis Səfərov məhkəmədə bu hadisə barədə ifadə verməliydi. Dediyinə görə, saxlandığı təcridxanada ifadəsini əlyazma şəklində də hazırlayıb. Amma onu Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirəndə həmin əlyazmaları əlindən alıblar.

Y.Səfərov bunu oktyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Gəncə işi”ni araşdıran hakimlərə deyib: “İfadə verə bilmirəm, çünki ifadəmin tezislərini yazmışdım. Danışanda müəyyən məsələləri unuda bilərəm, ona görə. Amma yazdıqlarımı aldılar. Xahiş edirəm, müəssisə ilə əlaqə saxlayın, deyin ki, mənim sənədlərimi versinlər”.

“İdarədə qandallı vəziyyətdə vurub yıxırdılar”

Y.Səfərovun vəkili Bəxtiyar Hacıyev də müvəkkilinə qarşı bu cür davranışın qanunsuz olduğunu, onun özünümüdafiə hüququnun pozulduğunu vurğulayıb: “Şəxsin özünü müdafiə etmək hüququ fundamental hüquqdur. Yunis Səfərov vəsatətlər təqdim edə bilər, ifadə verər. Məhkəmədə şərait yoxdur ki, bunları hazırlasın, ona görə təcridxanada hazırlayıb. Onları əlindən almaq birbaşa hüquq pozuntusudur”.

Y.Səfərovla birlikdə mühakimə olunan şəxslərdən Mahir Əzizov bildirib ki, günahsızdır. Onun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məruz qaldığı işgəncələr nəticəsində evindən silahlar tapılması, Y.Səfərovun planlarından xəbərdar olması barədə ifadəyə imza atıb: “İşdə oturmuşdum, mülki geyimdə iki nəfər müştəri kimi daxil oldu. Çıxıb yenə qayıtdılar, özlərini təqdim etmədən əllərimi qandalladılar. Bandit kimi, sürüyə-sürüyə apardılar. Maşında təhqir edirdilər, vururdular. İdarədə qandallı vəziyyətdə vurub yıxırdılar. Biri yumruqlayırdı, biri təpikləyirdi. Yarım saata qədər davam elədi. Gördüm ki, burada məni öldürsələr də, heç kimin xəbəri olmayacaq. Ona görə dediklərini eləməyə razılaşdım”.

11 yaşından Rusiyada yaşadığını, orada məktəbdə Yunisin bacısı ilə birlikdə oxuduğunu, daha sonra hüquqşünas təhsili aldığını deyən M.Əzizov radikal dindar olması barədə ittihamda yazılanların da cəfəngiyat olduğunu söyləyib. O bildirib ki, kəndə gedəndə hətta toyuğun başını kəsməyə ürək etməyən adamı belə əməldə ittiham etmək absurddur.

“Evə nə qədər adam doluşdu, tamaşa başladı”

BMCMİ-də ondan tələb olunan ifadəni verməyə razılaşandan sonra Sumqayıta – yaşadığı evə aparıldığını deyən M.Əzizovun sözlərinə görə, həmin vaxt mənzildə qayınanası, həyat yoldaşı və iki uşağı olub:

“Evə nə qədər adam doluşdu, tamaşa başladı. Soruşurdular ki, harada gizlətmisən? Videoya çəkirdilər. Evdəkilər də donub qalmışdı ki, bu nədir baş verir? Mənim də istəyim o idi ki, nə istəyirlər eləsinlər, tez bitsin bu tamaşa. İkiotaqlı evdə yer tapmayıblar qumbaranı atmağa, 3-yaşlı oğlumun beşiyinə bitişik kiçik şkaf var, ora atıblar”.

M.Əzizov deyir ki, evdə axtarış bitəndən sonra onu yenə BMCMİ-yə qaytarıblar, orada Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin müstəntiqi sənədləşmə aparıb. Həmin vaxt ifadəyə imza atmaq istəməyib: “Əvvəl etiraz elədim, qol çəkmək istəmədim. Vəkil də yox idi, olmayan şeyləri üstünə yıxırdılar. Dedilər ki, elə eləmə, yoldaşını gətirək bura. Fikirləşdim ki, evə qumbara atan adamlar övladlarımı da tutarlar. Ona görə qol çəkdim. Demək istədiyim odur ki, o imza fiziki işgəncə, hər cür təhdid nəticəsində atılıb”.

M.Əzizov əlavə edib ki, 27 gün onu BMCMİ-də saxlayıblar, daha sonra Bakı İstintaq Təcridxanasına köçürülüb. Təcridxanaya aparılanda yolda başlarına torba keçirildiyini deyən M.Əzizovun sözlərinə görə, ora qəbul ediləndə də təzyiqə məruz qalıb: “Kürdəxanıya aparanda yolda yayın istisində başımıza torba keçirdilər. İŞİD terrorçuları yadıma düşdü. Orada da şillə-təpiklə qarşıladılar. “Siz dövlətə qarşı çıxırsız”, – deyib döyə-döyə aparırdılar…”.

Daxili İşlər Nazirliyi BMCMİ-də işgəncə verilməsi barədə şikayətlərin əsassız olduğunu bəyan edib. Nazirlik iddia edir ki, işgəncə haqda iddialar məsuliyyətdən yayınma cəhdidir.

Penitensiar Xidmət də istintaq təcridxanasında pis rəftar, işgəncə barədə iddiaları təkzib edir.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin ozamankı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Y.Səfərov isə bu iddianı təkzib edir.

Sui-qəsd hadisəsindən bir həftə sonra – iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.