Gəncəyə iki raket atıldı: 14 ölü, 50-ə yaxın yaralı var – [yenilənir]

Bu gecə Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Bu barədə ilk olaraq prezidentin köməkçisi, daha sonra Müdafiə Nazirliyi məlumat yaydı. 

Rəsmi məlumatlara görə Gəncəyə dörd raket atılsa da, onun ikisini zərərsizləşdirmək olub. Digər ikisi isə yaşayış evlərinə düşüb.

İndiyə qədər aydın olan məlumatlara görə, dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.

Raket hücumu nəticəsində çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Azərbaycan tərəfi bu terror hücumunu pisləyir və bildirir ki, bu terror hücumuna adekvat cavab veriləcək.

Ən son məlumatlara görə, xilasedicilər Gəncədə dağıntılar altından 52 yaralı və 13 meyit çıxarıb.

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin meyiti çıxarılıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Yeni məlumata görə, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Baş Prokurorluqdan bildirilib ki, həlak olmuş şəxslərdən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır. Yaralanan 48 nəfərdən 23-ü kişi, 20-si qadın, 5-i azyaşlıdır. İki uşaq itkin düşüb.

Ən son məlumata görə, Ermənistanın Gəncəni atəşə tutuması nəticəsində ölənlərin sayı artıb.

Bildirilib ki, itkin düşən uşağın meyiti dağıntılar altından çıxarılıb. Bununla da ölənlərin sayı 14-ə çatıb.