Dünyada COVID-19-a yoluxma hallarının sayı 37 milyondan çoxdur

Dünyada COVID-19-a yoluxma hallarının sayı 37 milyondan çoxdur
12 Oktyabr 2020
Mətni dəyiş

ABŞ-ın Cons Hopkins Coronavirus Resurs Mərkəzinin bazar gününə olan məlumatına görə, qlobal səviyyədə COVID-19-a 37.2 milyondan çox yoluxma halı və bir milyondan çox ölüm halı qeydə alınıb.

ABŞ koronavirusa 7.7 milyondan çox yoluxma halı ilə dünyada COVID-19-a yoluxmaların ən çox olduğu ölkədir.

Bununla belə, ictimai səhiyyə ekspertləri Hindistanın COVID-19-a yoluxmaların sayına görə ABŞ-ı keçəcəyini gözlədiklərini deyir. Hindistan bazar günü 7 milyondan çox yoluxma halının olduğunu bildirib.

Hindistanın Səhiyyə Nazirliyi bazar günü əvvəlki 24 saat ərzində koronavirusa 74 383 yoluxma halının qeydə alındığını bildirib.

Braziliya Səhiyyə Nazirliyi şənbə günü ölkədə COVID-19 nəticəsində 150 000-dən çox ölüm halı haqda məlumat verib. Cons Hopkins Coronavirus Resurs Mərkəzinin statistikasına əsasən, Braziliya 214 000-dən çox ölüm sayı ilə yalnız ABŞ-dan geridir.

Braziliyanın ifrat sağçı prezidenti Jair Bolsonaro Braziliyada ölüm hallarının artmasına və özünün yoluxmasına baxmayaraq virusun nə dərəcədə ölümcül olduğuna əhəmiyyət verməyib.

Avstraliyanın Viktoriya ştatında koronavirusun yayılması ilə əlaqədar tətbiq edilmiş qaydalara riayət etməyən şəxslərə qarşı sərt tədbirlər görülür. Viktoriya ştatının baş naziri Daniel Endrüs karantinin 11-ci günü testdən imtina etdikləri təqdirdə, yoluxmuş insanlarla yaxın təmasda olan şəxslər üçün məcburi karantinin 10 gün uzadılacağını deyib.

Associated Press agenliyinin verdiyi məlumata görə Endrüs bunun insanların virusa yoluxmadığına əmin olmaq üçün təkrar yoxlama olduğunu deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun