Co Bayden Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb

Co Bayden Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb
30 Oktyabr 2020
Mətni dəyiş

ABŞ prezidentliyinə Demokrat namizəd Co Bayden Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni bəyanatda Tramp administrasiyasını Azərbaycana hərbi avadanlıq axınını dayandırmağa, Türkiyə və Rusiyanın münaqişəni qızışdırmağa imkan verməməyə çağırıb.

"Oktyabrın 25-də Dövlət Katibi Pompeonun elan etdiyi atəşkəsin pozulması ilə onsuz da çox əziyyət çəkən və təhlükəsizliyi təmin olunmalı olan Dağlıq Qarabağ insanları genişmiqyaslı humanitar fəlakətlə üzləşirlər," sabiq vitse-prezident bildirib.

Co Bayden döyüşlərin bir aydan çox müddət davam etdiyini nəzərə aldıqda Prezident Trampın çoxdan Ermənistan, Azərbaycan və Türkiyə liderləri ilə birbaşa danışıqlar aparmalı və "dərhal deeskalasiyaya və Azərbaycan qoşunlaırnın Dağlıq Qarabağa doğru irəliləməsinin qarşının alınmasına" çağırmalı olduğunu qeyd edib.

Sabiq vitse-prezident deyib ki, Prezident Tramp seçki kampaniyalarında razılıq əldə etmək bacarıqları ilə lovğalansa da, hələ də şəxsən bu müharibəni dayandırmaq üçün müdaxilə etməyib.

"Administrasiya Azərbaycana hərbi avadanlıqların axınını dayandırmaq üçün Azadlığa Dəstək Aktının 907-ci maddəsindəki tələbatları tam həyata keçirməli, Türkiyə və Rusiyanı silah təchiz edərək və Türkiyənin isə muzdlu əsgər göndərərək münaqişəni qızışdırmağa son qoymağa çağırmalıdır," o bildirib.

Prezidentiyə Demokrat namizəd Birləşmiş Ştatların avropalı tərəfdaşları ilə birgə döyüşlərə son qoymaq üçün diplomatik səylərə başçılıq etməli və itkilərə son qoymaq üçün beynəlxalq humanitar yardıma çağırmalı olduğunu vurğulayıb.

"Mənim administrasiyam altında tam olaraq bunlar baş verəcək,' Bayden əlavə edib.

ABŞ Dövlət Katibi Mayk Pompeo oktyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanla ilə ayrı-ayrılıqda keçirdiyi telefon söhbətində onları atəşkəsə dair vədlərə əməl etməyə çağırıb.

Pompeo oktyabrın 23-də Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus Birləşmiş Ştatların Dağlıq Qarabağa münaqişəsinin nizamlanması prosesində rolu ilə bağlı Amerikanın Səsinə verdiyi açıqlamada ABŞ-ın münaqişənin sülh yolu həllinə nail olmaq istədiyini vurğulayıb.

"Qeyd etmək vacibdir ki, həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirləri cümə günü Vaşinqtonda Dövlət Katibi Mayk Pompeo ilə görüşdülər. Bu, ümumiyyətlə daha öncə baş verməyib. Düşünürəm ki, münaqişə başlayandan bəri Rusiyada qısa bir müddət görüşmüş ola bilərlər, amma uzun müddət birlikdə görüşməyiblər.

Və bu danışıqlar atəşkəslə nəticələndi. Təəssüf ki, o biri atəşkəslər kimi bu atəşkəs də ümid etdiyimiz qədər sürmədi. Hal-hazırda bu konfliktdə çox qarışıqlıq var. Dövlət Katibi Pompeo hər iki ölkənin liderlərinə bundan sonra zənglər edib. Düşünürəm ki, bu, Prezident Trampın Dövlət Katibi Pompeonun hər iki ölkəyə kömək etmək səylərinə və Dövlət Katibinin müavinin bu prosesi və bu münasibətləri idarə etməyə kömək etməsinə verdiyi əhəmiyyəti göstərir. Biz hər iki tərəfin atəşkəsə dair öhdəliklərini yerinə yetirməsini istəyirik. Biz münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. Bu münaqişə Sovet İttifaqının dağılmasından bəri davam edir. Yəni bu, yeni bir problem deyil. Bu, on illərdir davam edən və bizə miras qalan problemdir. Biz hər iki tərəfin öz öhdəliklərini yerinə yetirməsinə nail olmaq üçün və Dövlət Katibi Pompeo və müavini vasitəsilə intensiv diplomatik əlaqələri davam etdirəcəyik. Ancaq düşünürəm ki, həftəsonu ABŞ-ın təkcə öhdəliklərimiz vasitəsilə deyil, həm də bu proses üçün çox vacib olan Minsk Qrupu vasitəsilə yüksək səviyyədə iştirakının şahidi olmusunuz", Morqan Ortaqus bildirib.

Oktyabrın 25-də ABŞ, Azərbaycan və Ermənistan hökumətləri birgə bəyanat yayaraq, 26 oktyabr yerli vaxtla səhər saat 8:00-da humanitar atəşkəsin qüvvəyə mindiyini elan edib. Lakin humanitar atəşkəs elan edilməsinə baxmayaraq, tərəflər oktyabrın 27-də bir-birini atəşkəsi pozmaqda günahlandırır. Bundan öncə, oktyabrın 10-da Rusiyanın, oktyabrın 17-də Fransanın təşəbbüsü ilə humanitar atəşkəs razılığı olub. Bu razılaşmalara baxmayaraq aktiv hərbi əməliyyatlar davam etdirilib.

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında atəşkəs razılığına riayət edilməməsini məyusluq hissi ilə qarışladığını deyib. Tramp ölkədə prezident seçkilərinə bir həftə qalmış seçki kampaniyasını davam etdirmək üçün bir neçə ştata səfərindən öncə müxbirlərin suallarını cavablandırıb. O, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı jurnalistlərə bunları söyləyib:

“Bu münaqişə onların arasında illərdir davam edir. Onlar bir-biri ilə yola getmirlər. Onlar uzun illər münaqişədə olub. Bəli, bunu görmək məsyusedicidir. Ancaq uzun müddət ölkələr arasında belə münaqişə olduqda bu, baş verir. Vəziyyət bir araya gələcək.”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun