Canlı bloq: “Ordumuzun Qafan yaxınlığında əməliyyat keçirməsi məlumatı yalandır” – [yenilənir]

17:10

“Düşmən həm döyüş texnikası, həm canlı qüvvə baxımından verilən ağır itkilər nəticəsində düşmən hər dəfə geri çəkilməyə məcbur edilir”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

“Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir və düşmənə qarşı ciddi tədbirlər görülür”, – o, əlavə edib.

16:39

Oktyabrın 31-də günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin 3 ədəd tankı, 1 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd sursatla dolu yük maşını, döyüş mövqeyində və qoşquda olan 3 topu, o cümlədən xeyli sayda canlı qüvvəsi məhv edilib.

Görüntüləri təqdim edirik.


16:07

Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Əskipara kəndi, eləcə də Ağcabədi rayonunun Qiyaməddinli kəndi düşmən tərəfindən artilleriya atəşinə tutulur.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

12:47

İşğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.

“Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində düşmənin məqsədi, ilk növbədə, onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.

Artıq oktyabrın 30-da Ermənistan tərəfi guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayıb və beləliklə də, gələcək təxribatları üçün zəmin yaradır.

Bir daha bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında qadağan olunmuş heç bir döyüş sursatı yoxdur”, – MN-dən bildirilib.

11:18

“Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

“Bir daha bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir”, – açıqlamada qeyd olunub.

10:40

Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

“Bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir”, – məlumatda vuröulanıb.

09:28

Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Dağıntı və xəsarət alanlar yoxdur.

08:39

Ermənistan Müdafiə Nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb.

Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək”, – deyə məlumatda bildirilir.

08:27

“Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür”, – deyə nazirlikdə qeyd ediblər.

07:46

Oktyabrın 31-də saat 06:00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

07:43

Oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.