Bir qrup güneyli feminist Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb

Bir qrup güneyli feminist Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb
26 Oktyabr 2020
Mətni dəyiş

İran Azərbaycanı, habelə Türkiyə, ABŞ və Almaniya kimi ölkələrdə yaşayan 18 qadın alim və aktivist birgə bəyanat yayaraq “savaşı qınadıqlarını və barışın təmin edilməsi üçün BMT qərarlarının həyata keçirilməsi ilə bərabər işğala son verilməsini tələb etdiklərini” ifadə ediblər.

‘Bir qrup kəsişimsəl (interseksional) feminist’ imzası ilə yayılan bəyanatda 10 gün əvvəl Noam Çomski, Kornel Vest, Amitav Qoş və Qayatri Spivak kimi məşhur alim və yazarlar tərəfindən yazılan “Dağlıq Qarabağda üzünmüddətli sülhə çağırış” başlıqlı məktuba təpki göstərilib.

‘Sülhə çağırış’ məktubunda “Azərbaycanın mülki əhalini hədəf aldığı və Dağlıq Qarabağda ermənilərə qarşı etnik təmizləmə apardığı” irəli sürülüb.

Güneyli feministlərin bəyanatında ‘sülhə çağırış’ məktubundakı ‘reduksionist baxış’ tənqid edilib.

“Məktubun endirməgəçi (reduksionist) baxışı, habelə içində gizli olan həyəcan və Türkofobik duyğular əslində dünyanı yaxşılaşdıracağını ümid etdiyimiz elmin çərçivəsini sorğulamaqdadır... Məktubun Qarabağ haqqındakı 822, 853, 874, 884 saylı BMT qərarlarına toxunmadan, habelə Azərbaycanın Gəncə şəhərində yaşayış məntəqələrinin bombalanması və qadınlar və uşaqlar daxil olmaqla onlarla mülki yurddaşın öldürülməsi göz ardı edilərək yazılması, insani vicdanın susdurulmuş olduğunun göstəricisidir,” feministlərin bəyanatında qeyd edilib.

Bəyanatda həmçinin yazılıb ki, “biz hər cür işğal, şiddət, militarizm və daxili despotizmə qarşı olduğumuzu bildirərək adı keçən məktuba qarşı etiraz və dərin təəssüfümüzü ifadə edirik. Əlavə olaraq, biz Azərbaycan torpaqlarındakı bütün azlıq qrupların haqlarını zəmanət altına alan və insan haqlarına əsaslanan demokratik bir sistemin gərəkliliyini vurğulamaq istəyirik. Biz savaşı qınayırıq və barışın təmin edilməsi üçün BMT qərarlarının Ermənistan höküməti tərəfindəm həyata keçirilməsini və işğala son verilməsini tələb edirik.”

Bəyanatı imzalayan güneyli feministlər bunlardır:

Əzəm Əhmədi, Elnaz Sərdariniya, Faizə Bahadıri, Fəranək Fərid, Fatma Nəsirpur, Fatma Dehqan, Giti Ədaləti, Həcər Kəbiri, Mehdiyə Ahəni, Məryəm Quluzadə, Mina Əcəlli, Rahimə Muhəmmədi-fərd, Rübabə Tağızadə Zunuz, Rüqəyyə Kəbiri, Səbur Kəbiri, Sevda Əlimədədnejad, Sevil Süleymani və Südabə Tağızadə Zunuz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun