Azərbaycanda keçmiş nazir məhkəmədə dindiriləcək

Azərbaycanda keçmiş nazir məhkəmədə dindiriləcək
26 Oktyabr 2020
Mətni dəyiş

Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyev məhkəmə iclasında məlumat verib.

Bu hakimin araşdırdığı, yarım milyona yaxın mənimsəmə ilə bağlı cinayət işində H.Bağırovun adı hallanır. Təqsirləndirilən şəxs qismində məhkəmə önündə dayananlar da onun keçmiş işçiləridir - Milli Hidrometeorologiya Departamentinin keçmiş rəhbəri Əkbər Həsənov, baş mühasibi İlqar Hacıyev və departamentin daha üç əməkdaşı. Onlar gerçəkdə olmayan işçilərin adlarına maaş yazıb, mənimsəməkdə suçlanırlar. Cinayət işində bu yolla ümumilikdə 451 min manat dövlət vəsaitinin yeyintisindən söhbət gedir.

Beş nəfərdən yalnız biri – İlqar Hacıyev həbsdədir. Digərləri haqqında isə istintaq və məhkəmə dövrü üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Nazirlik də bu işdə zərərçəkmiş tərəf kimi tanınıb.

"Niyə ancaq İlqar Hacıyev həbsdə olmalıdır?"

Ə.Hacıyev 451 min manatlıq ziyanın 300 minini ödəmişdi. Qalan məbləği də bu günlərdə İ.Hacıyevin yaxınları ödəyib. Oktyabrın 26-da məhkəmədə İ.Hacıyevin vəkili onun hökmə qədər ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Əsas kimi isə dəymiş ziyanın tam ödənilməsini göstərib: "Onun həbsdə saxlanmasını zəruri edən bütün hallar aradan qalxıb".

Hakim vəsatəti təmin etməyib. Bu qərara İ.Hacıyevin vəkili etiraz edib: "Keçmiş nazir Hüseynqulu Bağırovun adı çəkilən bir cinayət işindən söhbət gedir. İctimaiyyət də bu prosesi izləyir. Bu işdə beş nəfər təqsirləndirilən şəxs olduğu halda, niyə ancaq İlqar Hacıyev həbsdə olmalıdır? Niyə Əkbər Həsənov ev dustaqlığındadır, məhkəməyə evdən gəlib-gedir? Biz hazırlıq iclasında bu barədə vəsatət verəndə siz bildirdiniz ki, zərər ödənilməyib, buna görə ev dustaqlığına buraxılmaqdan söhbət gedə bilməz".

Vəkil hesab edir ki, məhkəmə İ.Hacıyevə münasibətdə qərəzlidir.

Adları işçi kimi sənədləşdirilən, aylıq maaş yazılan şəxslər zərərçəkmiş qismində tanınıblar. Amma onlar məhkəmədə dindirilərkən özlərini zərərçəkmiş hesab etmədiklərini, onlara ziyan vurulmadığını bildiriblər.

"Məni Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırdılar. Dedilər ki, adına pul köçürülüb. Mən heç yerdə işləməmişəm. Adıma pul köçürülməsindən də xəbərim olmayıb. Heç kimdən də pul almamışam", – Cəmilə Muxtarovabelə deyib.

Məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

Təqsirləndirilən şəxslər CM-in 179 (mənimsəmə və ya israf etmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

İ.Hacıyev deyir ki, olmayan işçilərin adına maaş kartından pulların çıxarılmasından keçmiş nazir H.Bağırovun da xəbəri olub. Departament olaraq, aylıq nazirə 10 min manat pul çatdırıblar. Onun sözlərinə görə, H.Bağırov 2018-ci ildə prezident seçkisi öncəsi departamentin sabiq rəhbəri Ə.Hacıyevi yanına çağıraraq 265 min pul istəyib. Onlar bu pulu sələmlə tapıb nazirə çatdırıblar. Sonradan həmin maaş kartlarının hesabına o pulu ödəyiblər.

Keçmiş nazir H.Bağırov isə ünvanına səslənən korrupsiya ittihamlarını hüquqi təmsilçisi Anar Rzayev vasitəsilə təkzib edib. A.Rzayev deyib ki, istər saxta kartlardan hər ay 10 min manat nazirə çatması, istərsə də 2018-ci ilin fevralında 265 min verilməsi haqda deyilənlər şər-böhtandır: "Baş mühasibin keçmiş ekologiya naziri Hüseynqulu Bağırov barəsində verdiyi bəyanatlar həqiqəti əks etdirmir. İttiham aktında təqdim olunan faktlar ətrafında spekulyasiyalar etməklə məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun