Alman türkoloq: “Ermənilərin təhqirləri məni narahat etmir”

“Toplum TV” Mixail Raynhardla müsahibəni təqdim edir.
Mixail Raynhard Hess milliyyətcə almandır. İohan Volfqanq Höte adına Frankfurt Universitetində yeni tarix, yunan tarixi, islamşünaslıq və türkologiya ixtisasları üzrə təhsil alıb. Daha sonra Azad Berlin Universitetində “İmadəddin Nəsimi irsi” adlı araşdırma işinə görə doktorluq dərəcəsi alıb.
Dağlıq Qarabağ münaqişəsi haqqında iki kitab və bir neçə məqalə yazıb.
Sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra “Feysbuk” sosial şəbəkəsində Dağlıq Qarabağla bağlı paylaşımlarıyla diqqət çəkib.
– Dağlıq Qarabağ münaqişəsiylə nə vaxtdan maraqlanmağa başlamısınız və bu maraq sizdə haradan yaranıb?
– On il әvvәl ən yaxşı azәrbaycanlı dostlarımdan biri mәnә Nәsimi layihәsi ilə bağlı kömәk edirdi. O vaxt Dağlıq Qarabağ barәdә heç bir mәlumatım yox idi. Ərazi münaqişələrinə, konfliktlәrə heç vaxt marağım olmayıb, bunlar sevmədiyim məsələlərdir. Ancaq dostum mәnә bu mövzunun azәrbaycanlılar üçün dəhşətli nəticələrindən danışandan sonra ona “Yaxşı, bir az maraqlanıb sonra nә düşündüyümü sənə deyәcәm” dedim. Araşdırmağa başladım vә nәticədə ilk mәqalәmi yazdım, 2015-ci ildә dərc olundu. Sonra getdikcә marağım artdı.
– Bu məsələdə sizin azərbaycanlılara təəssübkeşlik etdiyinizi düşünənlər də var. 
– Münaqişәyә elmi baxımdan yanaşıb tәәssübkeşlik etsəm, çox pis olardı. Belə məsələlərə “sine ira et studio” – “qәzәbsiz vә rәğbәtsiz” baxmaq lazımdır. Azәrbaycanlıların vә ya ermәnilәrin xoşuna gәlmək üçün yox, olduğu kimi yazmağa diqqәt yetirmişәm. Elә buna görә dә kitab vә mәqalәlәrimә ermәnilәrin vә onların tərəfdarlarının yazdığı elmi kitablardan da mәlumatlar əlavə etmişəm, tәbii ki, әgәr uydurma deyilsә.
Münaqişәni dәrindәn bilmirәm. Keçәn on il әrzindә iki kitab, iki dә mәqalә yazmışam. Yәni әslindә çox azdır. Bu münaqişәni dәrindәn başa düşmәk üçün daha 20 il oxuyub yenidən 4-5 kitab yazmalıyam. Mən türkşünasam, ermәnicә çox az bilirәm. İşimlə bağlı olaraq azәrbaycanlıları daha yaxşı tanıyıram. Azәrbaycan mәnә maraqlıdır, dilinizi, mәdәniyyәtinizi, mentalitetinizi sevirәm. Azәrbaycandakı vә diasporadakı azәrbaycanlı dostlarımın sayı Almaniyadakı dostlarımın sayına çox yaxındır.
– “Feysbuk”da yazmısınız ki, “Berliner Zeitung” qəzetinin redaktoru Dağlıq Qarabağda Azərbaycanın apardığı hərbi əməliyyatları “aqressiya” adlandırıb, Azərbaycan rəhbərliyini Adolf Hitlerlə müqayisə edib və siz ona bu mövqeyini tənqid edən məktub yazmısınız. Bundan sonra redaktor sizə bu münaqişə haqda məqalə yazmağı təklif edib, ancaq onu dərc etməyib. Səbəb nə ola bilər – texniki problem, yoxsa qəzetin informasiya siyasəti?
– Texiniki sәbәblәrә inanmıram. Hәtta “Türkmәnçay” sözündәki “ә”ni “e” yazaraq texniki təlәblәrә uyğunlaşdırmışdım, mәqalә onların icazә verdiyi həcmdəydi, on min işarәdәn çox deyildi. “Berliner Zeitung” nisbәtәn kiçik, son illәrdә intellektual sәviyyәsi düşmüş vә nəhayət, Ştaziylə əlaqəli keçmişi olan bir sövdәgәr cütlüyünә satılmış bir qəzetdir. Bәlkə də mәnimki kimi tarixi dәrinliklәrә enәn bir mәqalәnin orada yeri yoxdur. Mənə çatan məlumatlara görә xәbәrlәrinin bir qismini TASS-dan alır vә Rusiyaya yaxındır. Gerisini sizin xәyal gücünüzә bıraxıram… Digər tərəfdən, az qala bütün alman mediasının ermәnilәrә rәğbәt göstərdiyi bir vaxtda “Qarabağ Azәrbaycandır” sәrlövhәli bir mәtn hamıya xoş görünmәyә bilәr.
– Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyinizə görə “Feysbuk”da ermənilər sizinlə bağlı mənfi rəylər yazıblar. Hətta paylaşımlarınızın silindiyini yazmışdınız. Bu, sizi narahat edirmi?
– Yaxşı hal deyil, deyil tәbii ki. “Feysbuk”da çox vaxt keçirmәdiyimә görә primitiv rәy yazan vә özü dә primitiv görünәn insanları bloklamağı təzəlikcə öyrənmişəm. Fiziki hücum təhlükəsi vә ya ciddi hәdә-qorxu olmayanda narahat olmuram. Necə deyərlər, “Hamının sevimli ola bilməzsən”. Son iki gündә mәnә “Feysbuk”da tәxminәn qırx ermәni rәy bildirib, beş-üç nəfəri çıxmaqla, hamısı sadәcә nifrәt dolu sözlər yazıb, hamısını sildim. O beş-üç adamda maraqlı fikirlər vardı, bəlkə elmi işimdә tәnqidi bir tәrzdә istifadә etmәk mümkün oldu. Mәn ermәnilәrin fikirlərinә qulaq asmağa hazıram, amma fikir olsun, söyüş yox… “Dörd min il əvvəl Qafqazda ermәni dövlәti vardı” kimi miflәr dә olmasın. Belә şeylәrә vaxt sərf etməyə heyfim gəlir.