AİHM Azərbaycanın Ermənistana qarşı müraciətinə baxacaq

AİHM Azərbaycanın Ermənistana qarşı müraciətinə baxacaq
29 Oktyabr 2020
Mətni dəyiş
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məhkəmənin 39-cu qeqlamentinə əsasən  Ermənistana qarşı təminat tədbirlərinin tətbiq edilməsi barədə Azərbaycanın vəsatətini icraata qəbul edib.

AİHM-in məlumatında deyilir ki, Bakı Strasburq məhkəməsindən Yerevanın üzərinə “Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycanın yaşayış rayonları, ictimai binalar, qəbiristanlıqlar, digər mülki obyektlər və infrastruktura raket və artilleriya atəşlərinin dayandırılması” öhdəliyinin qoyulmasını xahiş edir.

Bundan əlavə, Azərbaycan özünün işğal olunmuş ərazilərində kriminal strukturlara hərbi, siyasi, maliyyə və ya hər hansı digər dəstəyin dayandırılmasını zəruri hesab edir.

Bakı həmçinin AİHM-in Ermənistandan əslində, muzdlu olan hərbi qüvvələri, silahlar və könüllüləri Azərbaycanın suveren ərazisinə göndərməsini dayandırmağı və Azərbaycan ərazisində Ermənistan vətəndaşlarının və ya xarici vətəndaşların aşkar edilməsinə çağırışlarından çəkinməyi tələb etməyi xahiş edir.

Nəhayət, Azərbaycan AİHM-dən xahiş edir ki, Ermənistandan “Azərbaycan ərazisindəki qeyri-leqal yerləşən hərbi qüvvələrini və texnikalarını çıxarmağı” və “Azərbaycana və onun vətəndaşlarına ünvanlanmış nifrət siyasətindən əl çəkməyi tələb etsin”.

AİHM-in məlumatında bildirilir ki, “sorğuya tezliklə baxılacaq”.

Məhkəmə qeyd edir ki, 29 sentyabr 2020-ci il tarixində “Ermənistan Azərbaycana qarşı işində (42521/20 saylı)” o, tərəfləri hər hansı tədbirlərin görülməsindən, əsasən  mülki əhalinin Konvensiyada nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb ola biləcək hərbi hərəkətlərdən çəkinməyə çağırıb.

O, hər iki tərəfi Konvensiyaya uyğun olaraq, xüsusilə də Konvensiyanın 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzanın qadağan edilməsi) maddələri ilə öz öhdəliklərinə əməl etməyə çağırıb.

Məhkəmənin 39 reqlamentinə əsasən AİHM Avropa İnsan Hüquqları Konvensiyasına üzv olan istənilən dövlətə müvəqqəti tədbirlər tətbiq edə bilər. Müvəqqəti tədbirlər yalnız düzəlməz zərərin vurulmasının labüd təhlükəsi olduqda tətbiq edilir.

Oktyabrın 29-na olan məlumata görə, sentyabrın 27-də hərbi əməliyyatlar başlayandan Azərbaycanın 90 dinc sakini həlak olub, 392 nəfər isə yaralanıb. 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki infrastruktur obyekti dağıdılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun