Ağır xəstəlikdən əziyyət çəkən inanclı fəala ağır cəza

Ağır xəstəlikdən əziyyət çəkən inanclı fəala ağır cəza
28 Oktyabr 2020
Mətni dəyiş

Müsəlman Birliyi Hərəkatının həbsdəki fəallarından Şamil Həsənov 4 il 6 ay azadlıqdan məhrum edilib. Oktyabrın 27-də Binəqədi rayon Məhkəməsində hakim onun haqqında belə hökm çıxarılıb.

Ş.Həsənov CM-in 228.1 (qanunsuz silah saxlama) və 167-3.1 (dini ekstremist materialları hazırlama, yayma və ya saxlama) maddələri ilə ittiham olunur. Amma Ş.Həsənov özünü təqsirli bilmir. Onda nə silah, nə də dini ekstremist materiallar olmadığını deyir.

Hakim hökmü elan etməmişdən öncə Ş.Həsənov son sözündə də günahsız olduğunu vurğulayıb. Ağır xəstəlikdən əziyyət çəkdiyini deyən Ş.Həsənovun sözlərinə görə, ailəsinin yeganə qazanc gətirəni o idi. Onun həbsindən sonra ailəsi, üç övladı acınacaqlı vəziyyətə düşüb. İnanclı fəal son sözünü hakimdən belə vəziyyətə biganə qalmamağı, ədalətli hökm çıxarmağı istəməklə bitirib.

Hakim Vüsal Tağıyev təxminən bir dəqiqəlik müşavirədən sonra onun hər iki maddə üzrə təqsirli bilinməsi və 4 il 6 ay həbs cəzası kəsilməsi haqda hökmü elan edib.

"Guya evdən silah tapılıb"

Ş.Həsənovun yaxınları AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək: "Günahsız bir adamı evindən aparıb, üstünə silah, başqa şeylər qoyub belə ağır cəza verdilər. Şamil xeyli vaxtdır beyin xərçəngindən əziyyət çəkir, əməliyyat olunur, dərmanla yaşayan adamdır. O vəziyyətdə işləyib ailəsini dolandırırdı. Bu hökmü verənlər o üç uşağın ahından qorxmur?".

Ailə üzvlərinin bildirdiyinə görə, Ş.Həsənovu iyunun 22-də axşam saat 17.00 radələrində evdən mülkigeyimlilər aparıb. Bir gün sonra öyrəniblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir:

"Guya onu küçədə tutublar, guya evdən silah tapılıb... Hamısı yalandır. Bir gün sonra evə nə qədər adam gəlmişdi, heç nə də yox idi. Bilə-bilə ki, Şamili həbs ediblər, kim evdə silah saxlayar? O evdə silah ümumiyyətlə, olmayıb".

Yaxınları hesab edir ki, Ş.Həsənov Müsəlman Birliyi Hərəkatının fəalı olduğuna görə cəzalandırılır.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və təşkilatın onlarla üzvü həbsdədir, qəsdən adamöldürmə və başqa cinayətlərdə ittiham ediliblər. Onlar günahsız olduqları, həbs olunarkən işgəncələrə məruz qaldıqlarını bildirirlər. T.Bağırov 20 il həbs cəzası alıb.

Daxili İşlər Nazirliyi işgəncələr barədə iddiaları təkzib edib, bu barədə deyilənlərin özünümüdafiə cəhdi olduğunu açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun