12 il əvvəl metroya görə sökülən obyektinin pulunu ala bilmir

Bakı sakini İbiş Yusifov 12 il əvvəl sökülmüş əmlakına görə kompensasiya almaq üçün illərdir ki, məhkəmə yollarındadır.

2003-cü ildən İ.Yusifova məxsus 358 kvadratmetrlik obyekt paytaxtın 6-cı mikrorayon ərazisində, S.Məmmədova küçəsində yerləşib. Əmlak 2008-ci ilin martında, həmin ərazidə “Nəsimi” metro stansiyasının tikilməsinə görə sökülüb. Onun sözlərinə görə, illərlə metropoliten rəhbərliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Binəqədi rayon İcra Hakimiyyətinə müraciətləri nəticə verməyib. Ona görə məcbur olub, məhkəməyə üz tutub.

4 milyon manat tələb edib

Bu işə bir dəfə Bakı İnzibati-İqtisadi Məhkəməsində, iki dəfə Bakı Apellyasiya Məhkəməsində, iki dəfə də Ali Məhkəmədə baxılıb.

Məhkəmə Maliyyə Nazirliyini də üçüncü tərəf kimi prosesə cəlb edib.

İ.Yusifov öncə sökülən obyektə görə 1 milyon 878 min, ötən illərdə əldən çıxmış fayda və mənəvi ziyana görə də 500 min manat (cəmi 2 milyon 378 min) kompensasiya tələb edib. Sonradan iddia tələbində məbləğ dəyişib. Mülkiyyətçi 4 milyon tələb edib. Elə məbləğ məsələsinə görə də illərdir ki, bu məhkəmə çəkişməsi davam edir.

Birinci instansiya məhkəməsi əmlakın dövlət ehtiyaclarına görə söküldüyünü əsas gətirib və mülkiyyətçiyə cəmi 360 min manat ödənilməsinə qərar verib. Bu qərar nə İ.Yusifovu qane edib, nə icra hakimiyyətini, nə də Maliyyə Nazirliyini. Onlar əvvəl apellyasiya şikayəti veriblər. Qərar dəyişmədiyinə görə daha sonra kassasiya şikayəti verilib.

Kompensasiyanın məbləği artırılsa da…

Ali Məhkəmə aşağı instansiyanın qərarını ləğv edərək işi yenidən apellyasiya baxışına göndərib. Bu dəfə Bakı Apellyasiya Məhkəməsi kompensasiyanın məbləğini 537 minə qədər artırıb. Amma yenə də məsələyə nöqtə qoyulmayıb. İ.Yusifov məbləğin azlığına görə bir daha Ali Məhkəməyə üz tutub. Maliyyə Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti isə ümumiyyətlə, kompensasiya qərarının ləğvini istəyib.

“Bu işdə cavabdeh “Bakı Metropoliteni” olmalıdır. Bu işin Bakı şəhər İcra Hakimiyyətinə aidiyyəti yoxdur. Ona görə də bizə qarşı iddia mümkünsüz sayılmalıdır”, – icra hakimiyyətinin nümayəndəsi belə deyib.

İ.Yusifov məhkəmədə iddia qaldıranda “Bakı Metropoliteni”ni də cavabdeh kimi qoyub. Amma məhkəmə onu cavabdeh qismində tanımayıb. Hətta həmin qərardan icra hakimiyyəti apellyasiya və kassasiya şikayətləri versə də, təmin edilməyib.

Oktyabrın 15-də illərdir davam edən bu mübahisəyə son nöqtəni qoyan Ali Məhkəmə kompensasiya ödəmək istəməyən Maliyyə Nazirliyinin şikayətini də əsassız sayıb. Amma əmlak sahibinin şikayətini qismən təmin edib. – kompensasiyanın məbləğini isə 860 min manata qədər artırıb. Lakin bu məbləğ də İ.Yusifovu qane etmir.