Əli Kərimlinin sürücüsü: 'Narkotik satanamsa, evimə niyə baxmadılar?'

Əli Kərimlinin sürücüsü: 'Narkotik satanamsa, evimə niyə baxmadılar?'
27 Oktyabr 2020
Mətni dəyiş

AXCP sədri Əli Kərimlinin sürücüsü Paşa Umudov deyir ki, siyasi baxışlarına görə onun haqqında 4 il 6 aylıq həbs hökmü çıxarıblar. Bu hökmün ləğvini istəyən P.Umudovun şikayətinə oktyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində baxılıb.

P.Umudov məhkəmədə bildirib ki, nəinki narkotik satmaq, heç narkotikin necə olduğunu bilmir. Ondan narkotik aldığı iddia olunan şəxslərin məhkəmədə dindirilməsini tələb edən AXCP fəalı bildirib ki, o adamlara veriləcək sualları var. Amma Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

"Məni oktyabrın 15-də həbs ediblər. Oktyabrın 19-na da Milli Şuranın mitinqi təyin olunmuşdu. Hər dəfə mitinqöncəsi nə qədər cəbhəçini tuturlar. Bu dəfə də tuturdular. Belə bir vəziyyətdə mən cibimdə narkotik gəzdirərdimmi? Məntiq olmalıdır. Məni narkotik satışında ittiham edirlər. Bəs niyə evimdə axtarış aparmayıblar, bəlkə elə evdə də var idi. Bütün bunlar göstərir ki, narkotik ittihamı həbsim üçün quraşdırılmış işdir, səbəb Əli Kərimlinin sürücüsü olmağımdır", - P.Umudov məhkəmədə ifadəsində belə deyib.

Ziddiyyətlər araşdırılmayıb

Vəkili Zibeydə Sadıqova da apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması, şahidlərin dindirilməsi barədə vəsatət qaldırıb. Vəkilin sözlərinə görə, cinayət işinin materiallarında çoxlu sayda ziddiyyətlər var, birinci instansiya məhkəməsində hakim araşdırıb qiymət verməyib. Bunların araşdırılmasını istəyən vəkilin də vəsatətləri təmin olunmayıb.

Bakı Apellyasiya Məhkəməsi P.Umudovun şikayətini təmin etməyib, onun 4 il 6 ay azadlıqdan məhrum edilməsi barədə Nərimanov rayon Məhkəməsinin hökmü qüvvədə saxlanıb.

Hökmə əsasən, P.Umudov CM-in 234.2 (narkotik maddə satışı) maddəsiylə təqsirli bilinib.

Milli Şuranın 19 oktyabr 2019-cu ildə Bakının mərkəzində keçirdiyi mitinqdən öncə AXCP-nin ondan çox fəalı həbs olunmuşdu. Onların əksəriyyəti polisə müqavimətdə, bəziləri də narkotik saxlamaqda ittiham olunurdu. AXCP isə üzvlərinin mitinqin qarşısını almaq məqsədilə həbs edildiyini, ittihamların saxta olduğunu bəyan edirdi.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə cəzalandırılmadığını deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun