Azərbaycanlı hüquq müdafiəçiləri beynəlxalq ictimaiyyəti repressiyalara biganə qalmamağa çağırıblar

Azərbaycanlı hüquq müdafiəçiləri beynəlxalq ictimaiyyəti repressiyalara biganə qalmamağa çağırıblar
3 Avqust 2020
Mətni dəyiş

Azərbaycanın hüquq müdafiəçilərindən və fəallarından ibarət böyük bir qrup ölkədə hakimiyyətin tənqidçilərinə təzyiqin güclənməsi ilə əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət ediblər.

Sənəddə deyilir:

“Pandemiya dövründə Azərbaycanda insan haqlarının durumu kəskin pisləşib. Xüsusilə, bu ilin iyulunda Azərbaycan-Ermənistan sərhəddində baş verən, çoxlu qurbanlarla müşayiət olunan hadisələrdən sonra hakimiyyət siyasi opponentlərinə qarşı təzyiqləri daha da gücləndirib.

Hər gün yeni-yeni siyasi repressiya qurbanları barədə ictimaiyyət məlumatlar alır. Azərbaycan-Ermənistan sərhədində baş verən son faciəli hadisələr fonunda iyulun 14-də ölkəmizin ərazi bütövlüyünə, Orduya dəstək şüarları ilə başlanan çoxminli və dinc küçə yürüşlərinin iştirakçılarının az bir hissəsinin, həmin ərazidə çoxsaylı polis və hərbi qüvvələr toplandığı halda, heç bir müqavimət olmadan Parlamentin binasına daxil olmasından sonra toplantı texnika və güc tətbiq edilməklə dağıdıldı.

Bu hadisədən sonra ölkə başçısı İlham Əliyev hökumətin iclasında həmin olayları təxribat kimi təqdim edərək onları AXCP-nin dövlət çevrilişi məqsədi ilə təşkil etdiyini bildirdi. Prezidentin həmin çıxışından sonra onun adını çəkdiyi siyasi qurumun rəhbərliyində olan şəxslər və sıravi üzvlərin bir-birinin ardınca həbsi başlandı və proses davam edir. Həbs olunanlar arasında başqa siyasi qurumların təmsilçiləri, ictimai fəallar da var (onlar barədə məlumatlar Əlavədə təqdim olunur).

Həbs edilənlərin əksəriyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, külli miqdarda zərər vurmaq), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci maddələri (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və digər maddələri ilə nəzərdə tutulan ağır cinayət əməlləri törətməkdə ittiham olunurlar.

AXCP-nin iki rəhbər üzvünə (Fuad Qəhrəmanlı və Məmməd İbrahim) əlavə olaraq CM-in 278-ci (Hakimiyyəti zorla ələ keçirmək) maddəsi ilə ittiham irəli sürülüb. Daha bir neçə siyasi fəala CM-in 139-1.1-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) cinayət ittihamı verilib ki, onların arasında keçmiş siyasi məhbus, hazırda özü də həbsdə olan Məmməd İbrahimin oğlu Mehdi İbrahimov, AXCP fəalı Məhəmməd İmanlı və başqaları da var.

Ümumilikdə, iyul hadisələri ilə bağlı ən azı 37 şəxs barəsində cinayət işi açılıb, onlardan 36 nəfər barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri seçilib, 1 nəfər ev dustaqlığına göndərilib. Barəsində cinayət işi qaldırılan şəxslərin 17 nəfəri AXCP-ni təmsil edir.

Ən azı 27 nəfər barəsində inzibati həbs cəzası verilib ki, onlardan 10 nəfəri AXCP üzvüdür. Saxta ittihamlarla həbsə atılmış siyasi və ictimai fəalların prosessual hüquqları kobud şəkildə pozulur, bəzi istisnalar olmaqla, onların vəkilləri və yaxınları ilə görüşünə imkan verilmir; həmçinin bu şəxslərin əksəriyyətinin işgəncə və pis rəftarın digər formalarına məruz qalmaları barədə xəbərlər yayılmaqdadır.

Azərbaycan hakimiyyətinin pandemiya ilə əlaqəli qadağa və məhdudiyyət rejimindən yararlanaraq öz tənqidçilərini, siyasi opponentlərini tamamilə sıradan çıxarmaq, azad sözü tam susdurmaq yolunu tutduğu göz önündədir.

Biz, hüquq müfafiəçiləri və vətəndaş cəmiyyəti təmsilçiləri olaraq ölkədə insan hüquqları sahəsində durumun əhəmiyyətli şəkildə pisləşməsindən narahatlığımızı bildirməklə yanaşı, Avropa Birliyi, Avropa Şurası, BMT, ATƏT və digər dövlətlərarası beynəlxalq qurumlara, beynəlxalq insan haqları qurumları təşkilatlarına, mütərəqqi hökumətlərə müraciət edərək siyasi repressiyalara son qoymağı, həbsə atdığı günahsız insanları dərhal azad etməyi Azərbaycan hakimiyyətindən tələb etməyi edirik.

Biz həmçinin ölkənin mütərəqqi ictimaiyyətinə üzümüzü tutaraq baş verənlərə biganə qalmamağı, bütün qanuni vasitələrdən yararlanaraq repressiyalara qarşı etiraz səslərini qaldırmağı xahiş edirik".

Sənədi Leyla Yunus, İntiqam Əliyev, Yalçın İmanov, Akif Qurbanov, Gunay İsmayılova, Samir Kazımlı, Rövşən Hacıbəyli, Sevinc Vaqifqızı, Fuad Həsənov, Əlövsət Sadıqlı, Emin Hüseynov, Namizəd Səfərov, Eldəniz Quliyev, Hilal Məmmədov, Avtandil Məmmədov, Rəşid Hacılı, Əlayif Həsənov, Zəfər Əhmədov, Sayğın Rüstəmli, Zaur Əkbər, Təzəxan Mirələmli, Rüfət Səfərov imzalayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun