Nyu-York meri Blasionun 25 yaşlı qızı etiraz aksiyasında həbs edilib

Çiara de Blasio, Bill de Blasio (soldan sağa)

Nyu-York meri Bill de Blasionun qızı Çiara de Blasio şəhərdə keçirilən etiraz aksiyası zamanı həbs edilib. Bu barədə Nyu-York Polis Departamentindən ‘Insider’ nəşrinə məlumat verilib.

Polis mənbələrinin bildirdiyinə görə, 25 yaşlı gənc şənbə günü axşam saat 10:30 radələrində Corc Floydun ölümünə etirazlar zamanı saxlanılıb.

Məlumata görə, merin qızı qanunsuz toplaşmaqda ittiham olunur və yaxın vaxtlarda məhkəməyə çıxarılacağı deyilir. Bildirilir ki, şənbə günü Nyu-Yorkda keçirilən etiraz aksiyalarında 345 nəfər saxlanılıb, 33 polis yaralanıb.

Bill de Blasionun nümayəndələri ‘Insider’ nəşrinə bu məsələni dərhal şərh edə bilməyəcəklərini bildiriblər.

ABŞ-ın Minnesota şəhərində 46 yaşlı qaradərili vətəndaş Corc Floydun polis tərəfindən zorakılığa məruz qaldıqıdan sonra həyatını itirib. Bundan sonra etirazlar başlayıb və sürətlə ölkənin bir çox şəhərinə yayılıb.

Hadisəyə etiraz olaraq Birləşmiş Ştatların bir çox ştatında və bir sıra xarici ölkələrdə irqçilik əleyhinə etiraz aksiyaları baş qaldırıb. Etirazlar zamanı polislə qarşıdurma və binaların, maşınların yandırılması halları da baş verib.