Azərbaycanlılar koronoavirusa niyə inanmır? – Elnur Astanbəyli

Elnur Astanbəyli

Elnur Astanbəyli

Xeyli adamın əlinə yenə xalqı topa tutmaq üçün yaxşı bəhanə keçib. Hərə əlinə bir balta, dəhrə, yaba götürüb camaatı “yortmaqla” məşğulduq. Səbəb: koronovirusa inanmırlar, məsuliyyətlərini hiss eləmirlər, odur ki, Azərbaycanda pandemiya hər gün bir az da təhlükəli miqyas alır!

İlk baxışda haqsız deyillər. Lakin məhz ilk baxışda!

Həmişəki kimi, səbəb qalıb qıraqda, əksəriyyət nəticə ilə döyüşür, nəticəyə görə ehkam kəsir, nəticəyə görə çıxış yolu göstərir.

Məsələn, kimsə demir ki, azərbaycanlılar koronovirusa niyə inanmalıdırlar? Hər gün pandemiya ilə bağlı ekranlara çıxarılan, son göstəriciləri açıqlayan, cəmiyyəti karantin rejimi qaydalarına əməl etməyə çağıran İbrahim Məmmədliyə görə? Ad-soyadı Az.TV-nin efirində “Almaniyanın dağıldığı” barədə gülünc xəbərlərlə assosiasiya edilən bir adamın dilindən səsləndirilən “həyəcan siqnalı”nı kim ciddiyə alar?

Camaatdan onun “telekanalizasiya” deyib rişxənd elədiyi, məsxərəyə qoyduğu, illərdir gecə-gündüz evlərə yalan daşıyan telekanallarınızın “Evdə qal” çağırışına əməl etməsini gözləmək qədər sadəlövh bir şey ola bilərmi? Bu telekanalların efirini indiyədək həqiqətin üzünə bağlayıb, onlardan ictimai şüuru yüksəltmək yerinə toplumdakı mənəvi deqredasiyanı dərinləşdirmək vasitəsi kimi istifadə edib indi hansı haqla vətəndaş məsuliyyətsizliyindən gileylənirsiniz? Bu telekanallarda Nadir Qafarzadələri, Namiq Qaraçüxurluları, Pünhan İsmayıllıları, Əli Mirəliyevləri, Ay Zaurları, Elgizləri… dəyər kimi xalqa sırıyıb sonra da camaatdan bu adamların koronovirusla bağlı həyəcan təbilinə qulaq verməyi gözləmək hansı məntiqə sığır?

Təhsil ocaqlarını rüşvət, korrupsiya ocaqlarına çevirib, ölkədə kütləvi savadsızlığın önünü açıb, tənqidçi, mühakiməçi, araşdırıcı, sorğulayıcı fərdlər yerinə “şəxsiyyətə pərəstişçilər” yetişdirməklə məşğul olub sonra da cəmiyyətin səviyyəsindən gileylənməyə kimin nə haqqı var? Vətəndaş seçkinin azad, məhkəmənin ədalətli olduğuna inanmırsa, koronavirusun təhlükəli olduğuna niyə inansın? Vətəndaş seçkini tamaşa, məhkəməni məzhəkə kimi görürsə, pandemiyanı niyə düzməcə, uydurma hesab eləməsin? Vətəndaş seçmədiyi deputatın, güvənmədiyi məmurun, bir orden-medal, bir prezident təqaüdü, bir ev, bir vəzifə üçün saray təlxəyinə çevrilən alimin, şair-yazıçının, jurnalistin, bir sözlə ziyanlı ziyalı tayfasının sözünə niyə bel bağlamalı, sağlamlığının həqiqətən qorxunc risklə qarşı-qarşıya olduğu fikri ilə barışmalıdır?

Deyə bilərsiniz, insanlar İbrahim Məmmədliyə inanmırlar, Elgizə gülürlər, bəs həkimlərə niyə inanmırlar? Yenə ilk baxışda haqlısınız. Lakin yenə də məhz ilk baxışda!

Çünki söhbət həkimdən düşəndə, el ağzı ilə desək, Kərəmi ümumiyyətlə ağlamaq tutur.

Bu gün pandemiya ilə mübarizənin ön cəbhəsində dayanan səhiyyə işçilərinin əməyini əsla kiçiltmədən, onlara minnətdarlıq duyğusunu gizlətmədən yazmaq məcburiyyətindəyəm: camaatın leksikonuna “ağ xalatlı qəssab” ifadəsini kim gətirdi? Həkimləri illər uzunu qəpik-quruş maaşa möhtac edib xəstənin ağrıyan yerindən öncə onun əlinə, cibinə baxmağa kim məcbur qoydu? Girin google-yə, “həkim səhlənkarlığı” yazın, “həkim, rüşvət” yazın, qarşınıza çıxacaq nəticələr ətinizi ürpəşdirəcək! Bundan sonra camaatdan həkim sözünə, həkim çağırışına, həkim öyüd-nəsihətinə hansı inam, hansı etibar gözləyirsiniz?

Bir məmləkətdə ki, adamlar artıq səhiyyədən ümidini kəsib, əlini üzüb pirlərə, türkəçarələrə sığınır, Beşbarmaqda qurban kəsib şəfa tapacağına, bir qaşıq eşşək südünü yarım stəkan suyla qarışdırıb içdikdən sonra sağalacağına daha çox inanır, biz durub nədən danışırıq, əzizim, iki gözüm?!

İllərdir yazmaqdan əlimiz, söyləməkdən dilimiz qabar olub: dəyərləri dəyərsizləşdirməyin! Müəllim sözünü seçki saxtakarlığının, fondpulunun, süpürgəpulunun sinoniminə çevirməyin. Səhiyyəni rüşvət, korrupsiya zəncirinin bir halqasına çevirməyin, həkimləri ələbaxımlılığa öyrətməyin. Yalanı həyat tərzinə çevirməyin. Yalançıları mükafatlandırmayın. Elm, sənət, qələm adamlarından “əl quzuları” düzəltməyin, onları toplumun gözündə etibarsızlaşdırmayın. Cəmiyyətin ən pis günlərdə, ən dar ayaqda inanacağı, güvənəcəyi, etibar edəcəyi, sözünü dinləyəcəyi qurumlar, fərdlər saxlayın. Hər kəsdən sizin kimi düşünməyi istəməyin. Bu bir toplumu məhvə aparan yoldur. Bu yoldan çəkinin.

Ancaq nə faydası? Özümüz yazıb özümüz oxuyur, özümüz deyib özümüz eşidirik. Nəticə göz önündədir.

Nə qədər yazmaq, nə qədər söyləmək olar ki, Azərbaycanda ictimai şüuru boğmaq yerinə onu yüksəltmək lazımdır. Toyxana təfəkkürü yerinə təhsili, bilgini önə çıxarmaq lazımdır. Məktəbi, universiteti karikaturaya, kitabxanaları kababxanaya çevirməkdən əl çəkmək lazımdır. Azad mətbuatdan “əl quzusu” düzəltmək yerinə onun meydanını genişləndirmək lazımdır. Cəmiyyətdə fikir fərqliliklərinin önünü açmaq, polemika mühitini stimullaşdırmaq lazımdır. Adamların qorxusuzca düşünmələrinə, özlərini sərbəst şəkildə ifadə etmələrinə imkan yaratmaq lazımdır. Ölkəni “qəbristanlıq sükutuna” qərq etmək yerinə daim diri, canlı saxlamaq lazımdır. Ki, ictimai şüur da yüksəlsin.

Axı yalnız ondan sonra vətəndaş məsuliyyətindən də danışmaq mümkündür!

Əks halda koronavirusa inanmadıqları, pandemiya ilə mübarizə tədbirlərinə tələb etmədikləri üçün camaatı qınamaqla işin içindən çıxmaq mümkün deyil. Hətta bu adamda ancaq və ancaq ikrah doğurur.

Diqqətinizə görə sağ olun.