Qaralov erası - Yalçın İmanov

Qaralov erası - Yalçın İmanov
6 May 2020
Mətni dəyiş

Qaralovun ən parlaq xüsusiyyəti onun cəzalandırmasıydı. Onun 20 illik baş prokurorluq mirasının ən ümdə keyfiyyət əlaməti məhz budur: total cəzalandırma. O, bu müddətdə prokurorluğu məhkəmə hakimiyyətinin bir qolundan çıxarıb, siyasi alətə, cəza siyasətinin saz, işlək mexanizminə çevirdi.

Avtoritar rejimlərdə zəif fiqurların irəli çəkilməsi və onların yüksək postlara təyinatı tapşırıqların müzakirəsiz və birmənalı həyata keçirilməsi niyyətinə xidmət edir. Qaralov bu mənada uğurlu tapıntıydı və onun bu xarakter xüsusiyyətini həm də zəruri peşə keyfiyyətlərinə malik olmaması süsləyirdi. Onun antropoloji əlamətləriylə hüquq anlayışını bir yerdə təsəvvür eləməyə fantaziya gücü belə yetmir.

Qaralovun baş prokuror missiyasının bunca uzun ömürlü olmasının sirrlərindən birini də yəqin ki burda axtarmaq lazımdır.

Onun vaxtında prokurorluq məhkəmə hakimiyyətinin bir qolundan çıxıb, həmin hakimiyyətin başına transformasiya olundu. Üçbaşlı, beşbaşlı əjdaha. Məhkəmə hakimiyyətinin qalan bütün qolları bu başın - prokurorluğun qul-qaravaşına çevrildi, üzüyola, sədaqətli qulluqçusu oldu, itaətlə xidmətində dayandı.

Mən siyasi işləri demirəm, onlarla məsələ nisbətən daha aydın və sadədir. Bu cür işlərdə medianın təbii diqqəti və azsaylı müstəqil vəkillərin mövcudluğu qanunsuzluq ehtirasının qarşısını nisbətən kəsir, nələrisə, hansısa ağılsız planları ləngidir. Amma bütün qalan, qeyri-siyasi işlərdə vəhşi, anlaşılmaz, ha baş sındırsan da cavabını tapa bilmədiyin özbaşınalıq rəqsi!!! Prokrust yatağı, bir sözlə! Bu yatağa uyğun gəlməyənlərin istisnasız olaraq hamısının ayaq və başları qayçılanır, standart hala gətirilirdi.

Amma bu nəyin qisası, hüquqi vendettasıydı?! Cavab yoxdur.

Qaralovun və onun 15 illik müavini Rüstəm Usubovun qəzəbli və qərarlı imzaları onmilərlə insanın taleyinin üstündən qara xətt çəkib. Bir sıra hallarda saxta, əksərən qeyri-proporsional, şişirdilmiş və “yüklənmiş” ittiham aktlarının son vərəqlərindəki bu imzalar laqeyd şəkildə cəmi sonrakı hüquqi gedişatı bəri başdan müəyyən edirdi. Prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri hesab edilən cəzanın məqsədinə nail olunmasında iştirakçılıq cəzanın təyin olunmasında şəriksiz söz sahibinə, başçılığa çevrilmişdi. Hüquqi mutasiya!

[caption id="attachment_35044" align="alignleft" width="1000"]yalçın imanov əsas Yalçın İmanov[/caption]

Azərbaycanda insan talelərini alın yazısı, Tanrı qisməti və aqibəti deyil, öləri məmurlar və onların imzaları müəyyən edir adəta! Azərbaycanlı məmurların imzaları yalnız onların özləri barədə məlumat mənbəyi deyil, həm də Azərbaycan insanının taleyi barədə əvəzsiz bilgi materialıdır. Azərbaycan qrafalogiya elmi (əgər varsa) nə vaxta bu sahəyə qayıtmalı, qrafoloji təhlillə məşğul olmalıdır.

Qaralovun dövründə ittihamı sübutetmə vəzifəsi prokurorluğun üzərindən qaldırıldı və prokurorlar bu vəzifədən bilmərrə azad edildilər. İri kreslolara yayxanmış narahat hakimlər məlun-məlun niyəsə bir az aşağıda əyləşmiş dövlət ittihamçılarını nişan verib, çiyinlərini yuxarı çəkir, paralel olaraq əllərini aciz şəkildə yana açırdılar. İsanın əbədi obrazına parodiya! Və vizual eyhamın yazılı izahı “bizlik deyil, başınıza çarə qılın”.

Prokurorluğun stajlı qocaman peşəkarları, azsaylı, ancaq ləkələnməmiş, çox istedadlı gənc hüquqşünasları da hərdən dilə gəlib, xısın-xısın passiv etiraz püskürür, dərdlərinin buxarını çıxarırdılar.

Qaralovun dövründə prokurorluğun fəaliyyətinin əsas prinsipləri – siyasi bitərəflik, obyektivlik, qərəzsizlik, faktlara əsaslanma, insan hüquq və azadlıqlarına əməl və hörmət edilməsi, hər kəsin qanun qarşısında bərabərliyi və ən nəhayət, qanunçuluq – qətl edildi və hüquq-mühafizə arealından naməlum istiqamətə sürgün edildi.

Qaralov erası bizim eradan əvvəldi. O, yeni dövr Azərbaycan mifalogiyasının Prokrustlarından biridir! Siyasi sistem, yoxsa şəxsiyyət, insan və sistem münasibətlərinin, onların qarşılıqlı təsirinin dekonstruksiyası baxımdan bu era ən əbləh müzakirələrə yeni impuls verə bilər.   

***

İndi nə baş verəcək? Prokurorluqda nə isə dəyişəcəkmi? Prokurorluq öz qanuni çərçivəsinə qaytarılacaqmı? Ali icra hakimiyyətinin rəhbəri ilə məhkəmə hakimiyyətinin bir qolunun yeni təyin olunmuş başçısı arasındakı görüşdə ikincinin rüku halında duruşu və “dövlətçiliyə” sədaqət andı Monteskyonun ruhunu sızıldatmalıdı məntiqlə.

Sən demə fransız maarifçisinin böyük konsepsiyası bir işə yaramırmış.

Hələ mən yeni baş prokurorun məşiət korrupsiyasıyla çarpışmasını və bu sahədə əldə etdiyi “töhfələri” qatlayıb bir kənara qoyuram.

Fundamental üllüziya!...

Yalçın İmanov

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun