Prezidentə şikayət edən AzTV işçiləri haqqında polisə və məhkəməyə şikayət edilib

Prezidentə şikayət edən AzTV işçiləri haqqında polisə və məhkəməyə şikayət edilib
23 May 2020
Mətni dəyiş

"Son günlər bəzi internet resurslarında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ünvanına həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş və anonim xarakterli məlumatlar yayılır".

Bu barədə AzTV-nin İctimaiyyətlə Əlaqələr Şöbəsi açıqlama yayıb. Məlumatda deyilir ki, işdən çıxarılan 9 sürücü AzTV-dən yanacaq oğurluğu edib və bu, konkret faktlar, avtomobillərə quraşdırılan avadanlıqlarla sübuta yetirilib.

"Hazırda QSC bu barədə (8 nəfər barəsində) Səbail Rayon Polis İdarəsinə və (1 nəfər barəsində) Laçın Rayon Məhkəməsinə müraciət göndərib.

Bundan əvvəl dövlət televiziyasından çıxarılan 9 əməkdaş prezident İlham Əliyevə AzTV rəhbəri Rövşən Məmmədovdan şikayət edib müraciət ünvanlamışdılar:

"Sizə müraciətimizdə bildiririk ki, verdiyiniz göstərişlərə və ayrı-ayrı qurumlara etdiyiniz çağırışlara əsasən, pandemiyaya görə tətbiq olunan karantin dövründə heç bir işdən çıxarılma halı olmamalı, insanlar işlərini itirməməli və imkansız ailələrə yardım göstərilməlidir".

[caption id="attachment_85353" align="alignleft" width="1416"] AzTV rəhbəri Rövşən Məmmədov[/caption]

Onların müraciətlərində deyilirdi ki, 'Azərbaycan Televiziya və Radio Verilişləri' Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov prezidentin hümanist tapşırıq və tövsiyələrinizə məhəl qoymadan 9 nəfər sürücü vəzifəsində çalışan işçiləri hədə və şərləmə üsulu ilə aprelin 22-dən etibarən işdən azad edib.

AzTV-nin açıqlamasında isə deyilir ki, bu gün dövlətdə aparılan kütləvi təmizləmə və korrupsiyaya qarşı mübarizə fonunda həmin adamları işdə saxlamağın özü belə qanunu pozmaq deməkdir.

"Bəli, karantin dövründə kimisə işdən azad etməmək barədə dövlətin müraciəti və konkret göstərişlər var. Amma bu o demək deyil ki, kimsə çalışdığı iş yerində oğurluq edə, şirkətə maddi ziyan vura bilər.

Vurğulamaq lazımdır ki, müraciətdə adları çəkilən sürücülərdən biri - Məmmədov Anar Vaqif oğlu təxminən 1 il əvvəl də xidməti maşından yanacaq çəkdiyi zaman əməkdaşlar tərəfindən saxlanılıb. Amma ailə vəziyyəti nəzərə alınaraq işdən azad edilməyib, töhmət verilib və yenidən işə qaytarılıb. Lakin o, həmçinin digər 8 nəfər yenidən bu əmələ əl atıblar".

Qeyd edək ki, işçilərin işdən çıxarılması hadisəsi sürücülərin məvaciblərinin 50 faiz artırılmasından sonra baş verib.

Prezidentə məktub yazan işçilər müraciətlərində bildiriblər ki, gözlənilmədən və haqsız yerə qəfil işlərini itirmək ailəli vəziyyətdə olaraq onlar üçün çox çətindir.

"Biz daima Sizin bütün sahələri əhatə edən uğurlu siyasətinizi və dövlətçiliyi dəstəkləmişik. Şübhəsiz ki, bu dəyişilməz olaraq qalacaq. Yazıb sizdən xahiş edirik ki, AzTV-də bizə qarşı edilən haqsızlığın araşdırılmasına və bizim əvvəlki işimizə (sürücü vəzifəsinə) bərpa edilməyimizə müvafiq tapşırıqlarınızı verəsiniz!"

İşdən çıxarılan və prezidentə müraciət edən şəxslər bunlardır: Mirzəyev Əlbaba Məmmədağa oğlu, Məmmədov Anar Vaqif oğlu, Əliyev Nurlan Seyran oğlu, Süleymanov Faiq Əli oğlu, Mehtiyev Tərlan Əlbala oğlu, Mustafayev Vəfalı Nazir oğlu, Nəqiyev Şakir Nəsib oğlu, Sultanov Adil Əhmədağa oğlu, Davudov Kamil Abid oğlu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun