Milli Şura hakimiyyəti İran-Ermənistan əməkdaşlığına göz yummaqda ittiham edir

Milli Şura hakimiyyəti İran-Ermənistan əməkdaşlığına göz yummaqda ittiham edir
10 May 2020
Mətni dəyiş

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) bəyanat yayaraq Azərbaycan hakimiyyətini Azərbaycanın işğal olunmuş ərazilərində İran-Ermənistan əməkdaşlığına göz yummaqda ittiham edib. 

Bəyanatda qeyd olunur ki, "'Xudafərin' və 'Qız Qalası' hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" saziş 23 fevral 2016-cı il tarixində Tehran şəhərində imzalanıb və 14 iyun 2016-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi mövqeyinə görə "sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində 'Xudafərin' və 'Qız Qalası' hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir. Körpülərin tikilməsinə sazişə uyğun olaraq 'Xudafərin' və 'Qız Qalası' hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır.

Lakin KİV-də yayılan məlumatlara görə, İran tərəfi sazişə istinad edərək Azərbaycanın həmsərhəd ərazilərinin Ermənistanın işğalı altında olmasına baxmayaraq, Araz çayı üzərində körpülər inşa edir.

Demokratik Qüvvələrin Milli Şurası İranla bu sazişin imzalanmasını və bununla da Azərbaycan hökumətinin Ermənistan tərəfindən işğal edilmiş ərazidə Tehran tərəfindən obyektlərin tikilməsinə faktiki razılığını 'Azərbaycanın milli və dövlət maraqlarına xəyanət' kimi qiymətləndirir.

DQMŞ hesab edir ki, sazişin reallaşması nəticəsində inşa edilən körpülər işğalçı rejimin İranla etibarlı və rahat kommunikasiya imkanlarının yaranmasına xidmət edir.

Bu kommunikasiyaların açılması işğal olunmuş ərazilərdə işğalçıların güclənməsinə və qanunsuz rejimin İranla siyasi əlaqələrinin dərinləşməsinə xidmət edəcək. Su qovşaqlarının və HES-lərin texniki imkanlarının işğal rejiminin enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verməsi də istisna edilmir.

"Bu rüsvayçı sazişi imzalamaqla Azərbaycan hökuməti faktiki olaraq torpaqlarımızın 20 faizini işğal edən Ermənistan Respublikasının və onun Qarabağdakı marionet uzantısı olan separatçı rejimin siyasi, iqtisadi və sosial donoru, dəstəkçisi rolunda çıxış edib, onun ayaqda qalmasına və möhkəmlənməsinə əlverişli şərait yaradıb", - bəyanatda deyilir.

İki gün öncə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, sözügedən saziş iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə söykənir. Sazişdə BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyi vurğulanır, - o deyib.

"İran İslam Respublikasının səfirliyinin bildirdiyi kimi, bəndlərin və körpülərin Azərbaycan ərazisinə düşən hissəsini İran tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qəbul edir. Bu, hər iki ölkənin parlamentləri tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik olan sözügedən sazişdə öz əksini tapıb", - X.Xələfov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun