‘Luka Magnotta işi’: Pişiklərin və insanların amansızlıqla öldürülməsi – Fərid Rüstəmzadə

Luka Magnotta (ortada) həbs edilib ölkəsinə gətirilən zaman

Bu gün sosial mediada yayılan it döyüşü və itlərin xüsusi amansızlıqla öldülməsi görüntüləri mənə 2014-cü ildə həbs edilən qatil Luka Magnottanın hekayəsini xatırlatdı.

2010-cu ildə ‘Facebook’da dəhşətli bir video yayılır. Videoda gənc bir oğlan kiçik bir ev otağında iki pişiyi əzab verərək öldürürdü. Görüntüləri izləyib dəhşətə gələn bir qrup ‘Facebook’ istifadəçisi bu naməlum vəhşini tapmaq üçün qrup yaradırlar. Qrup üzvləri yayılan videodakı detallardan yola çıxaraq şəxsin kimliyini müəyyən etməyə çalışırlar. Çox keçmir ki, müxtəlif saxta profillərdən başqa “pişiyə əzab vermə” videoları da yayılır.

Uzunmüddətli araşdırmalardan sonra bu axtarış qrupu videolardakı həmin şəxsin məhz kanadalı model Luka Magnotta olduğu qənaətinə gəlirlər. Luka Magnotta isə bu müddətdə tez-tez yaşadığı ərazini dəyişir, müxtəlif ‘fake’ profillərlə qrup üzvlərini təhdid edir.

Qrup üzvləri müxtəlif hüquq mühafizə orqanlarına topladıqları faktları təqdim edib Lukanın təhlükəli psixopat olduğunu anlatmağa çalışsalar da, heç kim pişiklərin xüsusi amansızlıqla öldürülməsini ciddiyə almır. Ta ki, 2012-ci ildə hər kəsin qanını donduran cinayət hadisəsi baş verənə kimi…

2012-ci ilin may ayının 25-də internetdə yatağa bağlanan bir oğlanın mətbəx bıçağı ilə doğranması videosu yayılır. Bu görüntülərin yayılmasından 4 gün sonra Kanadada müxtəlif siyasi partlayaların ofislərinə poçt vasitəsilə torbalarda insan bədəni hissələri göndərilməsi xəbəri bütün ölkəni dəhşətə gətirir. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar həmin şəxsin çinli tələbə Jun Lin, qatilin isə Luka olduğunu aşkara çıxarır.

Bundan sonra beynəlxalq axtarışa verilən Luka ölkədən qaçaraq Avropada gizlənsə də, 2014-cu ildə Almaniyada bir satıcının onu tanıması nəticəsində alman polisi tərəfindən saxlanılıb Kanadaya təhvil verilir. Məhkəmə isə onu ömürlük həbs cəzasına məhkum edir.

Bu qandonduran hadisə sonda hər kəsin qəlbində bir peşmanlıq buraxır: Pişik videoları yayılandan sonra Luka barəsində tədbir görülsəydi, bu gün o günahsız çinli tələbə sağ olacaqdı…

Luka empatiya hissindən məhrum və narsist psixopat idi. Onu amansız qatil edən əsas keyfiyyətlər ilkin olaraq heyvanlara əzab verməsi ilə üzə çıxmışdı. Psixoloqlar bu cür insanların daim diqqət mərkəzində olmaq istədiyini, hər zaman yeni diqqət mənbəyi axtarışında olduqlarını deyirlər. Ona görə, Luka kimi heyvanlara əzab verməkdən zövq alan və bu görüntüləri paylaşan insanlar bir gün heyvanla kifayətlənməyib insana da keçə bilirlər.

Lukanın hekayəsindən ala biləcəyimiz dərs odur ki, belə psixopatlar barəsində vaxt itirmədən tətbir görülməlidir. Yoxsa növbəti videoda hissələrə ayrılan heyvan yox, kiminsə övladı, dostu, qardaşı ola bilər…

P.S. Netflix keçən il bu hekayədən bəhs edən 3 seriyadan ibarət “Don’t Fuck with Cats” sənədli mini serialını ərsəyə gətirib. Serial real görüntülər və şahid ifadələri əsasında Lukanın hekayəsini ətraflı təsvir edir. Hər kəsə bu serialı izləməyi tövsiyə edirəm.

Fərid Rüstəmzadə