İlqar Məmmədov: 'Dialoqdan imtina edən partiyaların rəhbərləri də həbsə atılsa heç təəccüblənmərəm'

İlqar Məmmədov: 'Dialoqdan imtina edən partiyaların rəhbərləri də həbsə atılsa heç təəccüblənmərəm'
16 May 2020
Mətni dəyiş

"Dialoqdan imtina edən siyasi tərəfin hakimiyyətə dediyi, bunu özü anlasa da, anlamasa da, odur ki, mən səndən bu saat ya siyasi gücün ibtidai mənasında daha güclüyəm, ya da bütün digər güclərimin cəmi sənin ibtidai gücündən üstündür. Belə yanaşma, həmin o güclərin dərhal toqquşmasına dəvətdir".

Bu fikirləri Real Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə yazıb. İ.Məmmədov "Dialoqdan imtina edən partiyalar nədə yanılır?" başlıqlı yazı paylaşıb. Yazının tam hissəsini təqdim edirik:

Özünün ən bəsit formasında, siyasət ibtidai güclərin nisbətində yol axtarışıdır. Demokratiyada siyasət bir qədər daha mürəkkəb oyundur. O, indiyədək tarixdə görünməyən qədər cilovlanmış güclərin nisbətində yol axtarışıdır.

Anadangəlmə görkəmdə siyasi güc hər hansı məqsəd uğrunda əmələ hazır olan insanların fiziki gücü deməkdir. Demokratiyada isə gücün daha çox təzahürləri var. Demokratik təsisatlar cəmiyyətdə zəifdirsə, onlar ibtidai siyasi gücün qarşısında adətən acizdir, xüsusilə, sonuncunu heç olmasa minimum həcmdə qidalandıran iqtisadiyyat da varsa.

Adətdən söz düşmüşkən, siyasi vaxt anlamı da vacibdir. Siyasi vaxt “zəmanə” deyil, ilin fəsli də deyil. O, fürsətləri açıb-bağlayan institusional dövrlərdir. Məsələn, seçkidir.

Siyasətçilərin verdiyi qərar güclər və vaxt fonunda çəkilən bu müqayisəli rəsmi mütləq rəhbər tutmalıdır.

Azərbaycanda demokratiya yoxdur. Burada özünü sanki demokratik ölkədə yaşayırsan kimi aparmaq ağılsızlıqdır. Qayda-qanuna fanatik istinad gülüncdür. O qanunları xalq bəyəm demokratik qaydada qoyub ki, əsas istinadı onlara edib siyasi yol gedəsən?

Demokratik ölkədə mühüm olan güc təzahürləri bugünkü Azərbaycan kimi ölkələrdə çox nisbidir. Məsələn beynəlxalq həmrəylik. Onun küt tərəfi ilə kəsəcəksənsə, heç, batdın. İti tərəfi isə insan ömrü baxımından həddən artıq vaxt aparır. “İctimai rəy” adlı güc təzahürünə gəldikdə də zəiflik göz qabağındadır: burada kəmiyyətin yığılıb keyfiyyətə keçməsi beynəlxalq həmrəylik məsələsində olduğundan daha da ləngdir. Siyasətçinin xətti giley-güzardan ibarətdirsə o, heç insan həyatına sığmaz.

Elan olunmuş prosedurlar, beynəlxalq həmrəylik, ictimai rəy və s. güc növləri demokratiya uğrunda çalışan siyasətçinin gücünə prinsip etibarı ilə daxil olsa da, onları siyasi vaxtın imkan verdiyi açılım məqamında bir araya gətirib işə salmayan tərəf qələbə görməyəcək.

Seçkiyə hələ illər qalmış bir siyasi vaxtda hakimiyyət bizə dialoq təklif edəndə REAL da özünü elə apara bilərdi ki, guya 100 min vətəndaş bu saat çağırışımızla meydanda durub şüarlarımızı ucadan hecalayır. Düzdür, belə bir meydanı prinsipcə qeyri-mümkün saysaydıq, müxalifətdə olmazdıq. Bütün maneələrə baxmayaraq Azərbaycan xalqının Cümhuriyyət üsuli-idarəsinə tarixi sədaqəti bizə məlumdur. Bu gün 100 min yox, 500 min insan da meydana toplaşa bilər. Amma hələ bu baş verməyib. Hakimiyyətin ibtidai gücü müxalifətin, mənəvi güc istisna olmaqla, bütün siyasi güc növlərinin cəmindən hələlik üstündür. “Üstündür” heç də “əbədi qalib” demək deyil. Sadəcə, siyasi vaxtın indiki nöqtəsində bu vəziyyətin səbəbləri ayrı mövzudur.

Beləliklə, dialoqdan imtina edən siyasi tərəfin hakimiyyətə dediyi, bunu özü anlasa da, anlamasa da, odur ki, mən səndən bu saat ya siyasi gücün ibtidai mənasında daha güclüyəm, ya da bütün digər güclərimin cəmi sənin ibtidai gücündən üstündür. Belə yanaşma, həmin o güclərin dərhal toqquşmasına dəvətdir.

Məsələn, əgər dialoqdan imtina edən partiyaların bu dəfə təkcə sıravi üzvləri deyil, rəhbərləri də həbsə atılsa heç təəccüblənmərəm, çünki dialoqdan imtina ilə onlar hakimiyyətin məhz anti-demokratik instinktlərini oyadıb iş başına gətirirlər. İndiyədək 30 ildir bu davranış ancaq sadə üzvlərin başında çatlayıb, amma bu dəfə başqa cür də ola bilər.

REAL çoxdandır hakimiyyəti dialoqa dəvət edirdi. Hələ ötən ilin oktyabrında müsahibələrin birində demişdim ki, siyasi dialoqa dəvət gəlsə dərhal ondan yapışıb bir sürəc qurmağa çalışacağıq. Məqsəd – siyasət aləminin hazırda zəif olan instinktlərini fəaliyyətə gətirib ölkə siyasətinin quruluşunu mürəkkəbləşdirməkdir. Başqa sözlə, demokratik güc yarışına aid davranışları tərəflərin adətinə çevirib onların sonradan pozulmasını çətinləşdirməliyik. Hakimiyyət özü bəhanələr gətirərək dialoqdan imtina etsə, tərəflərin ünsiyyətini primitiv saxlamaq istəsə, onda ibtidai güclərin toqquşmasına görə məsuliyyət də ancaq onun üzərinə düşər.

Azərbaycan qeyri-demokratik ölkə olduğu üçün, dialoqdan imtina ancaq ibtidai siyasi güc yarışını fəallaşdırır. Dialoq isə həmin o ibtidai gücü arxa plana atır və demokratiyaya daha çox xas olan güc növlərini önə çəkir. Ən əvvəldə yazdığım kimi, demokratiyanı ibtidai siyasi quruluşdan fərqləndirən cəhət – çox daha mürəkkəb güc təzahürlərinin bir-biri ilə yarışıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun