Düşmənçilik və rəqabət: Azərbaycan siyasətinin toksik üzü - Bəhruz Səmədov

Düşmənçilik və rəqabət: Azərbaycan siyasətinin toksik üzü - Bəhruz Səmədov
24 May 2020
Mətni dəyiş

Hüquq müdafiəçisi Anar Məmmədli bu gün radikal demokratiya haqda maraqlı status yazıb:

Azərbaycan siyasətində ciddiyyət axtarışı gülünc doğurur. 20 ildən artıqdır bu ölkədə “klanlararası mübarizə” mövzusu müzakirə olunur. Amma ortada cəmi bircə hakim klan var, ikincisi yoxdur. Hələ də hakimiyyətdə təmsil olunan digər klanları tapıb göstərən ‘ağıllı’ yoxdur. Klan dediyin heç olmazsa ibtidai özünmüdafiə instiktinə malik olar, şəbəkəsi olar, ən azı kimsə klan üzvünü həbs etməyə gələndə ictimai hadisəyə çevrilər. Amma belə örnəklər yoxdur.

Və yaxud götürək konstruktiv və destruktiv müxalifət bölgüsü barədə siyasi boşboğazlığı. Əslində bütün siyasi qüvvələr, hətta onlarla üzvü həbsdə olan Müsəlman Birliyi Hərəkatı da konstruktiv müxalifət qüvvəsi kimi mübarizə aparır.

Ölkədəki siyasi qüvvələr hakimiyyətə münasibətdə loyallara və barışmazlara bölmək olar. Bu qrupların əksəriyyəti seçkili hakimiyyət orqanlarının qəsb olunduğunu iddia edir. Amma rahatlıqla hakim siyasi qüvvə ile seçki sonrası dialoq adı altına bir masa arxasında otura da bilərlər. Nəticədə bütün siyasi qüvvələrin bir çatışmazlığı ortaya çıxır – radikal demokratlıq.

Radikal demokratik siyasi qüvvə əlinə silah almaq və ya söyüş leksikonuna yiyələnmək deyil. Məsələn, təsəvvür edin ki, ölkəniz işğal olunub və siz fövqəladə vəziyyət şəraitində yaşayırsız. Küçəyə çıxma qadağanız var. Toplantılar, qəzet çapı və sair qadağan edilib. İşğal qüvvələri beynəlxalq tənqidləri yumşaltmaq və yerli əhalinin milli dirənişinə rəvac verməmək üçün seçkiləri imitasiya edir, bəzi siyasi partiyalarla hərdən görüşür və sair imtiyazlar tanıyır. Amma nəticə dəyişmir, işğalın ömrü uzanır. Biz həmin durumdayıq.

Belə bir durumda problem gündəlik siyasi mübarizənin nöqsanlarında deyil, siyasi strategiyanın olmamasındadır. Bu proses illərlə belə davam edib. Səbəb isə çox sadədir. Bu qrupların siyasi baqajı 1993-cü ildə kiçik bir siyasi böhranla çökən AXC-Müsavat hakimiyyətinə və yaxud siyasi müxalifətçiliyin ən pis örnəyini göstərmiş YAP və AMİP-in siyasi mirasından formalaşıb. Daha fərqli siyasi baqaj olsaydı Qərb və onun transmilli maliyyə çevrələri 30 il ərzində bir siyasi klanı dəstəkləməzdi. Ona görə də son 10 ildə yaranan hər bir siyasi təşkilat ya AXC-Müsavata, ya YAP-a, ya da AMİP-ə bənzəyir. Çünki ortada radikal demokratik siyasi görüş yoxdur.

Ölkədəki siyasi qüvvələr hakimiyyətə münasibətdə loyallara və barışmazlara bölmək olar. Bu qrupların əksəriyyəti seçkili hakimiyyət orqanlarının qəsb olunduğunu iddia edir. Amma rahatlıqla hakim siyasi qüvvə ile seçki sonrası dialoq adı altına bir masa arxasında otura da bilərlər. Nəticədə bütün siyasi qüvvələrin bir çatışmazlığı ortaya çıxır – radikal demokratlıq. Radikal demokratiya anlayışını 90-ci illərdə Ernesto Laklau və Şantal Muff liberal etika, marksizm elementləri (anti-elitizm, anti-liberalizm) və post-strukturalist fəlsəfədən (Mişel Fuko, Jak Derrida, Jak Lakan) istifadə edərək yaradıblar. Burada əsas vurğu plüralizmə və siyasi rəqabətə ayrılır. Ümumilikdə, münasibətlər iki cür olur:

1) Antaqonistik, yəni, düşmənçilik. Düşmən münasibətləri həm hakimiyyət-müxalifət arasında ola bilər, həm də digər sferalada (məsələn, siniflər və ya ölkələr arasında). Burada müxtəlif kimliklər bir-birlərini bacardıqları qədər sıxmağa çalışırlar.

2) Aqonistik münasibətlər isə antaqonizmin elementlərini saxlayaraq, düşmən münasibətləri rəqabətə çevirir. Belə olduqda, tərəflər bir-birlərini düşmən olaraq yox, rəqib olaraq görürlər. Aqonizm yalnız ümumi bir etika əsasında qurula bilər, yəni, özgəsinin varlığını və səs hüququnu qəbul etmək və ona hörmət etmək. Belə olduqda, zorakılıq tərəfdarları üçün aqonistik siyasətdə iştirak mümkün olmur.

Laklau və Muff üçün uğurlu müxalif sol (sosial-demokratik) siyasət hakimiyyətə və ona yaxın olan elitalara qarşı antaqonistik, müxalif qüvvələr arasında isə aqonistik münasibətlərdir. Belə olduqda, strateji birliklər və hətta koalisiyalar ekvivalentlik məntiqi əsasında, yəni fərqlilikləri qoruyaraq ümumi düşmənə qarşı uğurla yaradıla bilər. Burada əsas hədəf tərəflərin ümumi prinsiplərinin və proqressiv dəyərlərinin olmasıdır.

Azərbaycanda isə aqonist siyasətin mümkünsüzlüyünü müxalifəti beşinci kolin və satqın adlandıran, özünü mütləq hegemon hesab edən hakimiyyət sərgiləyir. Ancaq eynisini həm də hakimiyyətin ən pis tərəflərini mənimsəmiş müxalifət partiyaları da sərgiləyir. Aqonizm bu halda dözümsüzlük, satqınlıqda ittihamlar, bir-birinə qarşı güvənsizlik və ittifaqın mümkünsüzlüyü ilə əvəz edilir. Bu da ümumi siyasi atmosferi toxic və geniş kütlələr üçün maraqsız, qarışıq edir. Belə halda isə siyasətin özü mümkünsüz olur.

Son baş verən video leak-lərin yayılması məsələsi bunu bir daha sübut etdi. İndiki halda dəqiq demək olar ki, hələ uzun müddət vəziyyət dəyişməyə meyilli olmayacaq və siyasi sfera daha da parçalanmış və fraqmentar hal alacaq.

Bəhruz Səmədov

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun