Çovdarovla məhkəmə çəkişməsi olan iş adamı qara maskalılar tərəfindən bıçaqlanıb

Çovdarovla məhkəmə çəkişməsi olan iş adamı qara maskalılar tərəfindən bıçaqlanıb
4 May 2020
Mətni dəyiş

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun məhkəmə çəkişməsində olduğu iş adamı Cəfər Səfərov bıçaqlanıb. Bu barədə Yeni Sabah saytı xəbər yayıb. Məlumata görə hadisə aprelin 28-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Yavər Əliyev küçəsində baş verib.

Bildirilir ki, qara maskalı şəxslər ‘Renault’ markalı avtomobilini evinin qarşısında park etməyə çalışan 1972-ci il təvəllüdlü Cəfər Səfərova hücum ediblər. Məlumatlara görə, Cəfər Səfərova hücum edən şəxslər 2 nəfər olub və polis artıq onların izinə düşüb.

Cəfər Səfərov iş adamıdır, 2005-ci ilə qədər xalq arasında "Vosmoy” bazarı kimi tanınan 8-ci kilometr bazarının sahiblərindən olub. Onun adı ölkə mətbuatının gündəminə "MTN işi” üzərindən gəlib. Səfərov qardaşları 8-ci kilometr bazarının sahibləri olublar. 2015-ci ilin oktyabrında MTN-də məlum əməliyyat tədbiri keçiriləndən sonra onlar Baş Prokurorluğa 2005-ci ildə baş vermiş hadisə ilə bağlı şikayət ediblər.

Onlar 2020-ci il ləğv olunan MTN-in sabiq idarə rəisi, məlum olaylarla bağlı həbs edilən və aprelin 6-da əfv olunan Akif Çovdarov və Eldar Mahmudovun müavini Hilal Əsədovdan şikayət ediblər.

Sonradan Akif Çovdarova elan olunmuş epizodlardan 2-si məhz 8-ci kilometr ərazisində fəaliyyət göstərən "Maraq-Veqa” şirkətinə məxsus topdansatış bazarının (ərazisi 1,2 hektardır) sahibi olan Səfərov qardaşlarından alınması ilə əlaqədar idi. Bu bazar 2005-ci ildə Akif Çovdarovun şəxsən iştirakı ilə Səfərov qardaşlarından alınıb.

Cəfər Səfərovun Akif Çovdarov əfvlə azadlığa çıxandan 25 gün sonra bıçaqlanması yenidən diqqəti sabiq generala yönəldib. Çünki Səfərov qardaşları Akif Çovdarov həbsdə olarkən ona qarşı ifadə verməklə yanaşı, məhkəməsində də çıxış ediblər. Onlara qarşı cinayətlər üzrə Akif Çovdarovun əleyhinə ifadələr veriblər.

Bakı Hərbi Məhkəməsinin hökmündən də şikayətçilər sırasında ən ardıcıl olanları da Səfərov qardaşlarıdır. Onların iddiaları əsasında hazırda da Akif Çovdarovun yaxınları ilə 8-ci kilometr bazarı ilə bağlı məhkəmə davası aparılır.

"Yeni Müsavat” məsələ ilə bağlı bıçaq xəsarətləri alan Cəfər Səfərova telefon açıb, lakin Cəfər Səfərov zəngləri cavabsız qoyub.

Məlumata görə, hazırda onun sağlıq durumu qənaətbəxşdir. Hadisənin kim tərəfindən törədilməsi, sifariş olub-olmaması aydınlaşdırılır.

Oxu.az saytı yazıb ki, qara maskalı şəxslər iş adamı Cəfər Səfərovun avtomobilinə əyləşərək, onun sol ayağını bıçaqla yaralayıb və üzərində gəzdirdiyi pulları onlara verməsini tələb ediblər.

C.Səfərovun üzərində olan 10 min ABŞ dolları məbləğində (17 min manat) pulu ələ keçirən şəxslər dərhal hadisə yerini tərk ediblər.

Hadisənin soyğunçuluq faktı olması şübhə altındadır. Məlum olub ki, hücuma məruz qalan vaxt C.Səfərovun üzərində, şikayət ərizəsində qeyd etdiyi kimi, 10 min dollar yox (17 min manat), 47 min manat olub. Əgər bu, soyğunçuluq olsaydı, hadisəni törədənlər bütün pulları ələ keçirərdilər.

Sayt yazır ki, maskalı şəxslər C.Səfərovu izləmək üçün təyin olunublar.

İş adamının güdülməsinin kim tərəfindən sifariş edilməsi bilinmir. Eyni zamanda, C.Səfərovu izləmək haqda göstəriş verən şəxs və onun məqsədi aydın deyil. Bəzi məlumatlara görə, iş adamının izlənməsinin sifarişçisi bir qadındır. Hüquq-mühafizə orqanlarından oxu.az-da deyiblər ki, məsələ qaranlıqdır, lakin biz ona aydınlıq gətirəcəyik...

Hüquq-mühafizə orqanlarının əməkdaşları istisna etmir ki, hadisə C.Səfərovun iş fəaliyyəti ilə əlaqədardır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun