“Bunu biz də eşitmişik, amma koronavirus xəstəliyindən ölənə heç bir imtiyaz verilmir”

“Təkcə bizdə deyil, bütün dünyada belədir ki, koronavirusa inanmayanların sayı inananlardan çoxdur. Hamı deyir ki, heç yaxın qohumda, qonşuda Covid-19-a yoluxan görmədik. Bəzi insanlar var ki, koronavirus xəstəliyindən müalicə alsalar belə, bunu heç yaxınlarına da demirlər”.

Bu sözləri TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada koronavirus pandemiyası ilə bağlı danışarkən deyib. TƏBİB rəsmisi bildirib ki, bu bizim mentalitetimizlə də bağlıdır, sanki koronavirusa yoluxmaq bir ayıbdır.

“Koronavirus yuxarı tənəffüs yolu infeksiyasıdır. Hansı ki, sonradan pnevmoniyaya da səbəb olur. Hamının yoluxma ehtimalı var və heç kim bundan sığortalanmayıb. Yəqin ki, insanlar ətrafında olan şəxslərdən birinin koronavirusa yoluxmasından sonra buna daha çox inanacaqlar. Amma onda da gec olacaq. Bu, təkcə Azərbaycana xas olan deyil, dünyəvi problemdir. Biz koronavirusa yoluxan insanların hansı vəziyyətdə olduğunu görürük. Təbii ki, yüngül formada keçirənlər daha çoxdur. Ancaq orta ağır və ağır formada keçirənlərin də sayı xeylidir. Buna hazırda inanmaq lazımdır. Bu, bizə xeyir gətirə bilər”.

“Həkim koronavirusa görə pul təklif edibsə, polisə niyə xəbər verməyib?”

TƏBİB rəsmisi dünyasını dəyişən insanların ailələrinə pul təklif edilməsi və onlardan yaxınlarının guya koronavirusdan ölməsinə dair razılıq alınması ilə bağlı iddialara da münasibət bildirib.

Vasif Əliyev bildirib ki, onlar da belə söhbətlər eşidiblər, amma bu absurddur, çünki koronavirus xəstəliyindən ölənə heç bir imtiyaz verilmir.

“Əgər belə olursa, niyə Azərbaycanda koronavirusdan ölənlərin sayı daha da azdır? Və yaxud da hansı ölkənin marağındadır ki, koronavirusdan ölənlərin sayını artırsın? Azərbaycan bunda niyə maraqlı olsun ki? Biz tam şəffaf işləyirik və yoluxanların, vəfat edənlərin sayı hər gün ictimaiyyətə açıqlanır. Bunların hamısı bizim gözümüzün qarşısında olur”.

Rəsminin sözlərinə görə, elə bir həkim yoxdur ki, bu hüquq ona verilsin, o da koronavirus xəstəsi olmayan şəxsə bu diaqnozu qoysun.

“Əgər bir vətəndaş bunun şahidi olubsa, niyə hüquq-mühafizə orqanlarına xəbər verməyib? Bu şayiəni yaymaqdansa, yaxşı olardı, hüquq-mühafizə orqanlarına xəbər versinlər ki, belə bir həkim var və bizə bu cür təklif edir. Əgər belə bir şey olsaydı, o həkim də bilinərdi və cəzalanardı”.