Baş Prokurorluq terrorçuluğu maliyyələşdirməkdə ittiham olunan cəbhəçi ilə bağlı məlumat yayıb

Qalib Məmmədov və Niyaməddin Əhmədov (sağda)

Azərbaycan Baş Prokurorluğu bugün, mayın 19-da AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun həbsi barədə açıqlama yayıb.

Açıqlamada yazılıb ki, Azərbaycan Baş Prokurorluğu ilə Dövlət Təhlükəsizliyi Xidməti ölkənin ictimai təhlükəsizliyinə qarşı yönələn təhdid və pozuculuq hərəkətlərinin qarşısının alınması istiqamətində zəruri tədbirləri davam etdirirlər.

Açıqlamada hazırda Almaniyada siğınacaq alıb yaşayan Qabil Əmrah oğlu Məmmədovdan da bəhs edilir. İddiaya görə, o, Azərbaycanda 2015-2017-ci illərdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmədə şübhəli sayılır. Əlavə edilir ki, onun Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr var.

“… 2019-cu ildə sosial şəbəkələr vasitəsi ilə yayımladığı çoxsaylı videoçıxışlarında… həmfikirlərinə müraciət edərək silahlanıb mümkün kütləvi aksiyaların gedişində Azərbaycan Respublikasının hakimiyyət orqanlarının yüksəkvəzifəli şəxslərini,… qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib”, – açıqlamada yazılıb.

İddiaya görə, onun bəzi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Niyaməddin Əhmədova müxtəlif üsullarla pul göndərdiyinə də şübhə var. Rəsmi açıqlamaya görə, N.Əhmədovun da həmin pulu alıb və uydurma ünvanlar adı altında toplamaqla terrorçuluğu maliyyələşdirməsinə əsaslı şübhələr müəyyən edilib: “Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb”.

Açıqlamaya görə, göstərilənlərlə əlaqədar hazırda barəsində həbs-qətimkan tədbiri seçilməklə axtarışda olan Q.Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub, onun Azərbaycana ekstradisiyası üzrə müvafiq hüquqi prosedurlar həyata keçirilir: “Niyaməddin Əhmədov isə Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”.

Bu açıqlamaya, hələlik, Q.Məmmədovdan münasibət almaq mümkün olmayıb.

Amma N.Əhmədovun ittihami qəbul etmədiyi bildirilir. Bu barədə “Amerikanın səsi” radiosuna vəkil Əhməd Fərhadov məlumat verib. O, dövlət hesabına N.Əhmədovun müdafiəçisidir.

AXCP: “Terror məsələsini gündəmə gətirməklə…”

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qabil Məmmədov adlı şəxslə rəsmi və qeyri-rəsmi formada hər hansı əlaqəsi yoxdur”.

Bunu isə AzadlıqRadiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi Baş Prokurorluğun yaydığı açıqlamaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, təmsil etdiyi partiya öz fəaliyyətində daim dinc mübarizə yollarından istifadə edib: “Terror məsələsini gündəmə gətirməklə hakimiyyət Azərbaycanda siyasi partiyaların fəaliyyətinə qadağa qoymaq istəyir”.

S.Həzi daha sonra da deyib: “Niyaməddin Əhmədov Qabil Məmmədovun həmyerlisi ola bilərlər, amma əlaqələri yoxdur”.

Vəkil Niyaməddin Əhmədovla görüşmək istəyir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin mühafizəçisi Niyaməddin Əhmədov aprelin 16-da karantin qaydalarını pozma ittihamı ilə 1 aylıq inzibati həbs cəzası almışdı. Amma mayın 15-də inzibati həbs müddəti başa çatsa da, o, azadlığa qovuşmadı. AXCP-dən verilən məlumata görə, N Əhmədov indi də Cinayət Məcəlləsinin 214.1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə açılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıb. Partiyadan bildirildiyinə görə, mayın 16-da Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin təqdimatına baxıb və N.Əhmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

“Siyasi qisasçılıqdır” – sədr müavini

AXCP sədrinin müavini Seymur Həzi AzadlıqRadiosuna deyib ki, N.Əhmədovun həbsi və ona qarşı irəli sürülən ittiham ilk növbədə siyasi qisasçılıqdır: “Özü də birbaşa 2019-cu il oktyabrın 19-da Milli Şuranın keçirdiyi aksiyada sona qədər AXCP sədri Əli Kərimli ilə bir yerdə olmasına görə hökumət tərəfindən cəzalandırılır. (Həmin aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamışdı. Aksiyada yüzlərcə şəxs saxlandı, onlardan bəzilərinə inzibati həbslər verildi-red). Onun uzun sürən siyasi fəaliyyəti yoxdur, çox sərt siyasi ritorikası da olmayıb, hərbi xidmətdən yeni qayıdıb. Adıçəkilən mitinqdə Ə.Kərimlini sonuna qədər qoruduğuna görə cəza alır”. (Həmin aksiyada saxlanıb, buraxılan Əli Kərimli ona polisin işgəncə verdiyini açıqlamışdı. Rəsmi qurumlar isə bunu təkzib elədi-red).

Apellyasiya şikayəti verilir- vəkil

N.Əhmədovun vəkili Zübeydə Sadıqova isə bildirib ki, hələ müdafiə etdiyi şəxs ilə görüşə bilməyib: “Amma həm onun həbsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin 2020-ci il mayın 16-da qəbul edilmiş qərarından, həm də irəli sürülən ittihamla bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət hazırlanır. Artıq N.Əhmədovla görüşmək üçün lazım olan sənədləri hazır etmişəm, belə görüş mayın 20-də ola bilər”.

Z.Sadıqovanın deməsinə görə, N.Əhmədovla mayın 12-də Binəqədidəki Müvəqqəti Saxlanma Təcridxanasında görüşüb: “Mayın 14-ü ad günü olduğunu, mayın 15-i azadlığa çıxacağını deyirdi, özünü heç nədə təqsirli bilmirdi”.