Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və ailə şirkətləri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və ailə şirkətləri
28 May 2020
Mətni dəyiş

Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizovun ailəsinə məxsus ilk şirkəti hələ o, Nizami rayon icra başçı olarkən yaradılmışdı. Xanımı Nərgiz Xeyrulla qızı Əzizovanın iştirakı ilə qurulan “S.T.İsmayılova və N.X.Əzizovanın tam ortaqlı “XƏZƏR” firması” (VÖEN 1700646601) 2002-ci ildə təsis olunub.

Turan agentliyinin dərc etdiyi araşdırmada deyilir ki, sonrakı illərdə (2006-2010-cu illər) “Zebra-İD” MMC, “Günəş-2” MMC, “Olimp-5” MMC, “Green Tour” MMC, “Greenfin Food And Baverage” MMC və “Green Trade” MMC təsis olunub.

Bu şirkətlərdə Eldar Əzizovun oğlunun ortaqları “İtalDizayn” QSC (“Zebra-İD” MMC), Orxan Aydın oğlu Əliyev (“Green Tour” MMC, “Greenfin Food And Baverage” MMC və “Green Trade” MMC) və Ehtiram Mehdi oğlu Qasımovdur. Dörd şirkətin (“Günəş-2” MMC, “Zebra-İD” MMC, “Green Tour” MMC və “Greenfin Food And Baverage” MMC) direktoru Şamil Əzizovdur.

“Green Tour” şirkəti 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyindən turizm fəaliyyət göstərmək üçün xüsusi razılıq (lisenziya) alıb. Adı çəkilən digər şirkətlərin biznes fəaliyyəti isə açıq mənbələrdə məlumat yoxdur.

“Xəzər” firması ilə “Olimp-5” MMC-nin hüquqi ünvanı Eldar Əzizovun qeydiyyatda olduğu ünvanla (Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, ev 19) uyğun gəlir. Dövlət reyestr məlumatlarına görə, “Olimp-5” şirkətinin direktoru Coşğun Adil oğlu Cəbrayılovdur.

Eldar Əzizov 2018-ci ildə Bakı şəhər İcra Hakimiyyətinə başçı təyinatı alandan sonra C. Cəbrayılovu özünə köməkçisi vəzifəsinə gətirib. Bundan öncə onlar Səbail rayon İH-da işləyirdilər. Biri başçı, digəri isə  Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri idi.

Şamil Əzizovun 25 yaşında ikən (2009-cu il) həmtəsisçisi olduğu “Günəş-2” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda (Mirəli Seyidov küçəsi, ev 5-dəki mənzillərdən biri) “Azəri Saplay Kompani Ltd” MMC də var.

Dövlət satınalmaları reyestrində bu şirkətin “AzTV”-yə 230.985 manat dəyərində videokamera akkumulyatorlarının, Heydər Əliyev Mərkəzinə isə 14.885 manatlıq “gül dəstlərinin səbətlərin komposiziyalarının” və “kreativ şam ağaclarının” satıldığı qeyd olunub.

Bizneslə yanaşı Ş.Əzizov elmi fəaliyyətlə də maşğuldur. O, UNEC-in məzunudur. 2018-ci ildə burada “İdxal-ixrac əmələliyyatlarına valyuta nəzarətinin təkmilləşdirilməsi problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2019-cu ildə isə büdcə hesabına “Dünya iqtisadiyyatı” ixtisası üzrə UNEC-in doktoranturasına qəbul olunub.

İş adamı Şamil Əzizov Koronavirusa Qarşı Mübarizə Fonduna 3000 manat köçürüb.

Onun həyat yoldaşı Banuçiçək Əzizova Səbail rayonunda yerləşən 157 nömrəli uşaq bağçasının müdiridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun