‘Twitter’ təsisçisi koronavirusa qarşı mübarizəyə 1 milyard dollar yardım ayırır

Cek Dorsi

‘Twitter’ sosial şəbəkəsi və ‘Square’ ödəmə tətbiqinin təsisçisi Cek Dorsi koronavirus pandemiyası ilə mübarizəyə 1 milyard dollar maliyyə ayıracağını açıqlayıb.

Bunu elan etmək üçün çərşənbə axşamı günü yazdığı bir neçə tvitdə Dorsi bu məbləğin onun varidatının təxminən 28 faizini təşkil etdiyini bildirərək, maliyyənin onun ‘Start Smart’ xeyriyyə təşkilatına veriləcəyini deyib. O bildirib ki, koronavirusa qarşı mübarizə səylərinin başa çatmasından sonra bu maliyyənin qalan hissəsi qızların sağlamlığı və təhsili məsələlərinə yönəldiləcək.

Amerikanın Səsinin məlumatına görə, 43 yaşlı Cek Dorsi maliyyədən koronavirusa qarşı mübarizə səylərinə kömək üçün hansı şəkildə istifadə olunacağını açıqlamayıb. Tvitlərində o, “ehtiyacların təcili olduğunu” yazıb.

“Nə üçün indi? Ehtiyaclar təcilidir və bunun təsirini yaşadığım dövrdə görmək istəyirəm. Ümid edirəm ki, bu, başqalarını da eyni şeyi etməyə ruhlandıracaq. Ömür çox qısadır, buna görə də gəlin insanlara indi kömək etmək üçün əlimizdən gələni bu gün edək”, – Dorsi yazdığı silsilə tvitlərdən birində bildirib.

İllərdir xeyriyyə fəaliyyətinin detallarını özəl saxlayan Dorsi fonda köçürüləcək və oradan ayrılacaq bütün maliyyə transaksiyalarının ictimaiyyət üçün açıq olacağını deyib.

O, həmçinin qızların sağlamlığı və təhsilinə investiyaların dünyanın hazırda qarşılaşdığı problemlərin uzunmüddətli həllinin ən yaxşı yolu olduğuna inandığını qeyd edib.