Putin koronavirusa görə Qələbə Gününün 75 illik böyük paradını təxirə salıb

Rusiya prezidenti Vladimir Putin dərinləşən koronavirus böhranına əsaslanaraq, cümə axşamı Rusiyanın Sovet İttifaqının II Dünya Müharibəsindəki qələbəsinin 75 illliyinə həsr edilən Qızıl Meydanda keçiriləcək böyük hərbi parad da daxil olmaqla, 9 May şənliklərinin təxirə salındığını bildirib.

Kreml bu il Qələbə Bayramının bir sıra dünya liderlərinin iştirakı ilə xüsusi bir təmtəraqla qeyd ediləcəyinə ümid edirdi. Lakin Putin televiziya ilə verdiyi açıqlamasında tədbiri ertələməkdən başqa çarə qalmadığını deyib.

“Epidemiya son həddini keçmədən risklər çox yüksəkdir. Və mən parad və digər ictimai tədbirlərə hazırlıqlara başlamağa icazə verə bilmərəm” – deyə, o bildirib.

Epidemiyanın başlanğıc mərhələsində bir çox Qərbi Avropa ölkələrinə nisbətən Rusiyada koronavirus hallarının sayı nisbətən az olsa da, bu ay yoluxma halları kəskin şəkildə artmağa başlayıb.

Rusiyada cümə axşamı 3488 yeni yoluxma halı təsdiqlənib və bununla ölkədə yoluxma səviyyəsi 27938-yə, ölənlərin sayı isə 232 nəfərə çatıb.

Cümə axşamı dövlət televiziyası ilə yayımlanan çıxışında Putin paradın dəqiq tarixi barədə bir söz deməsə də, mütləq bu il keçiriləcəyini bildirib.