Pulun əhəmiyyəti, yaxud Nyuton 'evdə qal' dövründə nə düşünürdü... - Şahvələd Çobanoğlu

Pulun əhəmiyyəti, yaxud Nyuton 'evdə qal' dövründə nə düşünürdü... - Şahvələd Çobanoğlu
4 Aprel 2020
Mətni dəyiş

Bilirdinizmi, Nyuton məşhur ümumdünya cazibə qanununu vəba epidemiyasından gizləndiyi bir vaxtda tapıb. Yəni “evdə qal” dövründə.  Hamının “başına ağacdan alma düşərkən ağlına gəlib” deyə yorum verdiyi bu kəşf bizim günlərdə yəqin çox əhəmiyyətsiz görünür. Amma o zaman  Nyuton düşünmürdü ki, dünya çox təhlükəli olub, heç nəyin əhəmiyyəti yoxdur, elm də mənasızdır, tibb də, inam da, əxlaq da, ədalət də... Şəhərdən uşaqlaşıb kənddə bir evə sığınmışdı, amma gələcəyə inamını itirməmiş, güc və təhlükə qarşısında geri addım atmamışdı. Kəşfindən də önəmli olan bu idi. Kəşfini mümkün edən də bu idi.

İndi də dünya çox təhlükəli dövrə gəlib, doğrudan da, amma bu, daha böyük təhlükələrdən keçib gələn dünyadır. Unutmayaq, Çinin eyni əyalətindən yayılan başqa bir pandemiyada dünya əhalisinin üçdən biri məhv olmuşdu. Hazırlıqsız yaxalanmışıq, zəngin, böyük ölkələrdə tənəffüs aparatları belə çatmır, amma Böyük Aclıqda Almaniya əhalisinin az qala yarısı ölmüşdü, sadəcə, aclıqdan...

Bəşər tarixinin böyük qismi aclığın gətirdiyi böyük qırğınlarla keçib.

İndi də çox ağırdır, çətin situasiyadadır, xeyli ağır mənzərələr, cavab axtarmalı suallar, yeni yanaşma tələb edən məsələlər var, amma həyat bitməyəcək və bu ağır günlərdə təkcə özümüzü yox, sağlam düşüncəmizi, insanlığın gələcəyinə inamı və ən başlıcası, dəyərlərimizi də qorumalıyıq.

Karantindən öncəki günlərdə pula həmişə məndən çox önəm vermiş bir adamla xəstəxanada rastlaşdım və əlini spirtləyə-spirtləyə üzüməcə dedi: gördünmü, pulun-malın da əhəmiyyəti yox imiş...

Güldüm, lakin üstündən keçmədim...

“Niyə əhəmiyyəti yoxdur pulun? Belə ağır günlərdə evinə çörək ala bilməmək dərdi də var axı. Yaxud xəstəxana ödənişi üçün ailənin boğazından kəsmək var, elə mənim timsalımda...”

Pulun, zənginliyin hər şey olduğunu düşünənlər, yaxud pul-mal üçün addımlarını tənzimləyənlər, bunun üçün az qala hər şeyə gedənlər  belə riyakar olub. Hələ yanlış düşüncələr də aşılaya bilirlər.

Pul-mal üçün yaltaqlananlar, susanlar, yalan danışanlar! Pul əhəmiyyətsiz deyil!

Bəli, ondan ötrü heç vaxt əyilməzlər. Pul və zənginlik mənəvi üstünlük də deyil. Pul üçün əyilmək, susmaq, yalan danışmaq – başqalarının çörəksiz, dərmansız qalmasına haqq qazandırmaqdır. Amma pul hər kəsə öz həyatını qurmaq üçün çox vacibdir və bunun üçün yalanın və zülmün olmadığı ölkələr lazımdır. Hamıya iş və qazanmaq imkanı lazımdır.

Hamı deyir ki, İtaliyada yaşlı adamlar çoxdur deyə orada ölüm sayı da yüksəkdir. Bunu deyərkən, öz ölkənizdə insanların cavan öldüyünü qəbul etmiş olursunuz. Bəli, İtaliya da daha yaxşı idarəçiliyə layiqdir – bu da var! Amma İtaliya necə gəzəl ölkə imiş – bu da var!

Pulun hər şey olmadığını bu günlərdə anlayanlar, hələ də heç nəyi anlamamışlar. Bunu çoxdan bilməli idiniz. Pulun və hər kəsə onu qazanmaq imkanı verən bir dövlətin əhəmiyyətini indi də anlamayanlar isə çox qorxulu adamlardır.

Hər kəsə pul qazanmaq imkanı verən dövlət necə olur? Demokratik, seçki saxtakarlığı olmayan, söz azadlığı toxunulmaz olan, ədalət məkməsi olan, Tofiq Yaqublunun həbs edilmədiyi, azad edildiyi və s.

Olsun, “indi bu söhbətlərin zamanı deyil” deyirsinizsə, ən azı bunu düşünün: hər kəsin bütün hallarda ona yalan danışmayacağına inandığı bir hökuməti olmalıdır. Bu çox sadə, olduqca kiçik arzudur, elə deyilmi?!

Həqiqətdən vacib heç nə yoxdur!

(İstəyirsiniz mənasız, çeynənmiş, pafoslu bir fikrin təkrarlanması hesab edin bu son cümləni!)

Şahvələd Çobanoğlu

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun