Mağaraya dönüş: Biz nə istəyirik? – İlkin Rüstəmzadə

Çox təəssüf ki, 2000-ci illərin sonlarında Azərbaycan cəmiyyətində xüsusilə gəncliyində başlayan elmə, kitaba, səviyyəli kontentlərə yaranan maraq zəifləməkdədir, bayağılığa maraq tendensiyası güclənməkdədir. Sosial şəbəkələrdəki proqressiv kəsim toyxana kültürünə açıq şəkildə uduzmaqdadır. Sosial şəbəkələr bu gün müzakirə üçün normal platforma olmaqdan çıxıb daha çox lağlağı, toyxana təfəkkürünün alternativ platformasına çevrilməkdədir. İnstaqram ayrı bir Azərbaycan kimidir. Oradakı kontentə ümumiyyətlə çata bilmirik. Deyirik, yazırıq, dərilərinə nüfuz edəcək halımız da yoxdur. İnsanlar təəssüf ki, bayağı, düşük olana böyük maraq göstərirlər.

Bəli, dünyanın çox yerində belədir. Məsələn, ABŞ-da 1968-ci ildə Vyetnam müharibəsinin ən qanlı çarpışması hesab olunan “Tet” hücumu dönəmində TV yayımlarında Tom Cons və Cerri Lui Luisin çıxışları müharibə xəbərlərindən daha böyük reytinqə malik idi. Dünyanın ən inkişaf etmiş cəmiyyətlərində belə ucuz, bayağı tok şoular reytinq siyahılarında zirvədədirlər. Lakin bir məsələ var. Həmin cəmiyyətlərdə ölkənin, xalqın problemlərilə daimi və fasiləsiz şəkildə məşğul olan ciddi institutlar mövcuddur və onlar öz funksiyalarını artıqlaması ilə yerinə yetirirlər. Lakin hətta bu institutların mövcudluğu belə, əhalinin lazım olduqda ciddi, taleyüklü məsələləri izləməsinə və lazım olduqda mövqe bildirməsinə əngəl olmur.

Bizdə isə durum çox acınacaqlıdır. Cəmiyyət bayramnurluların, toliklərin əlində qalıb. Daha doğrusu, cəmiyyət ona təklif olunan bu cür zəhərləri məmuniyyətlə yeməkdədir.

Sosial şəbəkədə ‘History Channel’ın çəkdiyi “İnsanoğlu: Hamımızın hekayəsi” sənədli filmi və orada bir türk doktorun dediyi gələcəkdə insanlığı gözləyən epidemiyalar haqqındakı sözləri barədə paylaşım etmişdim. İndi baxıram ki, demək olar ki, sıfır reaksiya gəlib. Lağlağı bir şey paylaşanda ən azı 10 qat reaksiya gəlir.

Halbuki, bizim kimi cəmiyyətlərdə dəyişiklik istəyən xalq, ilk növbədə keyfiyyətli kontentə, kitaba, səviyyəli diskussiyalara ac olmalıdır, axtarıb tapmalıdır. Bizdə isə, təəssüf ki, cəmiyyətə bu şeyləri nə qədər təklif edirsən et, cəmiyyət əliylə itələyir.

Kütlənin şou sevməsi, bayağılığa meyl etməsi yeni bir şey deyil. Eləcə də, bir cəmiyyəti inkişaf etdirməsi üçün çoxluğun intellektual olmasına gərək yoxdur.

Keçən yazılarımdan birində bir misal çəkmişdim, təkrarlamağa ehtiyac var. Yaponiya 19-cu əsrin ortalarına kimi yarı feodal, daim klanların fasiləsiz müharibələrinin məhv etdiyi aqrar ölkə idi. Ardınca Meydzi sülaləsi imperator taxtını ələ keçirdi. Bunun ardınca ölkədə başlayan islahatlar və yenidənqurma Yaponiyanı güclü sənaye dövlətinə çevirdi. Düzdür, sürətlə sənayeləşən ölkənin xammal ehtiyacı onu imperialist siyasətə və dünya müharibəsinə itələsə də, bu artıq başqa mövzudur. Faktiki olaraq, Yaponiyada yaradıcı azlıq bu gün ölkənin üzərində durduğu təməlləri oluşdurdu. Bizim cəmiyyətimiz də qısır deyil, lakin yaradıcı azlıq güc sahibi deyil.

Başqa bir misal.  Bir neçə il bundan öncə ABŞ-ın yüksək rütbəli təhsil məmurlarından biri hesabat çıxışı zamanı ştatların çoxunda şagirdlərini fizika fənnini ümumiyyətlə oxumadığını bildirmişdi və qeyd etmişdi ki, bəzi ştatlarda fizika oxuyan şagirdlərin nisbəti 20 faiz belə deyil. Lakin o, bunun üçün narahatlığa ehtiyac olmadığını da əlavə etmişdi: “ABŞ-ı inkişaf etdirmək üçün 1 faiz savadlı insan kifayətdir, o 1 faizin içində isə fiziklərin payı 0.002 faizdir”.

Qısası, cəmiyyətləri tiktokçular, instaqramın glamurları, toyxanaçıları yox, kiçik azlıqlar dəyişir. Lakin bizim kimi ölkələrdə həmin 1 faiz azlığın nəsə etmək imkanları olduqca məhduddur. Ona görə də, hər tərəfdən sıxışdırılan bu 1 faiz kifayət deyil. Üstəlik, 1 faizin olub olmaması özü belə sual altındadır. Yəni, bizdə ölkədə dəyişiklik istəyən, ağlı başında, proqressiv dəyərlərin daşıyıcısı olan 100 min adam varmı? Qalıbmı?

Hətta, ən optimist ssenaridə belə bu 1 faiz nələrisə dəyişmək iqtidarında deyil. Çünki güc sahibləri bu azlığın fəaliyyət imkanlarını maksimum daraldıb.

Bu gün Azərbaycanın yeganə xilas yolu geniş kütlələrin maariflənməsindədir. Azərbaycan cəmiyyətinin özünü inkişaf etmiş cəmiyyətlər kimi aparmaq, şouya meyl etmək kimi bir lüksü yoxdur artıq. Ya özümüzü dəyişməliyik, ya da tarixdən izsiz-tozsuz silinən minlərlə xalqdan biri olacağıq.

İlkin Rüstəmzadə