"AFFA və klubların biganəliyi futbolumuzdakı problemlərin əsas qaynağıdıır"

"AFFA və klubların biganəliyi futbolumuzdakı problemlərin əsas qaynağıdıır"
7 Aprel 2020
Mətni dəyiş

Uzun illərdi idman jurnalistikasında çalışan, Qol.az saytının baş redaktoru, ekspert Aydın Bağırovdan müsahibə aldıq.

Müsahibədə Azərbaycan futbolunun və idman sahəsinin problemlərindən, onların həlli yollarından, son günlər bütün ölkələrin ən vacib gündəmi olan koronavirus pandemiyasının idman dünyasına təsirindən danışmışıq. Həmçinin, Aydın Bağırovun xatirində iz buraxan bir neçə futbol oyunundan söz açdıq.  Müsahibəni təqdim edirik.

 - Aydın bəy, idman jurnalistikasına gəlməyiniz necə baş verdi?

 - Jurnalistikaya "525-ci qəzet"də başlamışam. İlk yazım 18 yaşım tamam olmayanda, 1998-ci ilin yanvarında çıxıb. "Neftçi"nin bazasına gedib komandadan xəbər hazırlamışdım. İdman jurnalistikasını seçməyim futbola həvəsimin daha çox olması ilə əlaqədar idi. Futbolçu olmalı idim, alınmadı. Gəlib, futbol jurnalisti oldum.  - Demək olar ki, 20 ildir bu sahədəsiniz. İdman jurnalistikasının indiki durumu sizi qane edirmi? - Ümumən qane edir. Düzdür, yetərincə problem də var. Bu, həm peşəkarlıq, həm də iqtisadi vəziyyətlə bağlıdır. Amma bizim idman jurnalistləri arasında - həm TV, həm də yazılı mediada - futbolu yaxşı bilən, ona sağlam qiymət verməyi bacaran xeyli samballı imza var. Daha çox idman mediamızın operativliliyini bəyənirəm. Qüsurlar isə bütün sahələrdə var və mən onsuz da, insanları dilxor edən bu koronavirus dövründə problemlər üzərində durmaq istəməzdim.  - Ölkə futbolumuzun səviyyəsinin günü-gündən aşağı düşməsinin səbəblərini nədə görürsünüz? - Bu sualın cavabı çox uzundur. Amma uşaq futbolundakı problemlər, AFFA və klubların bu sahəyə biganə münasibəti futbolumuzdakı problemlərin əsas qaynağıdıır. İnfrastruktur, məşqçilərin futbol təhsili ilə bağlı ciddi nöqsanlar var. Təəssüf ki, bunların yoluna qoyulmadığı müddətdə bizdə keyfiyyətli oyunçular yetişməyəcək və uğursuzluqlar davam edəcək.  - Yaxın keçmişdə bölgələrimizdə futbolun səviyyəsi daha yaxşı idi, oyunlara xeyli sayda azarkeşlər gəlirdi, çox maraqlı və güclü rəqabət var idi, Yevlaxda, Tovuzda, Lənkəranda, Gəncədə yerli komandaların oyunlarında stadionlar demək olar dolurdu. Komandalar dağıldı, sationlar otlaq sahələrinə döndü, azarkeşlər futbolu unutdu. Bu mövzuda sizin də mətbuatda çox müsahibələriniz olub. Bəs bunların həlli üçün region komandalarının yenidən ölkə futboluna qayıtması, o həyəcanlı rəqabətin yenidən yaranması üçün nələr edilməlidir? Hansı addımlar atılmalıdır? - Reallığı nəzərə alsaq, AFFA-nın büdcəsi bütün bölgələrdə klub saxlamağa imkan vermir. Ümumiyyətlə, federasiyanın klub saxlaması onların müstəqilliyini əlindən alır, AFFA-dan asılı vəziyyətə salır. Ən uyğun variant bölgə futbolunu sponsor şirkətlərin yardımı ilə dirçəltməkdir. Amma məsələ burasındadır ki, sponsor niyə futbola pul buraxsın? İş adamı görür ki, bizdə çempionatda rəqabət yoxdur, klub sabah ona gəlir də gətirməyəcək. Bir ara belə bir təklif oldu ki, futbola sponsorluq edən şirkətlər vergidən azad olunsun. Məncə, bu gün dövlət səviyyəsində belə bir qərar verilsə, böyük şirkətlərin futbola sərmayə qoymasına maraq yaranacaq. Biz bununla bütün bölgələrdə klublar yarada bilərik. İndiki halda isə AFFA-nın maddi dəstəyi ilə azı 2 bölgə şəhərini Premyer Liqaya qaytarmaq olar. - Bu məsələlərdə idman jurnalistlərinin hansı töhvələri ola bilər? Bu barədə idman jurnalistləri olaraq fikir mübadiləsi edirsinizmi? Futbol rəhbərliyinə təkliflər verirsinizmi? - İdman mediasında bununla bağlı yetərincə təklif və yazı olub. Jurnalistlər bu problemi daim gündəmdə saxlayır. Yuxarıdakı cavabda bu təkliflərdən bəzilərinə toxundum.  - Ən böyük problemlərdən biri ölkə çempionatının 8 komanda ilə oynanılmasıdır. Bu məsələnin, bu problemin aradan qalxmağı üçün hansı addımlar atılmalıdır? Siz jurnalistlərin AFFA rəhbərliyinə bu barədə təklifləriniz olub? - Mənə elə gəlir ki, bu sualın da cavabı ümumən daha öncəki cavabda əksini tapıb. Əlbəttə, AFFA rəhbərliyi mediadakı yazılarla tanışdır və məhz tənqidi yazılardan sonra bəzi problemlərin həlli istiqamətində addım atılıb. Futbola cavabdeh şəxslərlə şəxsi görüşlərdə də bu məsələyə dair söhbətlər olur. Amma AFFA-nın fəaliyyətinə çox vaxt tənqidi yanaşan jurnalist olaraq onu qeyd edim ki, bölgələrdə futbolun olmaması təkcə milli assosiasiya ilə bağlı məsələ deyil. Klubların hər birinin özünün sponsoru olmalıdır.  - Aydın Bağırovun stadionda izlədiyi ilk oyun hansıdır? - Canlı izlədiyim ilk matç səkkiz, ya doqquz yaşımda Ağdamın İmarət stadionunda "Qarabağ"ın oyunu olub. 2:1 hesabı ilə qələbə qazanmışdılar. O vaxtlar bütün futbolçular mənə əlçatmaz insanlar kimi görünürdülər.  - Oyunları hansı ölkənin telekanallarından izləməyi xoşlayırsınız? Yerli, türk, ya rus? - Hər üçündə baxıram. Rusiya və türk şərhçiliyini daha çox bəyənirəm. Çalışıram Avropa kuboklarının, xarici çempionatların oyunlarına həmin ölkələrin kanallarında baxım. Bizim şərhçiləri isə ancaq yerli çempionatın matçları zamanı dinləyirəm.  - Yığma komandamızın ən yadda qalan qələbəsi sizin üçün hansı oyunda olub? - Şübhəsiz ki, 1996-cı ildə millimizin İsveçrə üzərində 1:0 hesablı qələbəsini unutmağım mümkün deyil. İlk rəsmi qələbəmiz idi, oyunu "Tofiq Bəhrəmov"da izləmişdim və bu qələbəyə görə sevindiyimdən ağlamışdım. - Yığma komandamızın ən üzüldüyünüz oyunu? - İsveçrə ilə matçdan sonra Bakıda Macarıstanı qəbul edirdik. Hamı qələbə gözlədiyi halda isə səhv etmirəmsə, 0:3 hesabı ilə uduzduq. Çox məyus olmuşdum. Amma jurnalist kimi fəaliyyətə başlayandan sonra məğlubiyyətlərə də, qələbələrə də soyuqqanlı yanaşıram və emosiyalarımı qoruyuram.  - Ölkə çempionatında izlədiyiniz və heç vaxt unutmayacağınız oyun hansıdır? - Yaxşı oyunlar çox olub. Xüsusi olaraq bir matçı qeyd etməyim isə haqlı olmazdı. Amma Azərbaycan çempionatında "Kəpəz", "Xəzər Lənkəran", "Turan" və "Zaqatala" klublarını yenidən görmək istəyirəm. Onlar bizim çempionatı oyunları və azarkeşləri ilə rəng qatarlar.  - Komandalarımızın Avropa liqalarında ən yadda qalan oyunu hansı olub sizin üçün? - Əslən Ağdamdan olan biri kimi 2009-cu ildə keçirilən "Qarabağ" - "Rusenborq" oyununu qeyd edə bilərəm. Ağdamın işğalının 16-cı ildönümü günü "Qarabağ" sensasiyalı qələbə qazanmışdı.  - Milli çempionatımızda oynayan ən yaxşı legioner kim olub? - Albabiyalı Ansi Aqollini həm oyununa, həm də Azərbaycana sadəqətinə görə xüsusi qeyd edə bilərəm. O, bizdə oynamış yeganə əcnəbidir ki, indiyədək bütün söhbətlərimiz Azərbaycan dilində olub. Yadımdadır, Ansi "Qarabağ"a gələndən bir neçə ay sonra ingiliscə mesaj yazmışdım ki, Ansi, how are you? Mənə Ağdam ləhcəsində cavab verdi ki, sağ ol, qaqa, sən nətərsən? Ansi "Qarabağ"dan gedəndən sonra da Azərbaycana bağlılığını dəfələrlə nümayiş etdirib. Mən çox şadam ki, həyatda belə bir insanı şəxsən tanımışam.  - İmarət də izləmək istədiyiniz oyun? - Hansı oyununun olmasının əhəmiyyəti yoxdur. Amma əgər elə bir gün olacaqsa, çox istərdim ki, məhz həmin vaxtda da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov olsun. Ağdamı təmsil edən komandanın uğurlarının memarı kimi, "Qarabağ"ın baş məşqçisi kimi İmarətdə növbəti oyuna çıxarmaq Qurban müəllimin mənəvi haqqıdır.  - Koronavirusun yayılması idman mətbuatına necə təsir edib? - Koronavirus dövrünün mediada ən böyük zərbəsi idman mətbuatına dəyib. İctimai-siyasi saytlar bugünlərdə mövzu və xəbər sarıdan korluq çəkmirlər. Amma bütün dünyada yarışların dayandırılması, əsasən də futbolun olmaması idman saytlarının fəaliyyətinə (digər ölkələrdə də), reytinqinə mənfi təsirini artırmaqdadır. İdman mediası üçün "xəbər böhranı" dərinləşməkdədir. Saytlar oxucularını itirirlər. Məsələn, yüksək reytinqi olan Qol.az-da son 15 gündə itki 6-7 min İP-dir. Bütün bunların baş verməsi isə təəccüblü deyil. Futbol (idman) olmayandan sonra oxucu marağının aşağı düşəcəyi də təbii idi. Amma necə deyərlər, peşəkar media (idman mətbuatı da daxil) belə gözlənilməz vəziyyətlərə hazır olmalıdır. Ən əsası bu çətin durumlarda ruhdan düşməməlidir. Təəssüf ki, anlaşılan səbəblərdən indi bir çox idman saytı depressiv vəziyyətdədir. Lakin hamı kimi, bizim üçün də ən ağır dövr, imtahan indidir ki, öz gücümüz, iradəmiz və inamımızla bu "qara zolaq"dan çıxaq. Yetər ki, dayanmadan, yorulmadan işləyək və yaxşı bir geridönüş edək.
Müsahibə: Səid Rəşidzadə

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun