İqtisadiyyat Nazirliyi dövlət dəstəyində kimə üstünlük veriləcəyinə işarə edib

İqtisadiyyat Nazirliyi dövlət dəstəyində kimə üstünlük veriləcəyinə işarə edib
26 Mart 2020
Mətni dəyiş

Azərbaycan hökuməti dəstək tədbirlərinin müəyyən edilməsi zamanı,həmçinin yaranmış şəraitdə dövlətin çağırışlarına adekvat cavab verən, iş yerlərinin və əmək haqqı fondunun azalmasına yol verməyən, fəaliyyətini şəffaf quran və sosial məsuliyyət nümayiş etdirən hüquqi şəxslərə və sahibkarlara üstünlük verəcək.

Bu barədə martın 25-də koronavirus pandemiyasının, həmçinin dünya bazarında neftin qiymətinin kəskin azalmasının iqtisadiyyata mənfi təsirlərinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış İşçi Qrupun iclasın bəyan edilib.

Turan-ın məlumatına görə, videokonfrans formatında keçirilən iclasda martın 28-ə qədər daha çox zərər çəkmiş iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi üçün zəruri meyar və metodologiya üzrə təkliflərin hazırlanması ilə bağlı qərar qəbul olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, ilkin olaraq 12 biznes fəaliyyəti sahəsi müəyyən edilib, o cümlədən turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s.

“Dövlət çevik və operativ qərarlar qəbul etməyə hazırdır. Lakin zərər çəkən fəaliyyət sahələrinin dəqiq müəyyən edilməsi üçün, ilk növbədə, aydın və şəffaf qiymətləndirmə meyarları hazırlanmalıdır. Bu meyarlar həm sahəvi, həm də subyektlər üzrə ümumi və spesifik xarakter daşıya bilər”, - nazir qeyd edib.

Videokonfransda qeyd olunub ki, dəymiş zərərin qiymətləndirilməsi üçün sahibkarlıq subyektlərinin hesabatlarının dərin təhlilinə zərurət var. Bu, həmçinin mart ayı üzrə təqdim ediləcək maliyyə hesabatlarının təhlili ilə müəyyən ediləcək. Hazırda İqtisadiyyat Nazirliyinin bütün strukturları biznes subyektləri, orta və iri biznes, sahibkarların ictimai birlikləri və ixtisaslaşmış assosiasiyalarla görüşlər keçirir.

İclasda həmçinin ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərilməsi, daha doğrusu durğunluğun qarşısının alınması məsələləri də müzakirə edilib. Bu, iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi, dövlət kreditləşdirmə resurslarının əlçatanlığının asanlaşdırılması, maliyyə bazarlarının sabitliyinin qorunması, ünvanlı dövlət sifarişləri sisteminin tətbiqi və s. kimi istiqamətləri əhatə edəcək, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunub ki, dövlət ölkə vətəndaşlarının sağlamlığının qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə iqtisadiyyatın daralmasına səbəb ola biləcək iqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gedəcək.

Dövlət bu prosesi qarşılamağa hazırdır və yaranmış şəraiti, həmçinin, pandemiyanın yayılmasının qarşısının alınmasından sonra iqtisadiyyatın yeni bir inkişaf xətti olaraq görməkdədir.

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə koronavirus pandemiyasının və xam neftin qiymətinin dəyişməsinin nəticələrinin aradan qaldırılması tədbirləri çərçivəsində iqtisadiyyata dəstək məqsədilə 2020-ci ilin dövlət büdcəsindən 1 mlrd. manat ayrılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun