Dünya birjalarındakı sarsıntılar: Devalvasiya olacaqmı? - İlkin Rüstəmzadə

Dünya birjalarındakı sarsıntılar: Devalvasiya olacaqmı? - İlkin Rüstəmzadə
19 Mart 2020
Mətni dəyiş

Artıq bir müddətdir ki, dünya fond birjalarındakı sirkələnmələr və dünya iqtisadiyyatında gedən zəifləmə prosesi iqtisadiyyatı böyük ölçüdə neftdən, dolayı yolla birjalardakı xəbərlərdən asılı olan ölkəmizdə həyəcanla qarşılanmaqdadır. Son illərdə iki devalvasiya şoku yaşayan cəmiyyətimiz şəffaf və hesabatlı olmayan hökümətin bu durumla bağlı hansı addımları atacağını, eyni zamanda növbəti devalvasiyanın olub-olmayacağını düşünməkdədir. Bəs əslində nə baş verir? Və hökümət baş verənlərə nə dərəcədə hazırlıqlıdır? Ən əsası, prosesi devalvasiyasız ötüşdürmək olacaqmı? Bu yazıda bu suallara aydınlıq gətirməyə çalışacam.

İlk olaraq böhranın nədən qaynaqlandığını izah edək. Dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan Çin, iqtisadiyyatının doyumluluq səviyyəsinə çatmaqdadır. Əsrin əvvəllərindən başlayaraq Çinin öz iqtisadiyyatını forsajlandırması və xüsusilə son 6 ildə iqtisadiyyatının həddindən artıq qızışması ABŞ-ın bir sıra nüfuzlu analitik mərkəzlərinin proqnozlaşdırdığı kimi Çin iqtisadiyyatında resessiya meyllərini gücləndirməkdədir. Hal-hazırda resessiya olmasa da, artıq Çinin iqtisadi artım templəri ötən illərə nisbətən aşağı düşüb. Çinin iqtisadiyyatındakı geriləmələr, avtomatik olaraq başda Çinin əsas ticarət tərəfdaşları olan ABŞ və Aİ olmaqla dünya iqtisadiyyatına da öz təsirini göstərməkdədir. Və bu proses qətiyyən qısamüddətli deyil.

Çində başlayan və yavaş-yavaş dünyaya da təsir edən iqtisadi durğunluq enerji daşıyıcılarının onsuz da ölüm-dirim savaşı yaşanan bazarında çox ciddi dəyişikliklərə səbəb oldu. ABŞ-ın bazara girməsilə düşən neft qiymətlərini sabitləşdirmək üçün razılaşaraq qarşılıqlı hasilatı azaldan OPEK+ ölkələrinin bazarda itirdikləri payın ABŞ-ın neft hasilatçıları tərəfindən tutulmasını və hasilatın onlardan kənar mənbələr hesabına yavaş-yavaş əvvəlki səviyyəsinə qalxmasını narahatlıqla müşahidə etdiyi dönəmdə neftə olan tələbatın azalması OPEK+ formatını havaya uçurtdu. Dünənədək enerji müttəfiqi olan dövlətlər əvvəlki bazar paylarını bərpa etmək uğrunda bir-birlərinin xirtdəklərindən yapışmaq anlamına gələn hasilat artımına başladılar. Onsuz da təklifin yüksək tələbin zəif olduğu enerji bazarına çıxarılan əlavə neft birjaları silkələdi, neft son illərdəki minimumlarına yaxınlaşdı.

Bəs necə olacaq? Bu vəziyyət uzunmüddətlidirmi?

Fond birjalarından başlayaq. Dünya fond birjalarında ən böyük portfel idarəçiliyinə sahib olan "J.P.Morgan", "Goldman Sachs", "Citygroup" və digər bir çox güclü kompaniyalar neftlə və ABŞ istiqrazlarını çıxmaq şərtilə qiymətli kağızlarla bağlı aktivləri ilə bağlı ortamüddətli perspektiv üçün satış mövqeləri seçiblər. Bu o deməkdir ki, dünya nəhəngləri yaxın aylarda nə dünya iqtisadiyyatında, nə də enerji bazarında müsbət dəyişiklik gözləmirlər. Üstəlik, son 1 həftədir fond birjaları treyderlərin daimi öyrəşdikləri, öz kimyasını tamamilə dəyişib. Qanunauyğunluqlar itib. Xaos vəziyyəti hakimdir. Məsələn, dünən ABŞ FED-i dolların uçot dərəcəsini aşağı saldı, bazara əlavə olaraq 700 milyard dollarlıq valyuta təşviq paketi çıxaracağını açıqladı. Normalda bu, dolların 1-2% ucuzlaşmasına səbəb olmalıydı, amma olmadı. Və ya keçən həftə dolların indeksinin və digər valyutalara qarşı məzənnəsinin düşməsi dollarla satılan neftin qiymətlərini qismən bahalaşdırmalı idi, amma olmadı (çox cüzi, korelyasiya səciyyəli artımı saymasaq). Həmçinin, Almaniyanın maliyyə naziri Olaf Şoltz II dünya müharibəsindən sonrakı dövlətin ən böyük xilas paketini - 550 milyard dollarlıq - və limitsiz kredit vədini elan etdi, avro ucuzlaşmadı. Ənənəvi risksiz aktiv hesab olunan, iqtisadi böhranlar zamanı qiyməti yüksələn qızıl, qiymət itirməkdədir. Son illərin rəğbət görən yatırım alətləri - kriptovalyutalar çöküşdədirlər. Volatillik olduqca güclüdür və proqnozlaşdırılmayandır. Siyahını uzatmaq olar. Lakin bir şey aydındır: dünya fond birjaları böyük panikadadırlar və yaxşıya doğru ümidlər çox azdır.

Gələk ölkəmizə. Onsuz da şəffaflığın olmadığı və hər ötən gün sürətlə mərkəzləşdirilən iqtisadiyyatımızın 90%-nin neftdən asılı olması avtomatik olaraq beyinlərdə "növbəti devalvasiya olacaqmı?" sualını doğurur. Neft fondunun likvid aktivləri və Mərkəzi Bankın aktivləri ilə bağlı susqunluq nümayiş etdirməsi, eləcə də əhalidəki vəsaitlərin yarada biləcəyi potensial dollar tələbi və manata pressinqlə bağlı dəyərli iqtisadçılarımız kifayət qədər geniş yazıblar. Cəmiyyətin məlumat sahibi olduğu bu mövzuya toxunmadan, sadəcə onu qeyd edə bilərəm ki, dünyanın bütün iqtisadi nəhənglərinin ən optimist ssenarində iqtisadi durğunluq gözlədikləri, eləcə də Səudiyyə Ərəbistanının təzyiqləri qarşısında anlaşmaya meyilli olmayan Rusiyanın sərt duruşu şəraitində neftlə bağlı optimizm heç də adekvat yanaşma deyil. Üstəlik, birja treyderlərinin ortaq "düşüş, ardınca qalxış" ənənəvi baxışı bütün oyun qaydalarının tapdandığı fond birjalarında artıq keçərli deyil. Neftin hansı səviyyəyə kimi düşə biləcəyini heç kim dəqiq bilmir. Belə olan halda, hal-hazırda Neft Fondu və Mərkəzi Bank öz valyuta ehtiyyatlarını tükətməklə məşğuldur. Bunun isə nə vaxta qədər davam edəcəyi məlum deyil. Elman Rüstəmovun danışdı "B" planının açıqlaması da belədir:

"Hökümət mümkün olduğu qədər dözməyə çalışacaq. Lakin aktivlərin sürətlə tükənməsi və risklərin yaranması halında artıq valyuta rezervlərini qorumağa qərar verəcək və hansısa formada devalvasiyaya qərar verəcək".

Bəs hökümət nə qədər dözə bilər? Neft qiymətlərinin 30 dollar səviyyəsində məncə maya qədər gözləyəcəklər. Əgər neft qiymətləri 40 dollar civarında olsa, mümkün devalvasiya sentyabra qədər təxirə salına bilər. Devalvasiya riskinin tam aradan qalxması üçün neft qiymətləri 50 dolların üzərinə qalxmalıdır.

Bu isə iqtisadiyyatın qumar formasıdır. Ötən iki devalvasiyada əvvəlcə üzən məzənnə, ardınca tənzimlənən üzən məzənnə oyunları oynayan, cəmiyyət devalvasiyanı həzm etdikdən sonra ənənəvi inzibati tənzimləmə metodlarına qayıdan Mərkəzi Bank iqtisadi qanunlara bir an öncə qayıtmalıdır. Manatın məzənnəsini isə MB yox, bazar formalaşdırmalıdır. Bu olmadığı müddətcə onsuz da neftdən asılı olan iqtisadiyyatımız fond birjalarındakı çalxalanmaların əsarətində qalmağa davam edəcək.

İlkin Rüstəmzadə

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun