MSK Mehman Hüseynovun Fərəc Quliyev tərəfindən ələ alınması ilə bağlı şikayətinə baxacaq

MSK Mehman Hüseynovun Fərəc Quliyev tərəfindən ələ alınması ilə bağlı şikayətinə baxacaq
5 Fevral 2020
Mətni dəyiş
31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, bloger Mehman Hüseynovun parlament seçkilərində rəqibi Fərəc Quliyev tərəfindən ələ alınması ilə bağlı şikayətinə fevralın 5-də saat 16:00-da MSK-nın iclasında baxılacaq. Bu barədə Turan-a MSK-dakı mənbə bildirib. O, mümkün qərar barədə danışmaqdan çəkinərək qeyd edib ki,  MSK şikayəti araşdıran ekspert qrupunun rəyini dinləyəcək. M.Hüseynov özü isə bildirib ki, hələlik iclasa dəvət olunmayıb. “Dünən mənə dedilər ki, əgər fevralın 5-də iclas olsa, şikayətimə baxılacaq. Ancaq məni çağırıb-çağırmayacaqlarını bilmirəm”, - M. Hüseynov Turan-a bildirib. Xatırladaq ki, fevralın 1-də M.Hüseynov Fərəc Quliyevlə söhbətinin audioyazısını yayımlayıb. O, blogerə 15 min manat qarşılığında namizədliyini geri götürməyi təklif edir. F.Quliyev audioyazının həqiqi olduğunu etiraf edib, bildirib ki, pulu onu ələ almaq üçün deyil, müalicə üçün təklif edib. Hüquqşünaslar F.Quliyevin hərəkətində cinayət əməlinin əlamətləri olduğunu və namizədliyinin ləğv edilməli olduğuna dair fikirlər səsləndiriblər. Fərəc Quliyev 2000-ci illərin əvvəllərində müxalif düşərgəsindən ayrılıb hakimiyyət tərəfinə keçməsi ilə tanınır. 1995-ci ildə mühakimə olunub və bir neçə il həbsxanada qalıb. 2002-ci ildə əfv edilib və azadlığa buraxıldıqdan sonra keçmiş tərəfdaşlarını - demokratları və Xalq Cəbhəsi tərəfdarlarını kəskin tənqid etməyə başlayıb. 2010 və 2015-ci illərdə F.Quliyev Milli Dirçəliş Hərəkatı Partiyasının sədri kimi parlamentin deputatı seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun