Zelenskinin inklüziv millətçiliyi - Bəhruz Səmədov

Zelenskinin inklüziv millətçiliyi - Bəhruz Səmədov
9 Yanvar 2020
Mətni dəyiş

Ukrayna prezidenti Vladimir Zelenskinin Yeni il çıxışı həm Ukryanda da, həm də rusdilli ölkələrdə böyük maraq cəlb etdi. Həqiqətən də, çıxış çox güclü idi. Onun gücü inklüzivlikdə gizlənib – yəni, Zelenski öz çıxışı ilə bütöv və birləşmiş Ukrayna millətini artikulyasiya etdi.

V. Zelenskinin proqressiv populist olması artıq qeyd edilib. Onun antielitist, etnik millətçilikdən uzaq və yeni sosial qruplara açıq olan populist strategiyası onu sələfi Poroşenkodan fərqləndirən mühim tərəflərindən idi və seçilməsində böyük rol oynadı. Öz birləşdirici ritorikasını davam etdirən Zelenski, Yeni il çıxışı ilə daha çox müsbət reaksiyalar qazandı. Maraqlısı budur ki, Zelenski öz çıxışını sırf gələcəyə yönləndirmişdi. Burada vacib qeyd edilməlidir: Ukraynada ölkənin yaxın keçmişi ilə bağlı birmənalı münasibət mövcud deyil. Millətçi və liberallara görə Maydan hərəkatı ölkə üçün ən vacib pozitiv hadisədir, digərlərinə görə isə bu o qədər də birmənalı deyil.

Keçmiş Maydan hadisələri zamanı bir çoxları Ukraynada yeni vətəndaş millətçiliyinin əsasının qoyulduğunu düşünürdü. Belə fikir var idi ki, artıq etnik millətçiliyin vaxtı keçib, indi inklüziv, proqressiv, vətəndaşlıq əsasında yaranmış liberal millətçilik Ukrayna milli kimliyinin əsasında olacaq. Əksi baş verdi: etnik millətçiliyə köklənmiş Poroşenko dövründə həm müharibə alovlandı, həm də Ukrayna dilinin əsas tədris dili olması qanuniləşdirildi. Radikal millətçi qrupların sayı artdı, faşizmə rəğbət bəsləyən qruplar romlara (qaraçılara) hücumlar etdilər, paramilitarist təşkilatlar böyüdülər.

Zelenski isə öz çıxışında həm tatarca, həm də macarca təbrik ifadələri işlətdi. O öz çıxışında ümumiyyətlə Maydan hərəkatı haqda danışmadı. Maydanın milli kimliyi onun doğru interpretasiyası üzərində qurulmuşdu (Avropalı etnik Ukraynalılar vs. Rusiya və ruspərəst satqınlar), Zelenski üçün isə milli birlik Maydandan daha vacibdir. Ona görə də o, Ukraynanın işıqlı, proqressiv və sülhpərvər gələcəyi haqda danışaraq, qəlbləri fəth etməyi bacardı.

Beləliklə, inklüziv millətçiliyin mümkün olduğunu gördük. Xalqın (the People) süverenliyi üzərində qurulmuş və etnik qrupların hamısını “xalqdan biri” hesab edən bu cür populizm həm klassik, həm də sol populist hərəkatlarda yayğın olub. Sağçı millətçi populizmdən fərqli olaraq, bu populizm sıxışdırılmış qruplar arasında daxil düşmən axtarışında deyil, keçmiş problemləri qabartmır və ortaq proyekt olan gələcəyə köklənib. Bu strategiya siyasi uğur qazanmağın əsaslarındandır.

Bəs bu cür populizmin düşmən obrazı kimdə ehtiva olunur?

Təbii ki, rəqibsiz siyasət yürütmək mümkün deyil. Proqressiv populizm müxalifətdə olduqda, onun rəqibi hakimiyyət və müəyyən elitalar olur. Hakimiyyətə gəldiksə isə, bu obraz ölkənin keçmişinə və ya daxili rəqib partiyalara yönələ bilər. Ancaq bu, təbii ki, rəqabət münasibətləri deməkdir, düşmənçilik yox.

Bəhruz Səmədov

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun