Vəkil: "10 yaşlı Nərmini ölümündə ittiham olunan şəxsdən ifadələr işgəncə altında alınıb"

Vəkil: "10 yaşlı Nərmini ölümündə ittiham olunan şəxsdən ifadələr işgəncə altında alınıb"
24 Yanvar 2020
Mətni dəyiş
Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanı qaçırmaqda və öldürməkdə təqsirləndirilən İlkin Süleymanov Apellyasiya Məhkəməsində bildirib ki, etirafedici ifadəni işgəncələr altında verib. Bu barədə “Azadlıq” radiosuna onun vəkili Əlibaba Rzayev bildirib. İ.Süleymanova qarşı CM-in 120.2.9 ((təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. Tovuz Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Müdafiə tərəfi apellyasiya verib. Apellyasiyaya  Bakının Sabunçu Rayon Məhkəməsinin binasında  Gəncə Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən baxılıb. Vəkilin sözlərinə görə, İ.Süleymanov Apellyasiya Məhkəməsində bildirib ki, N.Quliyevanın qaçırılması və öldürülməsi barədə ifadəni işgəncə altında verib. “O deyib ki, belə bir şey olmayıb,  bütün bunlar uydurma ssenaridir”, - vəkil qeyd edib. Onun sözlərinə görə, İ.Süleymanovun bədənində zorakılıq izləri var. Müdafiə tərəfi məhkəmənin işgəncələr və digər prosessual pozuntularla bağlı ayrıca qərar qəbul etməsi və bunun araşdırılması üçün prokurora təqdim  etməsi üçün vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti və şikayəti təmin etməyib. Öz növbəsində Baş Prokurorluq vəkilin işgəncə barədə dediklərini rədd edib. Baş Prokurorluğun bildirdiyinə görə, İ.Süleymanov 1 saylı Bakı İstintaq Təcridxanasına qəbul olunduqda müayinə edilib və onun bədənində zorakılıq əlamətləri olmayıb. Lakin İ.Süleymanovun bacısı və atası bildiriblər ki, İlkinə işgəncə verə bilərdilər və onun ifadəsi başqa xətlə yazılıb. Görünür, prokurorluq özünə sərf etməyən başqa bir vəkili kənarlaşdırmaq niyyətindədir və onun hərəkətlərindən Vəkillər Kollegiyasına şikayət edəcək. Xatırladaq ki, N.Quliyeva 21 noyabr 2019-cu ildə Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da həmin kənddə onun yanmış cəsədi aşkar edilib. Yanvarın 10-da 47 yaşlı İ.Süleymanov saxlanılıb. İrəli sürülən ittihamlara görə, onu  CM-i 145.2.3 (3 ildən 5 ilədək həbs cəzası) və 120.2.9 (14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası) maddələri ilə həbs cəzası gözləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun