Texniki Universitetin dekanı qanunsuz pul yığdığına görə işdən çıxarılıb

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev universitetin Xüsusi Texnika və Texnologiya fakültəsinin dekanı Ramiz Hüseynovu vəzifəsindən azad edib.

Universitetin rektoru Vilayət Vəliyev report.az saytına özü bu barədə danışıb. Rektor R.Hüseynovu tələbələrə qanunsuz olaraq formalar tətbiq etdiyinə görə vəzifəsindən kənarlaşdırdığını deyib.

Onun sözlərinə görə, Ramiz Hüseynov işində nöqsanlara yol verdiyi üçün öz xahişi ilə vəzifəsindən çıxarılıb. Rektor bildirib ki, nöqsanı tələbələrə özbaşına xüsusi geyim formaları tətbiq etməkdədir və qeyd edib ki, ona dəfələrlə xəbərdarlıq olunsa da, buna məhəl qoymayıb:

“Universitetin əsasnaməsində yazılıb ki, tələbələrə xüsusi formalar tətbiq edilə bilməz. O tələbələri məcbur edib ki, xüsusi geyim formaları alsınlar və formalarla bağlı pul yığıb. İşdən çıxması ilə bağlı yazdığı ərizədə də öz məsuliyyətini boynuna alıb. Ərizəsində həmçinin yazıb ki, tələbələrin hər hansı iddiası olarsa, cavab verəcək. Hətta həmin formanı geyinən tələbələri polis saxlayıb, soruşub ki, formanı hardan almısınız? Sonra həmin tələbələr sərbəst buraxılıb”.

Eyni zamanda, AzTU-nun Tədris hissəsinin müdiri İmran Yolçuyev səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qəzənfər Bayramov Ramiz Hüseynovun 1 ay əvvəl vəzifəsindən çıxarıldığını, bunun yeni rektorun apardığı islahatlarla əlaqələndirib:

“Başqa məsələ ola bilməz, Ramiz Hüseynov barəsində deyilənlər doğru deyil. Sadəcə, yeni rektor islahatlar aparır. Yəni bundan sonra dekanlar seçki nəticəsində təyin olunacaq”.

Amma universitetin mətbuat katibi Sevinc İsgəndərova rektor Vilayət Vəliyevin söylədiklərini təsdiqləyib:

“Bəli, islahatlar onsuz da aparılır. Amma Ramiz Hüseynov işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb”.