Parlament seçkilərində vətəndaşlarla görüş üçün yerlər ayrılıb

Parlament seçkilərində vətəndaşlarla görüş üçün yerlər ayrılıb
11 Yanvar 2020
Mətni dəyiş

Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısını açıqlayıb.

Bu barədə MSK-dan bildiriblər. Məlumata görə, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.

Hazırda növbədənkənar parlament seçkilərində qeydiyyat mərhələsidir. Bu gün, yanvarın 10-u saat 18-də namizədlərin imza vərəqələrini dairə seçki komissiyalarına təqdim etmə müddəti başa çatacaq. Daha bir həftə qeydiyyat mərhələsi davam edəcək.

Təşviqat mərhələsi yanvarın 17-də başlanır, fevralın 8-i saat 8:00-da isə dayandırılmalıdır.

Xatırlatma

Ötən ilin noyabrında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının tövsiyəsi ilə bu partiyadan olan deputatlar ölkə rəhbərliyinə parlamentin buraxılması barədə müraciət göndəriblər. YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Prezident də öz növbəsində seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun